Modern.az

Gənclər peşələrini özləri seçirmi?

Gənclər peşələrini özləri seçirmi?

30 May 2012, 15:53

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Mövzuya bir qədər fərqli yanaşmağa çalışaraq, statistikaya müraciət etməkdənsə, 8 illik ali təhsil həyatıma əsaslanaraq müəyyən bir ümumiləşdirmə aparmağa çalışacam. Çünki bütün bu illər ərzində qarşıma çıxan tələbələrin peşə seçiminin bir qisminin onların həyatını hələ gənc yaşlarında qurmaqlarında nə qədər önəmli rol oynadığının şahidi olduğum kimi, eyni zamanda bir qisminin də həyatlarının mühüm bir mərhələsində yanlış seçim etməklə sonrakı həyatlarını nə qədər yanlış yönləndirdiklərini müşahidə etmişəm.

Gənclərimizin peşə seçimi çox mühüm, həyati məsələdir. Çünki peşə insanın şəxsiyyətini formalaşdıran ən mühüm amillərdən biridir.

Peşə seçimi  əslində  cəmiyyətimizin bir çox xüsusiyyətlərini özündə əks etdirən bir hadisədir. Hansılarımı?  Məsələn, bir də görürsən ki, Texniki universitetin dağ-mədən geologiyası ixtisası üzrə (ixtisasın adını səhv yazmış ola bilərəm) 30 nəfər oğlan və 1 qız tələbə təhsil alır.  Bir qədər maraqlanandan sonra məlum olur ki, bu qız nişanlıdır və  universiteti bitirdikdən sonra bir Aran şəhərində (məsələn, Ucarda) yaşayacaq. Təbii ki, Azərbaycan reallığında heç bir azərbaycanlı ailə və ya kişi onun ixtisası üzrə işləməsinə imkan verməyəcək. Yəni bu qız diplomunu cehiz olaraq aparacaq və 5 il qazandığı biliklər ona lazım olmayacaq. Bu cür nümunələr az olsa da, kifayət qədərdir və belə demək mümkünsə həmin kateqoriyaya aid olan misalların ən parlağıdır. Cəmiyyətimizdə “Qız övladın oxuması, oğlandan da vacibdir” – kimi çox gözəl bir mülahizə mövcuddur. Və bir çox valideynlər qızlarının təhsil almasına çalışır. Amma təəssüflər olsun ki, onlar övladının nəyin bahasına olursa-olsun  ali təhsil almasına çalışarkən, onun imtahandan yığdığı balının uyğun gəldiyi hər hansı ixtisasa üzrə qəbul olunması üçün bütün maddi imkanlarını səfərbər edərkən düşünməlidirlər ki, bu cür yanlış seçimlərlə əslində öz məqsədlərinə də xilaf çıxırlar. Çünki qız övladın təhsil almasını istəyən valideyn onun gələcəkdə heç kimdən asılı olmamasını, ailəsinə müəyyən maddi kömək göstərməsini öngörsələr də belə ixtisaslı bir qadının iş tapması mümkün olmur, digər tərəfdən həmin tələbə kiminsə yerini tutmuş olur.

Başqa bir situasiya: pedaqoji fakültənin hər hansı ixtisası üzrə təhsil alan oğlandan ixtisasını soruşanda, məsələn “Tarix müəllimi, onsuz da müəllim işləməyəcəm ki...” kimi bir cavab ala bilirik. Və görün burdan nə qədər vacib məsələlər törəyir: 1. tələbə təhsilindən zövq almır, çünki bu sahə üzrə işləməyəcəyini özü üçün yəqinləşdirib və motivasiyası yoxdur; 2. Deməli, o, ya dərslərdə iştirak etmir, ya da vaxtını başqa cür keçirir, bununla da başqalarına da mane olur; 3. Təbii ki, bu sahə üzrə işləməsi çətinləşəcək, bəlkə də mümkün olmayacaq;  4. Bütün bunlarla da dövlətin və ya valideynin bu gənc üçün sərf etdiyi xərclər bir tərəfə, müasir dünyanın ən böyük və qiymətli dəyəri hesab edilən vaxtını itirir, özü də nə az, nə azacıq – 4 ilini. Burada kiçik bir haşiyə: Düzdür, sual çıxa bilər ki, bəs bizə kişi  müəllimlər lazım deyilmi? Təbii ki, lazımdır, məktəblərin kollektivinin “qadınlaşması” heç kimə sirr deyil və bunun mənfi nəticələri hələ uzun müddət təsirini göstərəcək. Amma yenə reallığa dönsək, müəyyən obyektiv və subyektiv səbəblərdən  gənc oğlanların çoxunu müəllim işləmək perspektivi cəlb etmir.  Və qoyduğumuz problem də bu deyil. Qayıdaq mövzumuza: həmin gənc ətrafının, xüsusən də valideynin istək və arzularını nəzərə alaraq ali təhsil almaq istəməsəydi, bəlkə də yüksək ixtisaslı bir çilingər olar və inşaat sektorunun sürətlə inkişaf etdiyi ölkəmizdə özünə kifayət qədər yüksək gəlirli bir iş tapardı. Burada, daha bir maraqlı nüans üzə çıxır:  bəlkə də həmin oğlan (və onun kimilər) o fakültəyə sənəd verməsə, bu qədər böyük müsabiqə yaranmayacaq və birinci nümunədəki qız (və onun kimilər) həmin ixtisasa qəbul olub öz regionunda istədiyi kimi iş tapacaqdı. Bu yerdə xalq şairi Qabilin misraları yada düşür: Qiyamət oluruq, biz səhv düşəndə yerimiz...

Digər bir kateqoriyaya mənsub olan səhvlər isə həm valideynlərin, həm də gənclərin öz səhvləri ilə bağlı olur. Bu artıq, hər hansı ixtisas üzrə təhsil almaqla bağlı deyil, cəmiyyətdə yüksək gəlirli, yüksək sosial status vəd etdiyi güman edilən ixtisaslarla bağlıdır. Burada da bir neçə kateqoriyalar var. Bir nümunə göstərək: regiondan və ya paytaxtdan olan aşağı gəlir səviyyəsinə malik bir ailənin övladı savadlı olmasını əsas götürərək, ətrafdakıların da təşviqi ilə beynəlxalq hüquq (münasibətlər) ixtisasına daxil olur. Hamı da onu “sən səfir olacaqsan” deyə ruhlandırır. Halbuki bütün inkişaf etmiş dövrlərdə hələ ötən əsrlərdən bəri yalnız yüksək gəlirli ailələrin övladları müəyyən ixtisasları seçə bilir. Diplomatiya da bu qəbildəndir, çünki, bu ixtisas yalnız ali məktəblə məhdudlaşmır, klassik diplomatiya təhsili verən universitetlərdə (Harvard, Oksford, Kembric və s.)  diplomdan sonrakı təhsil, heç olmasa bir neçə xarici dil məktəbi və ya təcrübə keçmək gərəkdirir. Bunların hamısı kifayət qədər zaman və xərc aparır. Üstəlik bunun müqabilində, heç də hər kəs dərhal səfir olmur. Hətta Böyük Britaniya kimi kifayət qədər yüksək gəlir səviyyəli ölkədə belə ötən əsrin əvvəllərinə kimi yalnız zadəganların uşaqları diplomatiyaya gedirdi. Çünki bu sahə üzrə karyeranın ilk pillələrində əmək haqqı o qədər də yüksək olmur. Və beləliklə haqqında yuxarıda bəhs etdiyimiz savadlı, yüksək balla universitetə daxil olan tələbə bütün təhsili müddətində yüksək qiymətlərlə oxusa da, sonda iş tapmaq şansı sıfıra yaxın olduğundan bir müddət sonra  hər yerdən əli üzülür, başqa sahə üzrə işləməyə məcbur olur. Yenə də peşə təhsili ilə paralellər aparsaq, bu yaxınlarda bir tanışımdan eşitdiyim söhbət məni heyrətə gətirdi.  Ölkəmizdəki xarici neft şirkətlərindən birinə sualtı qaynaq mütəxəssisi tələb edilirdi. Əmək haqqı isə olduqca yüksək idi.  Ancaq axtarışlar səmərəsiz qalmışdı. Məcbur olub xaricdən mütəxəssis dəvət edilmişdi. Təəssüf ki, cəmiyyətdə belə bir assosiasiya var ki, əgər kimsə savadlıdırsa, bir neçə dil bilirsə, mütləq ali təhsil aparmalıdır.

Bu kateqoriyadan olan digər nümunə: orta və yüksək gəlirli tipik bir azərbaycanlı ailənin başçıları “qızımızı həkim olmalıdır” deyir və heç bir həvəsi olmayan qızını  bu sahəyə yönəlməyə məcbur edir, qız ali məktəbə daxil olur və 6 il ərzində sevmədiyi, kifayət qədər çətin fənləri birtəhər oxuyur. Bəzi hallarda, (üstəlik, cəmiyyətimizdə həkim qızlarımızın arzu olunan “gəlin” olduqlarını və qızlarımızın 50%-nin 22-24 yaşlarda ailə qurduğunu nəzərə alsaq) bu qızlar universitetdə təhsil aldığı müddətdə ailə qurur və istəmədiyi,ona çətin gələn fənlərin üstünə bir də məişət qayğıları gəlir. Və nəticədə bu gün bir çoxlarının səhiyyədə savadlı kadrların çatışmadığı bir situasiya ilə razılaşdıqlarını nəzərə alsaq, bu gənclərimiz də vəziyyətin qalmasına “yardımçı” olur.

Neqativ halları müəyyən qədər əhatə etməyə çalışdım. Cəmiyyətimizdə gənclər arasındakı işsizlik probleminə gəldikdə isə, məncə, məhz gənclər arasında işsizlik problemi daha yaşlı nəsildən fərqli xarakter daşıyır. Yəni, orta yaşlı nəslin işsizlik probleminin səbəbləri ilə gənclərin işsizlik problemi fərqli xarakter daşıyır. Birincilərin probleminin həlli daha çox dövlətdən asılı olduğu halda, ikincilərin əksər halda öz əlində olur. Əslində bu mövzu da olduqca genişdir və aşağıda qısaca ifadə etməyə çalışacam.

35-50(55) yaş kateqoriyasından olan işsizlər həm sovet, həm də müstəqillik dövrünü görmüş, daha doğrusu gənclikləri (erkən gənclikləri) müstəqillik və sovet dövrünə düşmüş, yaşları etibarı ilə Qarabağ müharibəsində döyüşmüş, indi ailə qayğıları ilə yüklənmiş insanlardır. Bu insanlara sovet dövründə “sən gəncsən çəkil, vaxtı gələndə irəli gedərsən” deyilmişdi. Müstəqillik dövründə isə artıq gənclərə yol açıldı. Mən onları Müstəqilliyimizin
“İtirilmiş nəsli” adlandırıram, çünki onlar müəyyən quruluşda yaşamaq üçün hazırlanmışdı və bu quruluş dağıldı, onların isə heç də hamısı adaptasiya olunmaq imkanı qazana bilmədi. Zavodlar, fabriklər, kolxozlar bağlandı və bu insanların bir çoxu yeni həyat qarşısında silahsız qaldı (bir qismi ticarətə yönəldi, başqa bir qismi isə cəmiyyətdə tutduğu yeri baxımından (ali təhsilli və ziyalılar) başqa qazanc yeri axtarışlarına çıxmalı oldular və s.). Və bu insanların bir çoxunun müəyyən yeni vərdişlər qazanması mümkünsüz oldu, əslində heç lazım da deyildi. Məsələn, işinin peşəkarı olan 3 uşaq atası bir mexanikdən zamanı tələbləri olaraq qəbul edilən kompüter və xarici dil öyrənməsini gözləmək nə qədər doğrudur? Halbuki təzə açılan iş yerlərinin bir çoxu bu tələbləri qoyur, üstəlik gənclərə üstünlük verir.

Gənclərdə isə vəziyyət fərqlidir, onların çoxunun işsizlik səbəbi heç də onlardan asılı olmayan amillərdən irəli gəlmir. Çünki həyata yeni başlayan bir gənc bir çox yerlərdə işləyə, özünü istədiyi qədər təkmilləşə, bir sözlə zamanın tələblərinə uyğunlaşa bilər. Gənclərdən indiki zamanda yalnız düzgün seçimlər etmək, sənətinə yiyələnmək, bağlı olmaq tələb edilir.

 

Turac Teyyubqızı
BDU, II kurs magistrant

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı