Modern.az

Qələmə və sözə məcnun Şirin…

Qələmə və sözə məcnun Şirin…

12 İyun 2012, 10:28

Bir şair fəryadını, ürək yanğılarını, göylərə bülənd olub ərşə çəkilən ahını, XX1 əsrin qadın poeziya öndərlərindən olan Şirin xanım Kərimbəyli Şadimanın kitabına qoyduğu «Ay adamlar, mən burdayam» adında gördüm. Bəli, gördüm və duydum. Duydum və mənəvi yükü yaşadım. Fikirin, sözün, məntiqin sanbalını idrak tərəzisinə qoydum. Şirin xanım Şadimanın bugünki ədəbiyyatımızda olması ilə fəxarət hissi keçirdim.

Bəli, ay adamlar, ay ədəbiyyat, poeziya sevərlər, sözə, sənətə qiymət verənlər, Şirin xanım  bütöv məntiqi, sivil dünyagörüşü, dünyaya nikbin baxışı ilə burdadır, sizin aranızda, sizin, sıranızdadır. Əcəba, siz hardasınız?! Onu görürsünüzmü, duyursunuzmu, yazdıqlarına dəyər verə bilirsinizmi?! Yəni bir hal-əhval soruşmağa dəyməzmi?! Bu sözləri mən dedim (Fəridə Ləman). Amma müəllif heç onun halını soruşmağı da istəmir və deyir:-Ay yoldan keçən, ay qənşərimə çıxan halımı soruşma, Allah, soruşma deyir. Deyəcəm ki, yaxşı, pis, ya da babat. Şeir yazanın halı necə olacaq, dərdin içində üzənin, bir udum nəfəsə pəncərə gözlüyü bağlanan, qələmə Məcnun olanın halı necə olacaq? Soruşma halımı qoy cızma-qaramla məşğul olum.

Güney arzuları quzeydə qərar tutanın, torpaqları yağı əlində mələyənin, əsir gəlinlərin fəryadına gözləri tor tutdu anaların, çarəsiz bir təəssüb keşiyində qələmini, sözün gücünü, işğal altında qalan Torpaqların «günahkarı» sayan yazarın, təbəssümü üzündə donan körpənin halını görən, dünyanı palaza bükən kimi bir anda bürüb-büküb qabağına alıb aparan sunamilərin, qasırğa və tufanların, nahaq tökülən qanların səbəbini bilən qələm əhlinin halı necə olacaq??

Şirin xanım Şadiman dərdi içinə gülə-gülə sıxıb kəlməyə, misraya döndərir, şeirə çevirir. Bu şeirlərin mənəvi yükü, ali sanbalı çox dəyərlidir. Azərbaycan dilinin söz xəzinəsini özünün Allah vergisi, möcüzə gözü ilə ipə, sapa düzür düşünür, düşündürür.

                          Haqqın qeydinə qalan az,
                          Meylini düzlüyə salan az,
                          Zamanıyla olan az.

Şirin xanım haqq adamıdı. Dünyaya çox vaxt üzüdönük deyirik. Əsla belə deyil! Elə deyəsən üzüdönük biz bəndələrik. «Əzrayıl dalımızca gəzir» deyən müəllif kimsədə bir xof yaratmaq üçün bu sözləri demir, o, «yaltaqlıqdan əyilən qəddləri»; «lovğalıqla keçilən sədləri»; «Sərvəti sərvət üstə yığanları» ayıltmaq istəyir, günahkarları deyəsən İsrafilin suru ayıldacaq. «Biz bu dünyaya nəzir» deyən yazar şeytanın şərindən qorunmaq üçün bir olan Allahı unutmamağı, onun ətəyindən yapışmağı «Vaxtımız dalımızca gəzir» şerində tövsiyyə edir.

                         Unutmayaq Allahımızı,
                         Artırmayaq günahımızı,
                         Rəbb eşitmir heç ahımızı,
                         Dərdə tutub sabahımızı,
                         Özümüzü haqqa bağlayaq.                      

Yaradanın ruzisi ilə qarnı toxların Allahlıq iddiası yeri, göyü, bəşər aləmini qəmə-qadaya sürükləyib. Amma müəllifin iç dünyası o işıqla nurlanır, dili o nurla şükranlanır. Onun «Şükür sənə, Allahım» şeiri elə bu istəklə avazlanır:            

                             Zülmətin qoluzorlu,
                             Sübhün gözləri nurlu,
                             Aləm necə qürurlu!
                             Günəşdən zər saçılır,

                             Qaranlıqlar qaçılır.
                             Yenə səhər açılır
                             Göydə, yerdə tək şahım,
                             Şükür sənə, Allahım.

Şirin xanımın heç bir şeirini ötəri oxuyub keçmək olmur. «Məhkumam bu dünyada yaşamağa» deyir şairə. Elə bu şeir kitabının özü qədər bu fikirə əsər yazmaq olar. Müəllif ürəyindən axan qanı bu gün bəşəriyyətdə tökülən saysız-hesabsız «qanlara» bənzədir. Toxu acına dırmaşan, əyrisi düzünü əyən, imanı günaha bağlanan, əli Allahın dərgahından boş qayıdan, içinin qarası üzünə çıxan şair «bu dünyada yaşamağa məhkumam» deyir.

Şairə şeirlərində tez-tez şahmat gedişi edərək oxucusunu mat qoyur. «Yabısı tufana düşmüş zaman böyürür» deyir müəllif. Onun «Bu dünya üzü» şeiri bizə bu bilməcələri açıqlayır. Amma görəsən zamanın böyürtüsünü duyan varmı, kar qulaqlara bu böyürtünün mahiyyəti nədir?!

                          Bu dünya üzü nehrətək çalxalanır,
                         Bilmirəm kimə arxalanır?
                          Dəlisi ağıllısına hakim,
                          Xəstəsi loğmanına həkim

Bu təzadlar dünyasında qərar tutmaq, şair dünyanın taleyini öz fikir dünyasında daha çox çək-çevir edir, olanların düşüncə tərzinin xəlbir-ələyindən keçirir. Dünyanın boz üzündən boş üzünə, daş üzündən xoş üzünə nə varsa ölçür-biçir, dünyanın özü kimi min bir hala düşür.

«Zaman yaşda» şeirində yazır:

                           Dunya nəçi?
                           Qanla içi.
                           Əl pinəçi,
                           Şərlə suçu,
                           Ağıl başda,
                           Zaman yaşda.

Şirin xanım Şadimanın «dünya məfhumu ilə bağlı şeirlərində bu məfhum onunla həmsöhbətə çevrilir. Amma müəllifin tez-tez müraciət etdiyi dünyasında onun iki dünyası var – ilahi dünyası və yaşadığı gerçək dünyası. O, yalnız ilahi dünyasında paklaşır, istədiyi məqama yetişir, nə yazıq ki, gerçək dünyasında onu çox amillər sıxır.

                          Zərbi min bir daş sındırır,
                         
Gözlərimdə yaş sındırır.
                          Daşın atıb baş sındırır,
                         
Edib qəmə axır məni,
                         
Dünya yaman sıxır məni.

Şairin yaradıcılıq məqamında sülh, barış, insanlıq, şərdən, qara fikirlərdən uzaq olmaq ön planda gedir. «Açın sərhədləri, qırın sədləri» deyərək müəllif, sanki bir ixlasa əl uzadır, haray çəkir.

                     Hamımız adamıq bu yuva bizim,
                    
Dinlərdən doğulmuş hər dua bizim,
                    
Allahın verdiyi su, hava bizim,
                    
Gəlsin bir araya dünya mərdləri,
                    
Açın sərhədləri, yıxın sədləri.

Təbii ki, müəllifin fikir dünyasında zaman səddi uzaqlaşdırıla, yaxınlaşdırıla bilər. Mühakiməsinin gücü ilə ayları, illəri, əsrləri aşa bilər, xəyal qanadları ilə dünyanı dolaşar. Söz bədii kontekstdə nə qədər oynaq, emosional olsa da, tarixə dönüş, əsrlərin buz qatını açıb tarixə üz tutmaq, onun həqiqətlərinə söykənmək reallıq və gerçəklik tələb edir..Şair «Ey mağaralar insanı» və tarixi mövzuda yaratdığı əsərlərində deyilənlərə müvəfəqiyyətlə nail olub. Şeirdə bir-birinə silah tuşlayan qardaş qırğınlarını, ərazi iddialarını, insanlara bəla gətirən, qan tökən döyüş sursatlarını icad edənləri yamanlayır. Bəlkə də əlləriniz bunlara öyrəşməsəydi, gözlərimiz tökülən qanları görməsəydi, bu silah, sursatları işlətməyi bilməsəydik yolumuz və əqidəmiz də başqa cür olardı.

                       Səndən başladı qan-qada,
                      
Silaha sevgi dünyada,
                      
Daşlaşaydın daş qayada,
                      
Olubdu şərə ram huşun,
                      
Ağlına hakim qurğuşun.

Və ya

                         Öz qardaşına ox atdın,
                     
Qanla yer-göyü çalxatdın,
                     
Ərşi tağından laxlatdın,
                      
Güllələr bənzər yağışa,
                     
Özün dönmüsən qarğışa.

Sözün gücü qılıncdan itidir – deyirlər. İnsanlar insanların haqlarını yeyir, torpaqlarına təcavüz edir, bir ölkə öz hərbi gücünə güvənərək digər ölkənin günahsız, dinc sakinlərini qan içində boğur. Yerdən sanki göyün üzünə qan sıçrayır, bəlkə bu ah-vaylardan Tanrı da qulaqlarını tutur. Bu həyasız torpaq iddialı, insan qanına susayan yalquzaqların əqidəsinə hansı söz təsir edər. Amma yenə də qələm adamı sözə və onun gücünə üz tutur. «Düşüb qanlar gölünə üzür Fələstin, ay aman», «Fələstin uşaqları», «Fələstinli qızı», «Qəzzada güllə yağışı» və s. Şeirlərində müəllif ürək ağrısı ilə qələmə sarılır.

                    Yoxdu imdad uşağa,  qocaya,  qadına,
                    
Xocalı Soyqırımı düşür adamın yadına!...
                   
Yetməyir heç bir ölkə bu tifillərin dadına,
                   
Bəs görən kim çatacaq haqqın ahu-fəryadına,
                   
İndi dildə ağıtək gəzir Fələstin, ay aman,
                    
Bu qədər müsibətə dözür Fələstin, ay aman!

Siyasi və beynəlxalq hadisələr fonunda şair təkcə oz yurdu, vətənindəki hadisələrlə təcrid olunmur, O, müşahidəçidir, fikir adamıdır. Haqqın üzünə pərdə çəkib yalanı yeridənləri burada da duyur, dünyanın o başında da. «Axdı küçələrə qanı uyğurun» deyə müəllif göyüm-göyüm göynəyir.

                        Nədəndir elinə sitəm edirlər,
                       
Evinin içini matəm edirlər,
                       
Boğub şadlığını xitam edirlər,
                        
Şərin hər işini  tam edirlər?
                       
Dolub iblislərlə yanı uyğurun,
                       
Axdı küçələrə qanı uyğurun.

Çində Şərqi Türküstanda, Sican-Uyğur bölgəsində baş verən ürək ağrıdan hadisələrə şairin yazdığı «Bir uyğur çocuğu təpiklər altda» şeiri sanki bir haraydır:

                          Küçədən maşınlar şütüyüb keçir,
                        
O türk olduğuyçün təpiklər altda.
                        
Asfalt bir uşağın qanını içir
                        
Görən  baş verir insaniyyatda?   

Ölkələrə, onların insanlarına olan isti münasibət müəllifin sinəsində od tutub yanan Vətən torpaqlarından, yurdumuzda tökülən şəhid qanlarındlan irəli gəlir. Zaman-zaman yadellilərin qana bulaşmış əlləriylə başımıza gətirilən faciələr tarixin və qəlbimizin yaddaşındadı. İnsanlığa sığmayan Xocalı Soyqırımı, 20 yanvar hadisələri öz faciə qiymətini ala bilmədiyi halda zatı qırıq fransızların yaltaq erməniyə quyruq olaraq zorən türkü soyqırımçı adlandırması vicdanı korların dilini açmasa da, söz adamının qəlb püskürtülərini dayandıra bilməz.

Türkün tarixindən, şöhrətindən varlığı hürkən, porsumuş erməni, içindən cin-şeytanı çıxart, dünyaya və əməllərinə açıq gözlə bax. Bir gün ruhlar dünyasında səsinin vahiməsindən, boğazına yapışan əllərdən qulağını tutacaqsan, əllərin qalxmayacaq. Onda sənin ağzını türk oğlu türk qapıyacaq.

Cümlə müsəlman dünyasının dərdlərinə şeiri ilə çələng bağlayan, Şirin xanım, bacım. Bu acı həqiqətləri yaza-yaza ürəyini xəstə etdin. O balaca, yarımcıl ürəyi dərdin məngənəsində sıxa-sıxa bu şeirləri yazmısan. «Yoxdur harayına gələn Kərkükün» şerində yazırsan:

                     Biz  Kərkük təki təkləndik bir vaxt,
                    
Yağı evimizdə qurdu qanlı taxt!
                     
Ayılın, ey Türklər, gözləməyir vaxt
                     
Qazılır məzarı belnən Kərkükün

Bu gün müsəlman dünyasında ara qarışdıran şeytanlar tökülən qanlardan, bədxah əməllərindən utanmırlar. Onun «Ərəb ölkələri qalxıb ayağa» şeiri, sanki müsəlman ölkələrinin acılarına bir etirazdır. Bütün bu riyalı üzlərdən usanan müəllif yenə qələmə üz tutur: 

                         Livyanın, Suriyanın, Yəmənin sözü,
                        
Püskürdür qəlblərdən kül altda közü,
                        
Qəmlərdən boylanan müsəlman üzü,
                        
Ürəyi odlayır, əqli çaş edir.

Hərdən mənə elə gəlir ki, Şirin xanım Şadimana təkcə Azərbaycan vətəndaşı demək azdır.

Onun yaradıcılığını oxuyandan sonra mənim kimi qənaətə gələnlər olar ki, bu böyük ürəkli xanıma bütün millətlərin vətəndaşı demək olar. Onun kitabı sanki dövlətlərin xəritəsidi, talelərindən anonslardı. Bu kitabda ümumdünya mənzərəsi, eyni zamanda hər kəsə bölünməz sevgi var. O, ötən il Yaponiyada sunami nəticəsində yaşanan acı fəlakəti «Günəşisevərlər deyirlər sənə» şerində xalqın bu ağrılara qarşı göstərdiyi mətanət və dözüm qələmə alınıb.                         

                     Dünyanı çalxatdın məşəqqətinlə,  
                   
Ağrını oxşadın şəfaqətinlə,
                     
Ərzi heyrət qoydun sədaqətinlə,
                    
Qəmiylə səkməyən, ey yapon xalqı,
                    
Göz yaşı tökməyən, ey yapon xalqı.

«Dünya mənlə heç ülfətin tutmadı» deyən şair Aəzərbaycan adını dilinə gətirincə sanki özündə bir güc tapıb qəmlərdən sılkinir, özüdemiş – könlünün yuvası Vətənin varlığına sevinir.

                        Məhəbbətin cana dəva,
                    
Sənsiz nədir de su, hava?!
                    
Dodağımdan qopan dua,
                    
Can içində sevdalı can,
                    
Azərbaycan, Azərbaycan!

Müəllif Odlar Yurdunun şəhdu-şəkər ana dilindən sözünün, özünün bütöv varlığının güc aldığını etiraf edir. Onun canına hopan şirin laylalarından anaların səsi yuvalanan, Füzuli haraylı, Nəsimi təbli, Xətai təəssüblü ana dili ilə fəxr edir, fəxarət duyur.                    

                         Ana dilim,
                        
Ölərəm sənə çatmasa əlim,
                        
Sən söz-söz alışıb yanan
                         Füzuli harayı.
                         
Sən yaralı Nəsiminin təb sarayı.
                        
Sən yasımda ağlayan könlümün vayı,
                        
Sən bir anlıq sevincimin nəşə payı.
                        
Dilimdən uçsan bil ki, canım çıxıb,
                        
Fələk ömür taxtımı yıxıb.

Şirinin «Vətəndən yazaq», «Yolum düşdü Qarabağın elinə», «Mənə meydan verin», «Düşməni köksündən vurdun, Mübariz», «Balaca şəhid Farizin hekayəti və s. şeirlərində onun vətəndaşlığı, vətən övladlarına verdiyi ali dəyər qələmə alınmışdı.

Şairin «Tağayım» poeması son dövürdə yazılmış bir elin, bir obanın, etnosun haqqında yazılmış ən dəyərli əsərdir. Ölməz Şəhriyarın «Heydərbaba» poemasına nəzirə yazılan bu əsər ictimaiyyət içində, xalq arasında yüksək nufuz qazanıb. Müəllifin yazdığı bu şirin hekayət ocağında qaynayan qazanı, bərəkətli süfrəsi, gül qoxulu çəmənləri, asmakörpülü çayı, nəğməli al səhəri, nağıllı axşamları, çərəzli, şor-lavaşlı dəstərxanı, şən məktəb illəri, qohumluq münasibətlərinin isti telləri ilə çox doğmadır.

Böyük-kiçik yeri, qohumlar arasında münasibətlər, qocaların öyüd, hikməti, məişət tərzi, sevinci, kədəri, dolanışığı oxucunu riqqətləndirir.                                  

                        Toydan qabaq qızların cəm olması,
                       
Yunu didib yorğan-döşək salması,
                       
Kəndimizin bulaması, dolması,
                       
Ağızlarda dada döndü, Tağayım,
                       
Qohumlar da yada döndü, Tağayım.

Şadiman xanım bu əsərlə Bakı həyatına bir kənd, el-oba hərarəti gətirib camaat arasında adamların adına deyilən ayamalar, ayrı-ayrı insanların xarakterik obrazı, bu kənddə yaşayan nəsil şəcərələri, əsilli-nəcabətli tarixini vermişdi. Kəndin nufuzlu insanları, sadə adamları öz igidlərinin, mərdlərinin qəhrəmanlıqları müəllifin yaddaşına həkk olunub. Müəllif özü də sanballı bir nəsilin nümayəndəsidir.

                      Kərim bəyin ocağının oduyam,
                     
Harda olsam elə onun adıyam,
                     
Torpağının mən  ağız dadıyam,
                      
Ucalaram şərəfinlə, Tağayım,
                     
Öc alaram sələfinlə, Tağayım.

Yurd, yuvamızı bir olan Allahın köməkliyi ilə qoruyn müqəddəs ocaqlarımızdan təbii ki, Tağayda da var. Seyid Camal ocağının hikmətini müəllif belə ifadə edir:

                      Seyid Camal ağanın pak məzarı,
                     
Nəzir etsən aparardı azarı,
                     
Azalardı sinələrin ah-zarı,
                     
Qəbir evi nurla dolsun, Tağayım,
                     
Ruhu yurda məlhəm olsun, Tağayım.

Böyük vətən müharibəsi illərində xalqın və ailələrin çəkdiyi ağrı-acılarla yanaşı, kənd adamlarının bir-birinə əl tutması, kədərləri, sevincləri bir olan insanların bu bəlanı törədənlərə nifrətin də şair böyük yanğı ilə qələmə almışdı.

                    Qarı, qoca hey Hitleri söyürdü,
                   
Qara xəbər hər qapını döyürdü,
                   
Zalım ölüm boy-buxunun öyürdü,
                   
Çox üyütdü mərdlərini, Tağayım,
                   
Çox artırdı dərdlərini, Tağayım.

Bu ağır günlərdə insanların faciəsi, gün-güzəranı, çətin həyat tərzi – acından qan qusan adamlar, aclıqdan qayalara doluşan canavarların kənd yolunda ana-balanı parçalayıb yeməsi, kənd məscidinin taxıl anbarına çevrilməsi, qəmin çoxunun qapısını döyməsi əsəri oxuduqca adamın içini silkələyir.      

                  Kənd yerində ana-bala gedəndə.
                 
Ac canavar qəfil hücum edəndə,
                 
Sinələrin parçalayıb didəndə,
                 
Bu dərd dildə ağı oldu, Tağayım,
                 
Elin sinə dağı oldu, Tağayım.

Şair Tağay kəndinin insanlarını Yurdumuzun başına gələn hadisələrə seyirçi olmamağa çağırır. İşğal altında olan torpaqlarımızın  xilasına səsləyir: 

                İndi Şuşa erməninin əsiri,
               
Qurub yağı Qarabağda qəsiri,
               
Özün söylə, ey ocağım, bu sirri!
               
El yolunda hanı ölən, Tağayım,
               
Harayına varmı gələn, Tağayım?

Tağayın harayını sənin kimi yazan yetişdi. Bir el-obanın tarixini Tarixin, Zamanın və Azərbaycan xalqının yaddaşına yazdırdı. Şirin xanım atalı-analı, qohumlu-əqrəbalı yurdu Tağaya əbədi bir heykəl qoya bildi, bir ömür yaddaşnaməsi yaratdı. Müəllifin bu kənddə keçirdiyi xoş günlərlə yanaşı, itirdiyi əzizlərini də bu əsərdə can yanğısı ilə yazmışdı.

              Ağabalapak atamın vəfatı,
             
Yetimliklə qəmə batan həyatı,
             
Yaman çapdı Əzrayılın bəd atı,
             
Aldı qaçdı əzizimi, Tağayım,
             
Necə bükdü dərd dizimi, Tağayım.

Poeziyanın əfsununu özəllikləri ilə açıqlayan, ilham qanadlarında zirvəyə uçan Şirin xanım Kərimbəyli Şadiman yaradıcılığının qarşısında ancaq xoş bir heyrət hissi keçirdim. Vuruldum bu qələmə, bu gözəlliklər aləminə, sehr dünyasına yaxından tanışlığıma çox sevindim. Şairin yenə də özüdemiş – dünyanın sərhədlərini aşmış bir söz, qələm adamının ürəyinin səsini eşitdim, çiçək-çiçək işıq saçan, gözünün nurunu gördüm.                

                   Mən dunyanın sərhədlərini 
                
çoxdan aşmışam,
                
Bütün duyğularımla
                 Yerdəgöydə dolaşmışam,
                
Buludların başının üstündə 
                
qaynayıb daşmışam.

Şirin xanım «Sözün meydanı savaş» dı deyib şeirlərinin birində və sözün savaş meydanında onun mənəm deməyə haqqı var. Onun şeiriyyəti poeziyamızın tələblərini tam mənada cavablandırır.

                  Şeriyyət olsun gərək,
                 
Misraya dolsun gərək,
                 
Ağızda qalsın gərək,
                 
Qalanda kef saz olar,
                 
Can deyəni az olar.

Bu gün Azərbaycan şeirinin üstündə haqqı olan Şirin xanımla qürur duyuram… 
                
Fəridə Ləman
Filologiya üzrə fəlsəfə doktoru 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir