Modern.az

Yanukoviçin qalib gəlmək şansı Timoşenkodan qat-qat çoxdur...

Yanukoviçin qalib gəlmək şansı Timoşenkodan qat-qat çoxdur...

19 Yanvar 2010, 18:29

Modern.az saytının suallarını Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, Azərbaycanin ATƏT Parlament Assambleyasindaki  nümayəndə heyətinin üzvü Eldar İbrahimov cavablandırır.


- Eldar müəllim, Ukraynada prezident seçkiləri ikinci tura qalıb. Bu vaxta qədər Ukraynada keçirilmiş bir neçə seçkini müşahidə etmiş bir şəxs kimi son seçkilərlə bağlı fikirləriniz necədir?
- Mən son illər Ukraynada keçirilən bir neçə seçkini yaxından izləmişəm. O cümlədən 2004-cü ildə keçirilən və “narıncı inqilab” kimi tarixə düşən məlum prezident seçkilərini də müşahidə etmişəm. O zaman da həqiqətən Viktor Yanukoviç seçkilərdə qalib gəlmişdi. Sadəcə, hazırda prezident səlahiyyətlərini icra edən Viktor Yuşşenko və onun himayədarları “narıncı inqilab” yolu ilə Yanukoviçin hakimiyyətini əlindən aldı. Bu seçkidən sonra Ukraynada keçirilən bir neçə seçkini də yaxından izləmiş şəxs kimi tam əminliklə deyə bilərəm ki, Yanukoviç və onun partiyası həmişə bütün seçkilərdə birinci olub. Bu dəfə də məhz belə oldu. O, bu seçkidə də seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, ikinci tura keçən iki namizəddən biri oldu. Belə demək mümkünsə, Yanukoviçin Ukraynada dəyişməz elektoratı var. Eyni zamanda, onu Ukraynada hakimiyyətdə görmək istəyən insanlar, qüvvələr həmişə üstünlük təşkil edir. Bu baxımdan, bu dəfə də Yanukoviçin qalib gəlməsinə və nəhayət, Ukrayna prezidenti olmasına heç bir şübhəm yoxdur.
- Bir vaxtlar Ukraynada “narıncı inqilab” ssenarisini gerçəkləşdirmiş qüvvələr Yanukoviçin nəhayət Ukrayna prezidenti olmasına imkan verəcəklərmi?
- Başqa cür ola da bilməz. İnanmıram ki, artıq ikinci dəfə Ukrayna xalqı “narıncı inqilab”a getsin və ya buna sürüklənsin. Belə demək mümkünsə, Ukrayna xalqı artıq “narıncı inqilab”ın “dadını” görüb. Görüb ki, bu inqilab son 5-6 il ərzində Ukrayna xalqının və dövlətinin başına nə oyunlar gətirib. Ona görə şəxsən mən Ukraynada nəinki “narıncı inqilab”, heç bir inqilab ssenarisini görmürəm və real saymıram. Bu dəfə Yanukoviçin prezident olacağına heç bir şübhə yoxdur.
- Yanukoviçlə birgə seçkilərin ikinci turuna keçmiş baş nazir Yuliya Timoşenko isə bildirib ki, rəqibindən az səs toplamasına baxmayaraq, digər namizədlərdən, onların elektoratından səs alaraq böyük üstünlüklə qalib gələcək və prezident seçiləcək...
- Mən buna da inanmıram. Yenə təkrar qeyd etmək istəyirəm ki, Yanukoviçin stabil elektoratı var və eyni zamanda onu nəzərə alsaq ki, bu şəxs Rusiya meylli siyasətçidir, həmçinin Ukraynanın əhalisinin 50 faizindən çoxu əsasən ruslar və rus meylli insanlardır, onda Regionlar Partiyası liderinin seçkilərin ikinci turunda da qalib gəlməsinə, prezident seçilməsinə də heç bir problem yoxdur. Timoşenko nə qədər çalışsa da, Yanikoviçi üstələyə bilməyəcək. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, artıq dünyada rəngli inqilablar dövrü öz ömrünü başa vurub. Mən belə hesab edirəm ki, Yanukoviçin qalib gəlmək, prezident seçilmək şansı Timoşenkodan qat-qat çoxdur.
- Yuşşenkonun dövründə daha çox Qərb, ABŞ meylli siyasət sərgilənirdi. Bəs bundan sonra necə ola bilər?
- Birmənalı olaraq demək istəyirəm, elə son seçkilər də göstərdi ki, Yuşşenkonun timsalında Ukrayna xalqı Qərb meylli siyasətə “yox” dedi, bu siyasəti qəbul etmədi. Belə olan halda, çox güman ki, bundan sonra da Qərb meylli siyasət Ukraynada qəbul edilməyəcək. Belə demək mümkünsə, onlar ötən dövr ərzində Qərb meylli siyasətin “dadını, ləzzətini” gördülər. Yuşşenkonun səhv siyasət yürütməsi ucbatından Rusiya ilə böyük gərginliklər yaşandı, Ukraynaya və Ukrayna vasitəsilə Avropaya nəql olunan qaz kəməri dayandırıldı və sair. Eyni zamanda məlumdur ki, ukraynalılar da belaruslar, ruslar kimi slavyan dilli xalqlardır. Yəni, bütün bunların fonunda bu xalqların biri-birindən ayrılıqda kəskin konfrantasiya şəraitində yaşaması real görünmür.
- Belə olan halda, dünyanın əleyhinə olduğu Rusiya meylli siyasət Ukrayna xalqının və dövlətinin nicat yolu olacaqmı?
- Rusiyaya meyllilik Ukrayna xalqının və dövlətinin elə nicat yoludur. Onlara hər şey əsasən Rusiyadan gəlir. Eyni zamanda, Rusiya Belarusun müstəqilliyini əlindən almayıb ki, Ukraynanın da müstəqilliyini əlindən alsın. Bunlar müstəqil dövlətlərdir, ancaq bununla belə, tarixi köklərə, ənənələlərə də malikdirlər. Bayaq da qeyd etdim ki, Ukrayna əhalisinin 50 faizdən çoxu ruslardır. Belə olan halda, təbii ki, bunlar Rusiya meylli olacaqlar. Durub ABŞ və yaxud Qərb meylli olmayacaqlar ki?
- Yuşşenkonun dövründə Azərbaycanla strateji müttəfiqlik əlaqələrinə çox böyük önəm verilirdi. Həmçinin MDB məkanından daha çox GUAM məkanında əməkdaşlığa üstünlük verilirdi. Bəs, Yanukoviç hakimiyyətə gələrsə, bu məsələ necə ola bilər?
- Yanukoviç Yuşşenkodan daha çox GUAM-a, GUAM çərçivəsində əməkdaşlığa, o cümlədən Azərbaycanla əlaqələrə önəm verəcək. Şəxsən mən Yanukoviçlə bir neçə dəfə görüşmüşəm. Onun rəhbərlik etdiyi Regionlar Partiyasının qurultayında da iştirak etmişəm. Bilirəm ki, Yanukoviç daha çox Azərbaycan meyllidir, nəinki Yuşşenko və digərləri. Yuşşenko daha çox Gürcüstan meylli, inqilab meylli adamlardandır, o qrupa aiddir.
- Yeri gəlmişkən, bugünlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə qonşu Rusiyada rəsmi səfərdə olub və bu ölkənin rəhbərliyi ilə görüşlərində bir daha Qarabağ məsələsi ətrafında müzakirələr aparıb. Siz bu səfərlə bağlı nə fikirdəsiniz?
- Mən bu səfərə müsbət yanaşıram, onu əhəmiyyətli hesab edirəm. Doğrudanda da, bu səfər zamanı istər Qarabağ, istər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi, istərsə digər məsələlərlə bağlı söhbətlər aparılıb. Hərçənd Rusiya baş naziri Putin bəyan etdi ki, sərhədlərin açılmasının Qarabağ probleminin həllinə aidiyyəti yoxdur, bunsuz da sərhədlər açıla bilər, ancaq mən elə bilirəm ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız və yalnız Azərbaycanın razılığından keçir. Ərdoğanın kişiliyinə inanıram, onun verdiyi sözə, Azərbaycan xalqına vədinə əməl edəcəyinə heç şübhə etmirəm. İnanıram ki, sərhədlər o zaman açılacaq ki, Azərbaycanın işğal olunmuş əraziləri Ermənistan, ermənilər tərəfindən qeyd-şərtsiz geri qaytarılacaq. Mən inanmıram ki, işğal olunmuş ərazilər geri qaytarılmamış Türkiyə Böyük Millət Məclisi sərhədlərin açılması ilə bağlı məlum protokolu imzalasın. Baxmayaraq ki, ABŞ-dan tutmuş digər nüfuzlu ölkələrə qədər hamısı tərəfindən Rəcəb Tayyib Ərdoğana, Türkiyə hakimiyyətinə ciddi təzyiqlər, basqılar var, ancaq istər Ərdoğan, istər Türkiyə hakimiyyəti bu təzyiqlərin hamısına mərdliklə, kişi kimi sinə gəlir və bundan sonra da gələ biləcək.
- Sizcə, məlum görüş Qarabağ münaqişəsinin həllinə hansısa bir müsbət təsir göstərə bilərmi, göstərəcəkmi?
- Mən çox sevinirəm ki, Türkiyə baş naziri bu məsələ ilə bağlı bir daha öz qəti mövqeyini ortaya qoydu. Ancaq Rusiya baş nazirinin məlum fikirlər söyləməsi də müəyyən narahatlıqlar yaratdı. Ola bilər ki, o, bu fikirləri Rusiyanın milli maraqları və mənafeyi baxımından deyirdi. Amma o desə də belə ki, sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinə təsiri olmayacaq, mən bununla heç cür razılaşmıram. Bizdə Türkiyə ilə eyni türkdilli dövlətik, xalqıq. Dilimiz bir, dinimiz bir, adət-ənənəmiz bir olan qardaş Türkiyə bu günə qədər Azərbaycanı necə müdafiə edibsə, bundan sonra da axıradək məhz bu cür müdafiə edəcək. Rusiya açıq-aşkar Ermənistanı müdafiə edir. Bununla yanaşı, ATƏT-in Minsk qrupuna həmsədrlik edən digər iki həmsədr dövlət də - ABŞ da , Fransa da hər zaman gizli-aşkar Ermənistanı dəstəkləyir. Bu da, heç şübhəsiz, din amilindən, xristian təəssübkeşliyindən irəli gəlir. Bu baxımdan, yəqin ki, qardaş Türkiyə də öz azəri qardaşlarını heç nəyə qurban verməyəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!