Modern.az

Qorbaçovun qanlı cinayətləri

Qorbaçovun qanlı cinayətləri

20 Yanvar 2010, 09:55

1986-ci ildən sonra SSRİ-nin tərkibində olan respublikalarda vüsət alan ümumxalq hərəkatlarının iştirakçıları imperiya zülmünə qarşı çıxaraq müstəqillik uğrunda mübarizəyə qalxdılar. Qorbaçovun rəhbərlik sovet dövlətinin hərb maşını isə nəyin bahasına olursa-olsun xalqların milli-azadlıq hərəkatını boğmağa çalışırdı. Totalitar rejim süqutu ərəfəsində törətdiyi cinayətlər hesabına Qazaxıstanda, Gürcüstanda, Azərbaycanda, Litvada ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc insanlara divan tutdu, kütləvi terror nəticəsində yüzlərlə günahsız adam qətlə yetirildi və həbs olundu.
Modern.az Qorbaçovun Qazaxıstanda, Gürcüstanda, Litvada törətdiyi qanlı cinayətlərinin qısa xronologiyasını təqdim edir.

17 dekabr 1986-cı il. SSRİ prezidenti M.S.Qorbaçovun əmrilə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 5-ci idarəsinin rəisi general-polkovnik Bobkovun rəhbərlik etdiyi hərbi qüvvə Qazaxıstan paytaxtı Alma-Atada keçirilən nümayişi yatırtmaq üçün bu Orta Asiya respublikasına yeridildi. Həmin gün Alma-Atada imperiyasının zülmünə etiraz edən dinc əhali küçələrə çıxmışdı. O vaxtadək sovet xalqlarına xilaskar ordu kimi təlqin edilən Qızıl Ordu dinc nümayişçilərlə vəhşicəsinə davranaraq onlara divan tutdu. Nəticədə 174 nəfər insan qətlə yetirildi, yüzlərlə insan yaralandı və həbs olundu.

9 aprel 1989-cu il. Həmin gün Gürcüstanda Moskvanın ikili siyasətinə etiraz edən kütlə Tiflisdə dinc nümayiş keçirirdi. Qorbaçovun göstərişilə Tiflisə yeridilən rus qoşunları Alma-Atada törətdikləri qanlı hadisələri burada da təkrarladılar. Tiflis olayları zamanı hətta əhaliyə qarşı kimyəvi silah da tətbiq olundu. Gecə saat 4.00-da başlanan əməliyyət nəticəsində 19 nəfər qətlə yetirildi. Onlardan 15-i qadın (iki nəfər 15-16 yaşlı qızlar) olub.
1000-dən çox adam rus ordusunun onlara qarşı istifadə etdyi kimyəvi silahdan zəhərləndi. Qeyd edək ki, Tiflis hadisələrini təhqiq edən ekspert, polkovnik A.A.Qorbovski dinc əhaliyə qarşı zəhərləyici qazlardan istifadə olunduğunu təsdiqləyib.

13 yanvar 1991-ci il. Vilnüsdə meydana çıxan ölkə vətəndaşları Litvanın SSRİ-nin tərkibindən çıxması və ölkənin müstəqilliyinin tanınması tələbi ilə çıxış edirdi. İmperiya rəhbərliyinin əmrilə bu dəfə Vilnüsə girən Qızıl ordu növbəti qətliam törətdi. Nəticədə 14 nəfər öldürüldü, yüzlərlə insana ağır bədən xəsarətləri yetirildi. Bununla belə mübarizəni davam etdirən Litva xalqı 1991-ci ilin fevralında keçirilən referendumla müstəqilliyini elan etdi. Həmin il sentyabrın 6-da isə Rusiya Litvanın müstəqilliyini tanımağa məcbur oldu.
Vilnüsdə törədilən qanlı hadisələrin ildönümü ərəfəsində Litva parlamenti SSRİ-nin xələfi olan Rusiyanı işğal nəticəsində bu ölkəyə vurduğu ziyana görə kompensasiya ödənilməsi ilə bağlı məsləhətləşmələrə başlamağa çağırıb.
Litva dəymiş ziyanı 80 milyard lit-20 milyard avro dəyərində qiymətləndirir. Rusiya isə bu məsələyə dair danışıqlar aparmaqdan imtina edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir