Modern.az

Mətanət Əsədova: “Qəpik-quruşla efirə çıxan müğənnilərdən deyiləm” - MÜSAHİBƏ

Mətanət Əsədova: “Qəpik-quruşla efirə çıxan müğənnilərdən deyiləm” - MÜSAHİBƏ

19 İyun 2012, 10:47

“Bu Alim Qasımovdu e, Maradona deyil”

Çox vaxt “Mübahisə”nin qonaqları ya söhbətimizin gedişatında, ya da müsahibə yayımlanandan sonra suallarımdan, bir qədər sərt mövqeyimdən inciyirlər. Bu dəfə də istisna olmadı. Müğənni Mətanət Əsədovayla söhbətimizin gedişatında bir neçə dəfə, sözün əsl mənasında, mübahisəmiz yarandı.

– Sənətimlə məşğulam, disk buraxmaq, klip çəkdirmək fikrim var.

– Yəqin ki, sizin üçün konsertdən danışmaq tez olar. Çünki Mətanət Əsədovanı o qədər də geniş publika tanımır.

– Mətanət Əsədovanı geniş publika 1998-ci ildən, oxumağa başlayandan tanıyır və sevir. Sadəcə, bir az tənbəllik eləmişəm. Nə zaman konsert versəm, hamı sevə-sevə gələcək də, dinləyəcək də.

– Bəlkə toylardan vaxt tapıb böyük səhnə haqda düşünməyə vaxtınız yoxdur?

– Düzdür, el şənliklərinə də başım çox qarışır. Amma sırf səhnə üçün də işləməyə çalışıram. 

– Niyə məhz el şənliyi? Bu bir qədər mədəniləşdirilmiş formadır, yoxsa elə əvvəldən toy belə adlanır?

– Dədə-babadan adı belədir.

Axı demirlər ki, bu gün filankəsin oğlunu el şənliyidir. Deyirlər ki, filankəsin toyudur.

– O vaxtlar belə idi.

– Yəni siz “el şənliyi” deməklə ənənəni yaşadırsınız?

– Bəli.

– Yeri gəlmişkən, sizin toyunu idarə elədiyiniz ev yiyəsi nə qədər xərcə düşür?

– O ancaq mənə aid məsələdir.

– Bəlkə, vergilərə görə ehtiyat edirsiniz?

– Yox.

Yeri gəlmişkən, vergi ödəyirsiniz?

Yox.

– Əgər bu qədər məclislərə gedirsinizsə, niyə vergi ödəmirsiniz?

– İnşallah ödəyərik. Mən də sizə fikrimi bildirmək istəyirəm. Jurnalistsiniz, müğənniyə onun musiqisindən sual verin. 

– Toy qonorarından danışırdıq...

– Bir toya ansamblla birgə 7 min manata gedirəm. Bakıdan kənara isə müxtəlif qiymətlərə. 

– 7 min manat bugünkü bazar qiymətləylə çox bahadır. Əgər ölkədə təqaüdçü ortalama 150 manat alırsa...

– Mən fonoqram oxuyub o pulu cibimə qoymuram ki, canlı oxuyuram.

– Fonoqram oxumaq deyil, bu ayağını itirmiş adamın qol ağacıyla yeriməsidir.

– Mənim səsimin, oxumağımın qiyməti yoxdur. Heç kəs mənim kimi toy apara bilməz. Mən hələ camaatı nəzərə alıb o qiyməti demişəm. Bəziləri kimi nə camaatı soyuram, nə də fonoqram əlimdə restorana girirəm.

– Siz əvvəlcə xalq musiqisi üslubunda, janrında oxumağa başladınız. Sonradan geyim, oxu tərzi dəyişdi və oldunuz estrada müğənnisi...

– Yox. Mən ilk dəfə efirə çıxandan bu yana performansımda, səhnə mədəniyyətimdə, stilimdə, oxu tərzimdə heç bir mənfilik olmayıb. Saçımda dəyişiklik ola bilər.

– Məni sizin saçınızdan daha çox oxuduqlarınız maraqlandırır. Saçınız qısa da ola bilər, uzun da, başqa bir rəng də. Dediyim odur ki, indi əvvəlki kimi muğamlara o qədər də yer ayırmırsınız.

– Elə əvvəldən belə idi. Heç vaxt əlimə qaval götürüb dəstgah oxumamışam.

– Oxuya bilmirsiniz?

– Hamıdan da yaxşı oxuyaram. Mənim müəllimim Alim Qasımov olub.

– Maradona dünyanın futbol əfsanəsidir, indiyə kimi bir futbolçu yetişdirə bilməyib... Sizin müəlliminiz lap Xan Şuşinski də ola bilər.

– Bu Alim Qasımovdu e, Maradona deyil. Onun tələbələri ayrı-ayrılıqda sənətkardırlar. Onun tələbələri içərisində barmaqla göstərilənlərdən biri mən olmuşam. Şükür Allaha ki o səsimə, avazıma görə 15 ildir sevilirəm.

– Özünüzü sənətçi hesab edirsiniz, yoxsa dediyiniz kimi, sənətkar?

– Sənətkar.

– Hətta. Bu çox məsuliyyətli bir addır.

– Sizin buna şübhəniz var ki, “hətta” deyirsiniz?

– Müsahiblərimin suallarına cavab vermirəm. Siz bu adı özünüz özünüzə deyirsiniz. Mən sizin nə sənətkar olduğunuzun, nə də olmadığınızın iddiasında deyiləm. Özünüzə sənətkar deyirsinizsə, daha çox efirdə olmağınız, dinlənilməyiniz lazımdır.

– Mətanəti indi-indi təmənnasız efirlərə dəvət edirlər. Mən bu boyda istedadı qəpik-quruşa satıb efirə çıxan müğənnilərdən deyiləm.

– Efirə pul vermirsiniz?

– Klipə pul xərcləyirəm, amma efirlərə qətiyyən. Sənətkar efirə pul verib çıxmamalıdır. 

– Azərbaycanda efirə pul vermədən çıxan müğənnini olması çox maraqlıdır. Hətta bir qədər yalana bənzədi. Fəxri ada iddialısınız?

Yox, nə vaxt məsləhət olsa, verəcəklər. Bəlkə, heç rəva bilməyəcəklər.

– Nəyə görə şou biznes əhli bir-biriylə yola getmir?

– Mən bu haqda bir şey deyə bilmərəm.

– Amma bəzi məqamlarda siz də bu qalmaqalların iştirakçısı olursunuz.

– Xeyr. Əgər siz bir müddət əvvəl Zöhrə xanımla olan anlaşılmazlığı deyirsinizsə, anayla balanın da söz söhbəti olur. 

– Kiminləsə duet oxumaq fikriniz var?

– Elə bir fikrim yoxdur. Öz adımla tanınmaq istəyirəm. Çox adamlar müraciət edib imtina eləmişəm. 

– Səhnədə olduğunuz 14 il ərzində 2 mahnınızın adını çəkin ki, heç olmasa bir il ərzində populyar olub, bəyənilib, sevilib.

– “Kəsmə şikəstə”ylə və Xanım İsmayılqızının “Səni sevdiyim üçün” mahnısıyla tanınmışam. Ondan sonra xalq mahnımız olan “Qal, sənə qurban”ı oxudum.

– Sadaladığınız 3 mahnıdan ikisi xalq mahnılarıdır. Repertuarınızda bir kasadlıq var sanki.

– Var ortaya çıxartmamışam. Çünki hər zaman efirə çıxanda canlı oxumuşam deyə, öz mahnılarımı oxumağa imkan olmayıb. Bir saatlıq verilişin 40 dəqiqəsini canlı oxuyuram.

– Bu sözü çox müğənnilərdən eşitmişəm: “mən canlı oxuyuram”. 

– Siz sənətkarla danışırsınız, sual verin cavab verim. Xalqın gözü aynadır.

– Sizə nə zamansa toyu oxuyub qurtarandan sonra saxta pul veriblər?

– Yox, yox.

– Əgər verməyiblərsə, siz niyə fonoqram oxumalısınız? Fonoqram da oxumağın saxtasıdır da.

– Heç kimin bostanına daş atmaq istəmirəm. Sözüm olanda, üzbəüz deyirəm. Şəxsən mən bacardığım qədər canlı oxuyuram və oxuyacağam. 


Yusuf Yusufbəyli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir