Modern.az

Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq

Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq

İqtisadiyyat

10 İyun 2012, 11:01

Türkiyə ilə Azərbaycan ortaq kökə və keçmişə sahib iki dövlətdir. İki ölkə əlaqələrindəki təyinedici faktorlar Türk Dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycanın ümummilli lideri, görkəmli şəxsiyyət Heydər Əliyevin “bir millət – iki dövlət” sözləriylə ifadə edilib.

Azərbaycan-Türkiyə qardaşlığı və iki qardaş ölkələr arasındakı siyasi əlaqələr ilk dəfə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan etməsindən, Nuru paşa­ əmrindəki Türk-İslam Ordusunun müstəqillik elanından sonra Azərbay­ca­na­­ gəlməsi ilə başlayıbr. Ancaq bu ordu Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros razılaşmasına uyğun olaraq, geri çə­kil­mək məcburiyyətində qalıb.

Qeyd edək ki, Türkiyə Respublikası 9 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyini tanıyan ilk ölkə olub. 14 yanvar 1992-ci il Bakıda Türkiyə tərəfindən səfir Bilal Şimşir və Azərbaycan tərəfindən xarici işlər naziri Hüseyn Sadıqov tərəfindən “Yenidən Diplomatik Əlaqələrin Təsisi Haqqında Protokol” imzalanıb. Beləliklə, 25 may 1991-ci il tarixindən etibarən Baş konsulluq olaraq fəaliyyət göstərən təmsilçilik səfirlik səviyyəsinə yüksəldilib. Bundan sonrakı illərdə iki ölkə arasındakı əlaqələrin hüquqi infrastrukturunu təkmilləşdirən 200-dən çox anlaşma imzalanıb. Hazırda Türkiyənin Bakıda səfirliyi, Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında Baş konsulluqları fəaliyyət göstərir.

Xatırladaq ki, uzun illər boyu Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmayıb. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duyub. 

Artıq 1990-cı ildən başlayaraq Azərbaycan–Türkiyə mədəni əlaqələri sürətlə inkişaf etməyə başladı. Bu dövrdə Türkiyənin mədəni aləmində Azərbaycan klassik ədəbiyyatına böyük maraq göstərildi. Türk ictimaiyyəti müasir yazarlarımızla da tanış olmaq imkanı əldə etdi. Türkiyədə Azərbaycan poeziyası və nəsri antologiyası nəşr olundu. Görkəmli türk şairi və jurnalist Yusel Feyzioğlu Səməd Vurğunun şerlərini çap etdirdi. Ankarada milli folklor tədqiqatları nəşriyyatları və başqa nəşriyyatlar “Azərbaycan Respublikası”, “Azərbaycan xalçaları”, “Aşıq Ələsgər” adlı kitabları türk oxucularına təqdim etdilər. Azərbaycan və Türkiyə aşıq poeziyasının inkişafına böyük təsir göstərən Qaracaoğlunun ədəbi irsi Azərbaycan şairi və alimi mərhum Rəfiq Zəka Xəndan tərəfindən araşdırıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməyiblər. Xüsusilə maestro Niyazi, bəstəkar Arif Məlikov, müğənnilər Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqaları Azərbaycan incəsənətini daim Türkiyə ictimaiyyətinə təqdim edə biliblər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoyub. Həmin operada German rolunu Lütfiyar İmanov ifa edib. 

Maestro Niyazinin Türkiyə ilə əlaqələri daha çox olub. O, burada P.Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim edib. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl dirijorlarından biri kimi qiymətləndiriblər. 

Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirib. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanıb. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif edib. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində çox uğurlu çıxışlar ediblər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazıblar.

Azərbaycan və Türkiyə bir millət – iki dövlət olduqlarını tək sözdə demirlər. Bunu bütün dünyaya öz əməlləri ilə də çatdırırlar. Bunun ən yaxşı sübutu 2011-ci il oktyabr ayında Türkiyənin Van bölgəsindəki zəlzələ idi. Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə getmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Van bölgəsində zəlzələdən zərər çəkənlərə yardımlarını davam etdilər. 3 təyyarə dolusu ilə yardım qardaş millətə çatdırıldı. Zəlzələdən dərhal sonra Vana ilk yardım göndərməsi, xilasedicilərimizin axtarış-xilasetmə işlərində fəallıq göstərməsi və uçqun altından çoxsaylı insanın sağ çıxarması Türkiyə mətbuatında geniş şəkildə işıqlandırıldı.

Ölkəmiz üçün ağrılı məsələ olan Xocalı faciəsində Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında keçirilən “Hamımız xocalılıyıq” adlı mitinq də yaddaşlarda qalır. Mitinqdə demək olar ki, 300 minə yaxın insan var idi. Ankara Böyükşəhər Bələdiyyəsinin Adların verilməsi Komissiyasının Bələdiyyə Məclisində irəli sürdüyü, 82 nəfər üzvün dəstəyi ilə qəbul olunan və Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 12 mart 2012-ci il tarixində 319 saylı qərarla Ankaranın ən böyük rayonlarından biri olan və 558.223 nəfər əhali yaşayan Mamak rayonunun 1868 metr uzunluğu, 17 metr eni olan 636-cı prospektinə “Xocali” adı verildi.

Bütün bunlar Azərbaycan və Türkiyənin qardaş ölkə olduğunu, bir millət olduğunun tam sübutudur.

Sevinc İltifatqızı

Yazı Mətbuat Şurası və Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin birgə keçirdiyi “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda müsabiqəyə təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?