Modern.az

Prezident Batka nə yeyir, nə geyir..? - MARAQLI

Prezident Batka nə yeyir, nə geyir..? - MARAQLI

19 İyun 2012, 15:39

Lukaşenkonun təhlükəsizlik xidməti nahar zamanı zəhərlənmə riskini öz üzərinə götürür

Prezidentlərin məişəti şübhəsiz ki, cəmiyyətdə maraq doğuran məsələdir. Xüsusən də o halda ki, prezident diktator ola. Avropanın sonuncu diktatorunun da məişəti barədə informasiyalar sızır. Beləliklə, Belarus prezidenti Aleksandr Lukaşenko (Bakta) evdə...

Prezident nahara hazırlaşır...


Lukaşenkolar ailəsini və onların qonaqlarını süfrə arxasına iki ofisiant (onlar həm də qulluqçu rolunu oynayır) dəvət edir. Prezidentin yeməklərini iki aşpaz - pensiya yaşına yaxınlaşmış cüssəli bədən quruluşuna malik qadınlar hazırlayır.

Lukaşenkonun naharında diqqətçəkən məqam odur ki, cüssəli qadınların hazırladıqları kulinariya şedevrlərinin dadına ilk olaraq baxmaq hüququ diktatorun özünə məxsus deyil. Belarus prezidenti xörəklərə toxunmazdan bir qədər əvvəl onun təhlükəsizlik xidmətinin əməkdaşı hər bir xörəyin dadına baxır. Düz başa düşdünüz - söhbət zəhərlənmə ehtimalından gedir.

Prezident yeyir...


Prezidentin menyusunda başlıca yeri süd məhsulları (qaymaq, kəsmik, yoqurt) və onlardan istifadə etməklə hazırlanması mümkün olan yeməklər (sup, sıyıq, fəsəli, pendir qutabı və s.) tutur. Həmçinin qızardılmış balıq və Belarus mətbəxindən dranik də Lukaşenkonun sevimli xörəklərindəndir. Lukaşenko kürü növləri arasında qara nərə kürüsünə üstünlük verir. Demək olar həmişə öz iqamətgahında yeyir. Yalnız nadir hallarda, əsasən işi çox olanda, adminstrasiyanın yeməkxanasından kabinetə yemək gətirilir.

Spirtli içkilərə gəlincə, o, Belarus istehsalı olan pivə və həmçinin öz ölkəsinin məhsulu olan "Vseslav Çarodey" arağına meyl göstərir. Diktatorun içdiyi "Korsar" konyakı da Belarus istehsalıdır. Qırmızı Moldova çaxırı da avropalı diktatorun menyusunda yer alır.

Prezident geyinir...

Evdə olarkən Lukaşenko yüngül idman geyiminə üstünlük verir. Amma o daha çox iş başında olur və bu zaman onun qarderobunun alınması ilə Prezidentin İşlər İdarəsi məşğul olur. Lukaşenkonun kostyumlarından 10-u Belarus Nazirlər Sovetinin xüsusi atelyesində tikilib. Bir neçə kostyum isə Fransadan gətirilib. Yaxın dostlarından hədiyyə olaraq qalstuk qəbul edir. Adətən, klassik və mühafizəkar ülubda olan qalstuklara üstünlük verir. Qarderobun seçilməsi ilə bağlı məsləhətləşmələr prezidentin protokol xidmətində keçirilir.

Prezident idman edir


Lukaşenkonun səhəri diyircəkli xizəklər üzərində 10-12 kilometrlik qaçışla başlayır. Qaçışı bir saatlıq hovuz üzgüçülüyü də əvəz edə bilər. Əvvəllər Belarus diktatoru həftədə üç dəfə bir neçə saat ərzində tennis oynayardı. Son vaxtlar onun maraq dairəsində dəyişiklik baş verib və hokkeyə keçib. O, bazar ertəsi, cümə axşamı və şənbə günlərində 15 dəqiqə fasilə verməklə 2 saat hokkey oynayır.

Bir çox diktatorlarda olduğu kimi Lukaşenko da öz etdiklərini öz təbəələrinə etdirmək istəyir. Elə öz hokkey hobbisini də silahdaşları arasında yaymağa səy göstərir. Onun işçiləri çəkisi 15 kiloqram olan hokkey paltarını sadəcə, geyinib qurtarana qədər üzülüb əldən düşürlər, amma buna baxmayaraq, özlərini elə göstərirlər ki, guya onlarda prezidentin özü kimi hokkeydən həzz alırlar. Hətta peşəkar hokkeyçilər "hokkeyçi diktator"un ağır rejimli oyunundan heyrətə gəlirlər. Adətən, hokkeyçilər buz üzərində bir neçə dəqiqə oynadıqdan sonra fasilə verirlər. Lukaşenko isə bir saat ərzində dayanmadan hokkey oynayır.

Onun idmana həvəsi gənclik illərindən gəlir. Hələ institutda oxuyarkən Lukaşenko öz tələbə yoldaşları ilə hər səhər saat 6-da yuxudan oyanıb yoxuşlu yollarla 5 kilometr qaçırmış. Üstəgəl sərbəst güləş, həndbol, futbol... Amma indi diktatorun kürəyində ağrılar olduğuna görə futbol oynamır. Bununla belə, futbol onun ən sevimli oyunudur. Baxmayaraq ki, diktator öz ölkəsində bu idman növünü inkişaf etdirə bilməyib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir