Modern.az

Loğman xərçəng xəstəliyini müalicə edib

Loğman xərçəng xəstəliyini müalicə edib

20 Yanvar 2010, 16:47

Polşalı loğman illər öncəsi bu xəstəliyin müalicəsində ağ neftdən istifadə edib

Son illər dünyada xərçəng xəstəliyinə tutulanların sayında artım müşahidə edilir. Alimlərin fikrincə, xəstələrin sayının çoxalması ətraf mühitin və ekologiyanın, eləcə də zərərli vərdişlərin insanların həyatına və sağlamlığına mənfi təsiri ilə bağlıdır.

Bu xəstəliyin öyrənilməsi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, 1990-cı ildə dünyada ilk dəfə xərçəngə tutulan xəstələrin sayı 8 milyon olmuşdusa, 2000-ci ildə bu göstərici 10 milyonu ötüb.  Proqnoza görə 2050-ci ildə dünya üzrə xərçənglə ilk dəfə xəstələnənlərin ümumi sayı 24 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 16 milyona çatacaq.

Azərbaycanda da xərçəng xəstəliyinə düçar olanların sayı artıb. Şəhiyyə Nazirliyinin məlumatına görə, son 5 il ərzində bu xəstəlikdən ölüm göstəricisi də artmaqdadır. Bunun əsas səbəblərindən biri şiş əleyhinə preparatların olmaması və çatışmazlığı, eləcə də bu preparatların çox baha olmasıdır.

Rəsmi məlumatlara görə, Azərbaycanda 8 minə yaxın bədxassəli şiş xəstəsi var. Bundan 4 mindən çoxu qadın, 3500-dən çoxu kişidir. Qeyri-rəsmi məlumatlarda bu rəqəmin daha böyük olduğu bildirilir. Qadınlarda xərçəng ən çox süd vəzi və uşaqlıq boyununda, kişilərdə isə mədə və ağciyərdə rast gəlinir. Azərbaycanda bu xəstəliyin ən yayılmış forması süd vəzisi və prostat xərçəngidir. Hamıya məlumdur ki, xərçəng sağalmaz xəstəliklər sırasına aiddir. Müasir tibb elmi hələ ki bu mərəz qarşısında acizdir. Xərçəngin törədicisi olan bədxassəli şişlər iki qismə bölünür: orqanizmin üst hissəsini zədələyən epitelial şişlər, əzələ, sümük, qan və digər toxumaları zədələyən qeyri-epitelial şişlər. Epitelial şişlər orqanizmin hər bir orqanında inkişaf edə bilir. Xərçəngin bu növü limfatik vəzlər və qan damarları vasitəsilə bir orqandan baqasına keçir. Bu, bir evdə baş verən yanğının digər evə keçməsinə bənzəyir. Tibb elmi hələlik bu «yanğını» söndürməyə qadir deyil.

Dünyanın bir sıra ölkələrində təbabətlə məşğul olan loğmanlar isə xərcəngi kimyəvi dərmanlarla deyil, bitkilərdən hazırlanmış təbii dərmanlarla müalicə edilməsini məsləhət görürlər. Onlardan bəziləri tibb elminin mübarizə apara bilmədiyi bu bəlanın hətta sağalan xəstəlik olduğunu iddia edirlər.  Bununla bağlı bir neçə metodologiya hazırlayan loğmanlar da olub.

Ötən əsrin sonlarında Polşanın paytaxtı Varşavada yaşayan türkəçarə həkim P.Pauletta isə xərçəngə qarşı tamamilə qeyri-ənənəvi üsul tətbiq etməklə onun müalicəsilə məşğul olub. O, iddia edib ki, xərçəngi, eləcə də qanla bağlı digər xəstəlikləri ağ neftlə müalicə etmək olar. Paulettanın fikrincə, hətta sağlam adam on beş damcı nefti qənd parçasının üzərinə töküb qəbul edə bilər. Türkəçarə ilə məşğul olan loğmanın fikrincə, xəstəliklərin qarşısını almaq üçün il ərzində bir neçə çay qaşığı ağ neft içmək ziyan verməz.  Xəstələr isə on beş gün ərzində hər səhər bir çay qaşığı ağ nefti ac qarına qəbul etməlidir.

Pauletta bildirib ki, bir çox pasiyentlər bunu edə bilmədiklərindən, onlar ilk günlər bir-iki damcı ağ nefti qəndin üzərinə damcıladıb onu yeyə və ya qaynanmış soyuq suya qarışdırıb gündə üç dəfə yeməkdən sonra içə bilərlər. Sonra ağ neft damcılarının sayı tədricən on beşə qaldırılmalıdır.

P.Pauletta iddia edib ki, ağ neftlə şəkər xəstəliyi, qanın zəhərlənməsi, müxtəlif iflic növləri, ürək xəstəlikləri, babasil, mədə xorası, baş ağrısı, radikulit, duzlaşma, angina, soyuqdəymə, boğaz şişi və s. mərəzlərin müalicəsi mümkündür. O, ciyərdəki və bağırsaqlardakı qurdları da ağ neftlə salmağın mümkünlüyünü bildirib. Bu zaman ağ nefti həm içmək, həm də bədənə sürtmək olar. P.Pauletta iddia edib ki, az həcmdə qəbul edilən ağ neftin insana heç bir əks təsiri yoxdur. Onun qəbul edilməsi yalnız yüngül formada qarınağrısı yarada bilər. Türkəçarə həkim uşaqlarda olan şəkər xəstəliyinin axırına çıxmaq üçün 4-5 həftə ərzində gündə beş damcı ağ neftin qəbulunu kifayət sayıb.

Qanla əlaqədar xəstəliklər, o cümlədən mədə xəstəliyi zamanı bir həftə ərzində gündə bir dəfə bir çay qaşığı ağ neft qəbul etmək lazımdır. İki aylıq fasilədən sonra dörd həftə ərzində hər gün bir xörək qaşığı ağ neft içilməlidir. Bir il sonra həmin kursu təkrar etmək lazımdır. İkinci dəfə bu xəstəliyə tutulmamaq üçün profilaktika məqsədilə ildə bir dəfə 12 gün ərzində hər gün bir çay qaşığı ağ neft içmək məsləhət görülüb.

P.Paulettaya görə, boğazı təmizləmək üçün ağ neftin üstündən günəbaxan və ya çaytikanı yağı içmək lazımdır. O, aviasiya neftindən istifadənin daha səmərəli olduğunu qeyd edib. Əgər bu mümkün olmadıqda, onda yarım litr adi ağ nefti pambıqdan süzüb sonra şüşə qaba tökmək, üzərinə üç qaşıq əla növ duz əlavə etmək, bu qabı içərisi su ilə dolu qazana qoyaraq saat yarım qaynatmaq lazımdır. Bundan sonra adi ağ neftdən müalicə məqsədilə istifadə etmək olar.

Ağ neftlə müalicəni P.Pauletta ilk dəfə öz üzərində sınaqdan keçirib. Türkəçarə həkimin özü bu barədə bunları yazıb: «Vaxtilə bağırsağımda qorxulu xərçəng şişi var idi. Xəstəlik  dövründə həkimlər bağırsağımın 75 sm hissəsini kəsib atdılar. Lakin bu, nəticə vermədiyindən, ağrılar davam edirdi. Daha sonra böyrəklərimin fəaliyyəti pisləşdi və həkimlər həyatımın son günlərini yaşadığımı bildirib məni xəstəxanadan evə yazdılar.

Evdə ölümü gözlədiyim məqamda öyrəndim ki, II Dünya müharibəsi zamanı Polşada bizim əsgərlər müxtəlif xəstəliklərdən qorunmaq üçün ağ neft (aviasiya nefti) qəbul edirmişlər. Mən də ondan istifadə etməyi qərara aldım. Əvvəlcə bir xörək qaşığı ağ neft içdim. Bir neçə gün sonra  özümü yaxşı hiss etməyə başladım, ağrılar azalmışdı. Neft qəbul etməyə başlayandan altı həftə sonra mən özümdə aclıq hiss etdim».

P.Paulleta ağ neft müalicəsini öz övladlarının üzərində də tətbiq edib. O, həkimlərin kömək edə bilmədiyi uşaq iflici keçirən azyaşlı oğluna gündə bir çay qaşığı ağ neft içirdib, bu müalicə uşağın sağalması ilə nəticələnib. P.Pauletta daha sonra qanında zəhərlənmə gedən böyük oğluna beş gün ağ neft qəbul etdirməklə onu da fəal həyata qaytarıb.

Polşalı loğmanın ağ neftlə xərçəngin müalicəsinə dair dediklərinə daha bir misal: «Belçikda yaşayan tanışımın döşündə bədxassəli şiş əmələ gəlmişdi. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti ağırlaşdığından ona ağ neft qəbul etməyi məsləhət gördüm. Qadın gündə acqarına bir çay qaşığı ağ neft qəbul etməklə dörd həftədən sonra sağalmağa başladı. Bu proses zamanı o, şəkər xəstəliyindən də xilas oldu».

P.Paulettanın sözlərinə inansaq o, Avropanın müxtəlif ölkələrində minlərlə xəstəni xərçəng xəstəliyinin pəncəsindən xilas edib.

 

Adəm QORXMAZ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi