Modern.az

AYB sözçüsü: “İşləmək istəyən yoxdur!..”

AYB sözçüsü: “İşləmək istəyən yoxdur!..”

Mədəni̇yyət

21 İyun 2012, 11:24

Tərcümə və ədəbi əlaqələr sahəsində hansı boşluqlar var?

Son zamanlar hər kəs, yazarlar, oxucular, şairlər, tənqidçilər və tərcüməçilərin özləri belə ədəbiyyatın inkişafında bir sıçrayışın olduğunu qeyd edirlər. Amma bununla da tam razılaşmaq düzgün olmazdı. Çünki müəyyən qədər də olsa, bu inkişafda qüsurlar və boşluqlar var. Elə götürək tərcümə ədəbiyyatı və ədəbi əlaqələrin təbliğini. Həm bu sahədə, həm də ədəbiyyatın bu sahəyə axın olan bölmələrində olan çatışmamazlıqları, qüsurları və boşluqları öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu ilə saxladıq. Ədalət Əsgəroğlu Modern.az saytına bu sahədə olan problemlərin kökündən, həlli yollarından danışdı.

AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bu gün ədəbiyyatımızda və ədəbi prosesdə baş verənlərin ictimaiyyətin diqqət mərkəzində olduğunu qeyd etdi: “ Əsas da ədəbi ictimaiyyəti maraqlandıran Azərbaycandan  kənarda və yaxud Azərbaycan daxilində ədəbiyyatımızın təbliği məsələsi durur. Ədəbiyyatımızın təbliği mexanizmi sovet dövründə çox yetkin, düşünülmüş, formalaşmış bir mexanizm kimi fəaliyyət göstərirdi. O zaman Azərbaycanda olan xalqlar, ölkəmizdən kənarda olan xalqlar bir-birinin ədəbiyyatı ilə maraqlanırdılar. Burda da əsas rolu təbii ki, tərcümə oynayır. Ədəbiyyatın təbliği müstəqillik dövründə pozulandan sonra bu sahədə olan işlər bir qələm sahibi olaraq məni qane etmir. Əgər ölkəmizdə inkişaf varsa, azad sözə hörmət varsa, xarici dillərin Azərbaycanda danışıq dili kimi istifadəsi varsa, niyə də bu sahədə də inkişaf olmasın. Axı bilirik ki, ölkəmizdə kifayət qədər xarici ölkələrin şirkətləri var və onlar da bizim ədəbiyyatla çox dərindən maraqlana bilərlər. Ona görə də onların danışdığı dildə də ədəbiyyat olmalıdır. Onlar Azərbaycan ədəbiyyatını və mədəniyyətini mənsub olduqları dildə oxusalar bu daha çox müsbət bir hal kimi yadda qalar“.

Ədalət Əsgəroğlu tərcümə sahəsində cüzi də olsa inkişafın olduğunu vurğuladı: “Mən demirəm ki, tam olaraq hər şey zəifdir, yəni bu yolda inkişaf var, amma əvvəlki illərə baxanda bir az səviyyə aşağıdır. Yəni o qədər cüzi şəkildə inkişaf edir ki, insanları, hətta yazıçıları, qələm sahiblərini belə qane etmir. Baxın kitab təqdimatlarında, ya tədbirlərdə olan kitab rəflərinə. Görün ki, xarici ölkə ədəbiyyatı geniş şəkildə təbliğ olunur, amma öz yazarlarımızdan ancaq iki nəfərin imzasını görmək olar. O da adətən ya Çingiz Abdullayev olacaq, ya da təsadüfdə hansısa şairimizin, ya da yazıçımızın olar. Baxaq elə qardaş Türkiyəyə. Orda istənilən ölkəyə tərcümə edilib göndərilən kitablar var və həmin xalqlar da türk ədəbiyyatı ilə öz dillərində daha yaxından tanış olmaq imkanı əldə edə bilirlər. Biz də öz ədəbiyyatımızı və mədəniyyətimizi orda görməyəndə təbii ki, məyus olmalıyıq. Ona görə də ədəbiyyatımızı tərcümə edənlərdən və bu sahədə təbliğatı bacaranlardan gözləntimiz çoxdur. Amma yenə də bu sahədə mütəxəssislər yetişməlidir, çünki bir nəfərlə iş bitmir. Bu sahədə iş görülməlidir. Belə bir misal çəkim, bir dövlət məmuru, ya alim, ziyalı, şair Azərbaycandan  kənara ezam olunanda özü ilə bir neçə kitab aparsa yaxşı olmazmı? Amma məyusluqla qeyd edim ki, bunu da heç kim etmir. Tutaq ki, yüksək məqama sahib olan şair və yazıçılarımız xaricə səfərə gedəndə özləri ilə bir gənci apara bilməzlərmi? Onu da edən yoxdur, təəssüf ki...“  

AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu tərcümə sahəsində olan boşluqlardan, problemlərdən yaranan suallara cavab axtarmağa çalışdı: “Niyə bizdə tərcümə ədəbiyyatı və təbliğat bu səviyyədədir? Bunun kökü hardan gəlir? Baxın ilk növbədə bundan başlamaq lazımdır. Bu boşluqlar nədən irəli gəlir? Bəlkə, tərcümə sahəsində işləyə bilmirik? Ya da bəlkə nələrsə bizə mane olur inkişaf etməyə? Bunlara cavab tapmaq lazımıdır. Bir də mən deyərdim ki, bizim yazıçı və şairlər öz dillərindən başqa bir dildə də yazıb yaratmalıdırlar. Bu da ədəbiyyatımıza və mədəniyyətimizə təsir edə bilər. Tərcümə daha da geniş miqyaslı olmalıdır. Bunun haqqında fikirləşən varmı, yoxdurmu, bilmirəm. Niyə inkişaf edə bilmirik, bəlkə işləmək istəyən yoxdur? Amma deyim ki, qələm sahibləri birləşsə, həmrəy olsa, bəlkə bu problemi çözə bilər. Məncə, hər birimiz də buna ciddi baxıb öz əsərlərimizin tərcüməsinə diqqət etməliyik. Bədii tərcümə vacibdən vacibdir. İndi harada maliyyə varsa, ora qaçırlar. Axı bu bədii tərcümə də mənəviyyat vasitəsidir. Niyə burda boşluq olmalıdır. Biz tərcümə vasitəsilə ölkəmizi xaricdə daha güclü təbliğ edə bilərik. Bu güc ölkəmizdən kənara çıxmalıdır və bəhrəmizi də görməlidirlər. AYB-nin üzvləri, elm sahəsində  çalışanlar və hər kəs bu sahəyə öz töhfəsini verməlidir“.

Ədalət Əsgəroğlu tərcümədə olan qüsurlardan da danışdı: “Əsəri tərcümə edən insan sonra o əsəri nəşriyyata təqdim edir və orda da bununla redaktorlar məşğul olmalıdır. Bir də az da olsa bu işdə korrektorun da rolu ola bilər. Etaplardan keçməli olan tərcümə əsəri indi heç bir mərhələ keçmədən çapa gedir. Aşağı səviyyədə baxırıq bu işlərə. Hələ mən qüsurlu antologiyalardan danışmıram. Elmi heyət olmadan özləri hazırlayıb xaricə yollayırlar və ədəbiyyatımız haqqında mənfi rəylər formalaşdırırlar. Həm də mənəviyyatımız az da olsa aşağılanır“.

Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür