Modern.az

Xan qızı Natəvan, Mir Cabbar ağa və Soltanbud təpəsi...

Xan qızı Natəvan, Mir Cabbar ağa və Soltanbud təpəsi...

21 İyun 2012, 12:43

Keçmiş sovet dönəmində Gəncə-Lənkəran yolunun Tət-tər, Bərdə, Ağdam, Agcabədi və  Beyləqan rayonlarından keçən  hissəsində yolboyu çoxsaylı təpələrə (kurqanlara) rast gəlmək olardı. Bəziləri möhtəşəmliyini indiyədək qoruya bilmişdir.

Demək olar ki, bu təpələrin əksəriyyətinin eramızdan əvvəl salındığı qeyd olunur. Zəngin tarixi maddi-mədəni irsimizin daşıyıcısı kimi çıxış edən bu təpələrin digər bir məqsədi  düşmən ordularının hücumlarından tez bir zamanda xəbərin ətraf ərazilərə yayılmasına çalışmaq idi. Sovet dövründə  qeyd edilən təpələrin bir qismi, xüsusəndə Bərdə rayon  ərazisində olanları, sıradan çıxarılaraq əkin sahəsinə qatıldı. Bununla da  burada olan zəngin maddi-mədəni irsin bir qismini əkin suları yuyub aparmış oldu...

Xatırladaq ki, o vaxtı həcmcə böyük olanlara əl vura bilməmişdilər. Bunların içərisində seçilən təpələrdən biri də Quzanlı kəndinin yaxınlığında olan Soltanbud təpəsi sayılır. Toponim iki sözdən ibarət olub şəxs adı “Soltan” və “bud/pud” isə fars mənşəli söz olub təpə mənasını verir.   Təpənin yaxınlığından Xaçın çayı və dünyada məşhur Saqqız ağacının məskəni sayılan Soltanbud meşəsi vardır. Maraqlı görünən odur ki, Kurqan tipli Soltanbud təpəsi indiyədək dərindən tədqiq edilməmiş, erməni silahlı dəstələrin ölkəmizə hücumu zamanı təpə özünümüdafiə məqsədilə istifadə edilmiş, həmin dövrdə  müdafiə istehkamı üçün aparılan qazıntılar zamanı təpənin asfalt yola yaxın hissəsində ciddi üslubda çaylaq daşından hörgü aparıldığı üzə çıxmışdı. Təssüfedici faktdır ki, elmi mənbələrdə bu təpə ilə bağlı araşdırmalara rast gəlinmir. Mənbələrdə,  Beyləqan və Culfa rayonlarında olan eyniadlı dağdan və yüksəklikdən söhbət açılır. Özündə zəngin maddi-mədəni irsi daşıyan Soltanbud təpəsindən isə hər hansı söhbət belə açılmır. Hələki...  

Etiraf edilməlidir ki, son əlli il ərzində  yuxarıda sözügedən Soltanbud meşəsinin demək olar ki, səksən faizi bu və ya digər səbəbdən sıradan çıxmış, meşənin “26 Bakı komissarı” kolxozuna (vaxtı ilə Quzanlı kənd sovetliyində formalaşmış kolxozun adı) verilən hissəsi son iyirmi ildə tamamilə ləğv edilmişdir...

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan prezidentinin 22.05.2007- ci ildə  imzaladığı (346-IIIQ) saylı  “Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununa  görə,  İmamqulubəyli və Çullu kəndləri Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, İmamqulubəyli kəndi mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Həmin qanunun digər maddəsilə  Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilmiş, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.

Ayrıca icra nümayəndəliyi kimi Quzanlı qəsəbəsindən ayrılan İmamqulubəyli kəndi XİX əsrin əvvəllərində təpəyə bitişik Xaçın meşəsinin ərazisində salınmışdır. Və indiki meşə “qalıqlarının” hüdudları bir tərəfdən  Ağcabədi rayonu ərazisindəki Sarıcalı kəndinə, digər tərəfdən Baş Qərvənd kəndinə kimi uzanırdı...Məhz ərazidəki meşə sahələrinin hesabına ərazidə onlarca suvarma üçün istifadə edilən onlarca kəhrizlər qazılmış, 70-ci illərə kimi istifadə edilmişdir...

Bu kəndin  salınmasının maraqlı tarixçəsi var. Elmi araşdırmalarda göstərilir ki, eynidalı kəndlər həm Ağcabədidə, həm Bərdədə, həmdə Ağdamda salınıb. Mülahizələrə görə, qaradolaq tayfalarının bir qolu olaraq hələ XIX əsrin əvvəllərində Azərbaycan ərazilərinin  Çar Rusiyasına qatılan ərəfələrdə yaşayış məntəqəsi Ağdam ərazisində salınıb. Çar Rusiyası dövründə kəndin idarəçiliyi beş il müdətinə İmamqulu bəyə verildiyindən, kəndin adıda məhz buradan yarandığı deyilir. Mənbələrdə qeyd edilən kəndin Ağdamda göstərilməsi indiki halda həqiqətə uygun deyildir. Belə ki, 1930-cu ilin inzibati ərazi bölgüsündə həmin kənd Ağcabədi rayonunun ərazisinə düşmüşdür. Kənd  Hindarxı qəsəbəsinin yaxınlığında olan yaşayış məntəqəsidir. Digər kəndlərdə məhz bu kənddən ayrılanlar tərəfindəın salındığı qeyd olunur.

Araşdırmalarımız göstərir ki, Soltanbud təpəsi yaxınlığınıda salınan İmamqulubəyli kəndi çar Rusiyası dövründən də əvvəl “Ağalıq” adlanırmış. Belə deyirlər ki, vaxtı ilə kənd Xan qızı Natəvanın  ikinci əri Seyid Hüseydən olan oglu Mir Cabbar Ağaya  hədiyyə edilib. Kənd onun mülkü sayılırmış. Xatırladaq ki, Xan qızı Natəvanın ikinci əri Seyid Hüseyndən beş övladı olub. Saray xanım, Həcər xanım, Mir Abbas, Mir Həsən, Mir Cabbar. Mir Cabbar ağanın Soltanbudun döşündə kəndə tərəf olan hissəsində ikimərtəbəli artırmalı mülkü də olmuşdur. Indi həmin ərazidə kəndin qəbirstanlığı salınmışdır..

Kolxoz quruluşu dövründə bəyin mülkü “Papanin” kolxozu idarə heyətinin inzibati binası kimi istifadə olunubmuş. Kənd sakinləri danışırlar ki, bir gün Mir Cabbar Ağanın oğlu Əbülfət Ağa kecəykən kəndə gəlir və binanın qaravulçusunu tapır. Məlum olur ki, qaravulçu vaxtı ilə Mir Cabbar Ağanın oğlu Əbülfət ağanın  nökəri olub. Nökərlə mehriban görüşən bəy  onunla bərabər keçmiş mənzillərini otaqbaotaq gəzir və kimin harada oturması ilə maraqlanır. Məlum olur ki, anasının yataq otağında kolxoz sədrinın kabineti yerləşirmiş...

Beləliklə, vəziyyətlə barışmayan Əbülfət ağa keçmiş nökərinə atının yəhərində gizlətdyi kanistrləri gətirməyi və solyarkanın bütün otaqlara səpməsini tapşırır. Qarovulçu əvvəlcə tərəddüd etsədə, sonradan Əbülfət ağanın əsaslı təkidlərindən sonra bu addımı atmalı olur. Beləliklə, idarə binasına od vurulur. Qorxuya düşən qaravulçunu isə Əbülfət ağa təlimatlandırır. Qaravulçu səhərə yaxın kəndə hay salır. Səhəri gün isə Əbülfət ağanın  təlimatına əsasən qaravulçu günahın məhz kolxoz sədrində olması ehtimalını irəli sürür. Ancaq proses bir qədər uzandığından və sonradan İkinci Dünya Müharibəsinin başlaması sədri sürgündən azad edir...

Kənd sakinlərindən eşitdiyim digər bir xatrirə  Əbülfət ağa ilə bagli idi. Belə ki, ikinci dünya müharibəsi dövründə müharibə zamanı əsir düşən həmyerlilərimizin biri hərbi hospitalda bir həkimlə qarşılaşır. Həkim Azərbaycan dilində onun haradan olması ilə maraqlanır. Təəcübündən özünü itirən həmyerlimiz Quzanlıdan olduğuu bir təfərdə olsa dilinə gətirir. Həkim ondan “Ağalıq” haqqında, habelə Mir Cabbar ağa haqqında, onun oğlu barəsində sual verəndə yaralı həmyerlimiz uşaq ikən o həyətdə olduğunu və bir uşaqla hətta güləşdiyinidə deyir. Məlum olur ki, bu adam Əbülfət həkim imiş. İndi dünyasını dəyişmiş həmyerlimiz iddia edirdi ki, həkim  sovet casusu kimi almanların içərinə  göndərilmişdi. Onun taleyi barədə dəqiq məlumat hələki əldə edə bilməmişik...     

Qeyd edək ki, kəndin ərazisində sovetin ilk illərində qonşu Çullu kəndinin əraziləridə bu kolxoza qatılaraq “Papanin” kolxozu formalaşdilrlmışdı.. 50-ci illərdə kolxozların böyüdülməsi nəticəsində “Papanin” adına olan  kolxoz-“26 Bakı komissarı”na  birləşdirilir. Məhz 50-ci illərdən başlayaraq İmamqulubəyli kəndinə bəzən “Papanin”də deyərdilər...   

Hazırda dəniz səviyyəsindən 80 metr hündürlükdə olan Soltanbud təpəsində quraşdırılan 60 metrlik dirəkdə  üçrəngli  Azərbaycan bayrağı dalğalanır. Təpənin ətrafında ciddi abadlıq işləri aparılmış, park salınmışdır.

Yüz əlli metrlik yüksəklikdə olan Azərbaycan bayragının Ağdamda, Şuşada və onlarca digər  işğal olunmuş ərazilərdə dalğalanacağı gün uzaqda deyil.

Ancaq o vaxta qədər biz  tək Ağdamın deyil,  bütün Qarabağın  inkişaf tarixini öyrənməli, gənc nəslə öyrətməli, həmdə konkret proqrama uyğun olaraq  bütün dünya ölkələrində  ciddi şəkildə  tanıtmalı və təbliğ etməliyik....

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir