Modern.az

Azərbaycanın keçmış müdafiə naziri məqalə yazdı

Azərbaycanın keçmış müdafiə naziri məqalə yazdı

Aktual

27 İyun 2012, 09:43

Sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayevin 525.az saytında məqaləsi dərc olunub.Modern.az həmin məqaləni olduğu kimi dərc edir.

Hər bir müstəqil dövləti dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bu amil həm də geopolitik faktor kimi dövlətin beynəlxalq aləmdə qlobal və regional yerini müəyyənləşdirir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Elə buna görə də müasir Azərbaycan ordusu keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın güclü ordusu var. Ölkəmiz sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik ölkədir. Bu mövqeni şərtləndirən mühüm amillər isə böyük iqtisadi potensial və güclü ordudur.

Bu gün Azərbaycan ordusunun inkişafı çox sürətlə gedir. Belə ki, Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Azərbaycanın hərbi xərcləri artıq 2 milyard dollardan çoxdur və bu artım davam edəcək. Təbii ki, bu yüksəliş hərbi qulluqçuların və onların ailə üzvlərinin həyat tərzinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə də müsbət təsir göstərir. Taktiki və strateji planlaşdırmalar, yüksək səviyyəli hərbi təlimlərin keçirilməsi də ordumuzun qüdrətindən xəbər verir.

Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz tarix boyu güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib.

1918-ci il iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərarın qəbul olunması ilə Azərbaycanda milli ordunun təməli qoyuldu. Bu tarix Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının başlanğıc tarixidir.

Müasir Azərbaycan Ordusuna gəldikdə isə 1991-ci il oktyabrın 9-da ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Nəticədə, müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən isə 26 iyun – Silahlı Qüvvələr Günü elan edildi və hər il Azərbaycan xalqı bu günü bayram edir.

Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.

Lakin 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı..

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Onun bariz nəticəsidir ki, Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat və texnika daha müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir.

Bu gün Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı qürurla deyə bilər ki, müstəqil Azərbaycan Respublikasının Nizami Ordusu, Hərbi Dəniz Donanması, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunları, Milli Qvardiyası, Fövqəladə Hallar Nazirliyinin hərbi birləşmələri və digər silahlı birləşmələri var. Eyni zamanda sevindirici haldır ki, son dövlər yaradılmış Müdafiə Sənayesi Nazirliyi bu birləşmələri təmin edə biləcək səviyyədə silah və texnika istehsal edir.

1995-ci ilin fevralından Azərbaycan Respublikasının Müdafiə naziri olan general-polkovnik Səfər Əbiyevin Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan dövləti qarşısında xidmətləri böyükdür. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevi Silahlı Qüvvələrdəki fəaliyyətini, ordu quruculuğu sahəsindəki xidmətlərini həmişə nəzərə alıb və onu yüksək orden və medallarla təltif edib. Səfər Əbiyevi yaxından tanıyan bir şəxs kimi deyə bilərəm ki, o, bu orden və medallara layiq bir şəxsiyyətdir. Onun sayəsində Müdafiə Nazirliyində güclü islahatlar aparılıb. Bununla yanaşı, Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycan ordusudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müdafiə naziri cənab Səfər Əbiyev ordunun daha da inkişaf etməsi üçün bir çox təqdirəlayiq islahatlara imza atmış, ordumuz ən müasir silahlarla təchiz edilmişdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin üç qoşun növü var: Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri.

Quru Qoçunları Azərbaycan Silahlı Qüvvələrinin birinci qoşun növüdür.

Bu gün Azərbaycan Quru Qoşunları Azərbaycanın ərazi bütövlüyünü və bütövlükdə müstəqilliyini qorumağa qadirdir. Quru qoşunları tam formalaşdırılıb və ştat üzrə komplektləşdirilib. Belə ki, indi Quru Qoşunlarımız hər bir müasir texnika ilə, silah-sursatla tam təmin edilmişdir. Bu texnikanı müasir tələblərə uyğun istifadə etmək imkanlarına malik olan kifayət qədər kadrlarımız var.

Heydər Əliyevin təşəbbüsü və Türkiyə ilə imzalanmış protokola əsasən 1997-ci ildən Ulu Öndərin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və burada hərb elminin dünyanın ən qabaqcıl standartları tətbiq edilməklə tədris olunmasına başlanıldı. Silahlı Qüvvələrimizin strukturuna daxil olan Quru Qoşunlarını peşəkar hərbi kadrlarla təmin etmək üçün Hərbi Akademiya, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Gizirlər Məktəbi, Çavuşlar Məktəbi, Hərbi Tibb fakültəsi də yaradıldı. Ancaq hərbi təhsildən danışanda yada düşən məktəblərdən biri əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi liseydir. Heydər Əliyevin səyi nəticəsində bu məktəbin yaradılması Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açdı. Uli Öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin martında bu liseyin Naxçıvanda filialı açıldı. Bu gün məktəb daha yüksək tələblərə cavab verir.

Bu üç qoşun növündən ikincisi olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları regionun ən güclü təminata və arsenala malik qurumu hesab edilir. Azərbaycanın Hərbi Hava Qüvvələri 20-ci əsrin əvvəllərindən formalaşmağa başlayıb. ADR dövründə HHQ-nin formalaşdırılmasını o qədər də qənaətbəxş hesab etmək olmaz. Azərbaycan HHQ-nin formalaşması tarixi 1992-ci il aprel ayının 8-nə təsadüf edir. Belə ki, həmin gün baş leytenant Vaqif Qurbanovun Sitalçay aerodromundan keçmiş sovet ordusuna məxsus “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan Ordusuna təhvil verdi. Bundan sonra Azərbaycan HHQ-nin ilk komandanı, həmin dövrdə Hacı Zeynalabdin Tağıyev Qəsəbəsində yerləşən hərbi aviasiya alayının komandiri olmuş Vladimir Kravtsov və polkovnik-leytenant Aleksandr Pleşin də eyni addımı atdılar. Onlar da öz növbəsində sovet aviasiyasına məxsus təyyarələri Azərbaycan ordusunun tabeçiliyinə verdilər. 1992-ci ildən başlayaraq Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başladı. Həmin il HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirildi. İslahatların nəticəsidir ki, 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başladı.

Azərbaycanda başlanan hərbi islahatlar prosesi HHQ və HHMQ-yə təsirsiz ötüşmədi. 20% ərazisi işğal altında olan Azərbaycan Ordusunu qırıcılarla, hərbi təyyarələrlə və hava hədəflərini vuracaq texnikalarla təmin etmək günün vacib tələbi idi. Beləliklə, Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə yönəldildi. Bu gün artıq fəxrlə demək olar ki, HHQ və HHMQ xüsusi dövlət obyektlərinin və atributlarının mühafizəçisi rolunda çıxış edir.

Azərbaycan Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növlərindən üçüncüsüdür. Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Avqustun 5-i Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaranma günüdür. “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisindən ibarət Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılıb. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana verib. Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub.

Keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. O vaxt Rusiya müəyyən bəhanələrlə Bakı bazasında yerləşmiş müasir gəmiləri açıq dənizə çıxararaq Mahaçqalaya aparıb və geri qaytarmayıb. Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.

HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən dəniz piyada taburu və xüsusi təyinatlı diversiya – kəşfiyyat mərkəzi daxildir.

Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı da Azərbaycan Ordusunun modernləşməsində mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanın NATO ilə əməkdaşlığının əsası 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması ilə qoyulmuşdur. Son 15 ildə Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində, sülhyaratma əməliyyatlarında, seminarlarında fəal iştirak etmiş, ən müasir hərbi təcrübələri mənimsəmişlər. 2004-cü ildə isə Azərbaycanın NATO-nun “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”na qoşulması barədə razılıq əldə olunmuşdur. Bu sənədin Azərbaycanla NATO arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynaması günümüzün reallığıdır. 2008-ci ilin sonunda bu əməliyyat planının ikinci mərhələsi başlamışdır. Bu plana qoşulmağımız da Azərbaycan Ordusunun müasir, o cümlədən NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir. NATO ilə Azərbaycan arasında olan əməkdaşlığa əsasən bu gün ölkəmizin Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılması istiqamətində islahatlar uğurla həyata keçirilir. Həmçinin hərbçi kadrların yetişdirilməsində də artıq neçə ildir ki, NATO standartları əsas götürülməkdədir. Ölkəmizdə dəfələrlə səfərdə olan NATO rəsmiləri Silahlı Qüvvələrdə aparılan islahatlardan razılıqlarını ifadə etmişlər. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara uyğunlaşdırmaqdır. Müşahidələr göstərir ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək iqtidarındadır. Bu isə Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda mövqeyini daha da möhkəmləndirir, ölkəmizin müdafiə potensialını daha da artırır. Bütün bunlar məhz Azərbaycan Prezidentinin ordu quruculuğuna göstərdiyi böyük diqqətin, qayğının nəticəsində baş verib. Ordu və Ali Baş Komandan arasında mövcud olan bu möhkəm bağlılıq cəmiyyətin orduya münasibətinin formalaşmasına da öz təsirini göstərir. Bu gün Azərbaycan hərbçisi birbaşa ölkə rəhbərliyinin himayəsi və qayğısı ilə əhatə olunub. Cəmiyyət də Silahlı Qüvvələri kifayət qədər nüfuzlu və səviyyəli bir institut kimi qəbul edir və artıq hərbçi peşəsi sanballı bir peşə hesab olunur. Bu, cəmiyyətin orduya və dövlətə inamının artmasının, möhkəmlənməsinin əyani göstəricisidir.

Ordu quruculuğu prosesində xeyrimizə işləyən həm maddi, həm də sırf psixoloji məqamlardan biri də Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin maddi təminatını öz potensialı hesabına ödəməsidir. 2004-cü ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların istehsalını artırır. Əlamətdardır ki, Azərbaycan hərbi sursat istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur dünya şirkətləri ilə əməkdaşlıq etməklə yanaşı, müəyyən sursat növlərinin satışı və yeni bazarların axtarışı ilə də fəal məşğul olur.

Qeyd olunmalıdır ki, son iki-üç il ərzində Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə yeni istehsal sahələri yaradılıb.

Bütün bu amillər və faktlar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etməyə əsas verir.

 525.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu