Modern.az

Anardan Vaqif Səmədoğluna - “Vaqifi məndən Facebook aldı”

Anardan Vaqif Səmədoğluna  - “Vaqifi məndən Facebook aldı”

28 İyun 2012, 15:17

Hər hansı kitabın təqdimatı haqqında yazmaq hər zaman mənə maraqsız və yorucu gəlib. Doğrudur, nadir hallarda istisnalar da olur...
Bu dəfə tam olaraq o sıxıntıdan çıxmaq üçün sadəcə öz düşündüklərii və gördüklərimi yazdım...

Əslində getdiyin tədbir ürəyincə olmayıbsa, qələmin sadəcə quru bir təqdimat yazısı yazacaq. Əks halda, yazdığın yazının elə ilk kəliməsindən rənglər aləminin qapısı açılacaq.

Qarışıq duyğularla Vaqif Səmədoğlunun imza gününün qeyd olunduğu məkana yollandım. Yol boyu Vaqif Səmədoğlu ilə son söhbətimizi xatırladım. İyunun 5-də telefon açıb, ad gününü təbrik etdim. Onda Vaqif müəllim mənim “bu yaşda özünüzə nə arzu edərdiniz” sualıma “özümə ancaq onu arzu edirəm ki, daha üç-dörd il də yaşayım və istədiklərimi həyata keçirə bilim. Bir də xatirələrimi yazım” cavabını vermişdi. 

Nəhayət “Əli və Nino” kitab evinə çatdım və adət etdiyim kimi kitab satılan tərəfə yaxınlaşdım... Amma ala bilmədim... Kitablar “od qiyməti”nəydi. İndiki dövrdə 15 manata kitab olar?
Təqdimat məkanına aparan pilləkənlərə yaxınlaşanda, tanış səslər eşidib ayaq saxladım. Kitab rəflərinin arxasında Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və millət vəkili Asim Mollazadə kitabla bağlı kiçik, amma çox maraqlı bir müzakirə edirdilər.

Şair Faiq Balabəylinin yanında boş yer tapıb əyləşdim. Yazıçılar Birliyinin sədri Anar müəllim, tanınmış aktyor Fəxrəddin Manafov... çox adam gördüm....
Daha sonra Rüstəm İbrahimbəyov gəldi...

Bu təqdimat daha çox kiçik bir teatr səhnəsinə bənzəyirdi. Fikirlərimi Mehriban Zəki Vaqif Səmədoğlunun bir şeirinə musiqi oxumaqla qarışdırdı.

Təqdimat başlamışdı... Vaqif  müəllim öz təəssüratlarını bölüşdü və beləcə biz bu tamaşanın ilk anına qədəm qoyduq. Sonra Yazıçı Anar danışdı və arada qeyd etdi ki, Vaqif Səmədoğlunu ondan Facebook aldı... Hər kəs, o cümlədən kitabın müəllifi Şövkət Kərimova və redaktoru Siyavuş Məmmədzadə də yazılanlar, yaşananlar haqqında danışdı...

Yadımdan  çıxmamış bir məqamı da qeyd edim... Bu təqdimatda çox adam demək olar ki, rus dilində çıxış etdi... Beləcə Azərbaycan şairinin imza günündə rus dilində olan çıxışlar başa çatdı...
Amma bu heç əvvəlcədən elan olunduğu kimi imza günu də deyildi... Sadəcə şairin dünyasına həsr olunan bir kitab təqdimatı idi.
Xülasə, kitabı imzalamaq məqamı gəldi. Kitabı da müəllifi yox, elə Vaqif Səmədoğlu özü imzaladı...
Mən isə heç bilmədim nə vaxt gəlib Vaqif müəllimin yanında əyləşdim... Amma bircə onu bilirəm ki, məni hansısa dalğa ora gətirmişdi.
– Qızım, müsahibə vermirəm...
Şairin bu sözlərindən diksindim...
- Mən müsahibə üçün oturmamışam bura.
Ardınca Vaqif müəllimin həyat yoldaşı mənə onun bir kitabını hədiyyə etdi. Mən də həmin kitabı gətirib oğluma bağışladım....

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır