Modern.az

Abşeron yarımadasındakı göllər qurudulur

Abşeron yarımadasındakı göllər qurudulur

Ölkə

22 Yanvar 2010, 10:06

Son illərdə göl və gölməçələrin ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində bir çox tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Məmmədhüseyn Müslümov Modern.az-a bildirib ki, Abşeron yarımadasında neft çıxarılmasından sonra lay sularının əraziyə axıdılması nəticəsində yaranan göl və gölməçələrin qurudulması bu il də davam etdiriləcək: “2006-cı ildə ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair kompleks tədbirlər planı” təsdiqlənib. Həmin planda Abşeron yarımadasında olan bütün göllərin ekoloji vəziyyətinin sağlamlaşdırılması tədbiri öz əksini tapıb.

Abşeron rayonunda antropagen təsirə məruz qalan torpaqların sahəsi 33 min hektardır. Bunların içərisində neftlə çirklənmiş ərazilər 10,6 min hektar təşkil edir. Abşeron yarımadasında 200-dən artıq göl və gölməçə var. Onların ümumi sahəsi 3325 hektar təşkil edir. Bu göllərə gündəlik axıdılan çirkab suların həcmi 115 min kub metr təşkil edir”. M.Müslümov deyib ki, “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən tullantı suların Böyükşor, Bülbülə, Masazır və Hacıhəsən göllərinə axıdılmasının qarşısını almaq üçün kanalizasiya şəbəkəsi quraşdırılıb. Həmçinin Ekologiya Nazirliyi tərəfindən bu göllərin ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində tədbirlər planı hazırlanıb.

M.Müslümov qurudulan göllərin yerində yaşıllıq və istirahət zonalarının salındığını deyir: “Xüsusi nasoslar vasitəsilə göldəki su təmizlənərək Xəzər dənizinə axıdılır. Böyük həcmli sualar isə kanalizasiyaya axıdılır. Göllərin qurudulması o ərazidə aparılır ki, həmin ərazidə əhali yaşamır. Abşeron rayonu ərazisində uzun illər ərzində fəaliyyət göstərmiş təbii göllər öz əvvəlki hüdudlarına qaytarılmaqla onların həm suyunun və dib çöküntülərinin, həm də ətraf ərazilərinin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Şəhrsalma və Arxitektura Komitəsi tərəfindən Böyükşor gölünün təmizlənməsi abadlaşdırılması və şəhər əhalisi üçün istirahət zonası kimi  istifadə edilməsinə dair konsepsiya hazırlanıb. Həmin konsepsiyaya Ekologiya Nazirliyi də öz rəyini bildirib. Orada əsas görüləcək işlər ondan ibarətdir ki, gölün su sahəsinin müəyyən hissəsi qurudulmaqla istirahət zonaları, parklar və yaşıllıqların salınması nəzərdə tutulub. Keçmiş Binə və Sədərək ticarət mərkəzlərinin ərazilərinə yaxın göllər də qurudulub, rekultaviyasiya işləri aparılıb və hazırda orada yaşıllaşdırılma işləri aparılır”.

Günay MUSAYEVA

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir