Modern.az

Şəmistan Əlizamanlı: “Müdafiə Nazirliyində mənə şərt qoydular ki” - MÜSAHİBƏ

Şəmistan Əlizamanlı: “Müdafiə Nazirliyində mənə şərt qoydular ki” - MÜSAHİBƏ

30 İyun 2012, 18:21

”Qızım universiteti bitirib, oğlum da Avropada memarlıq sahəsində təhsil alır”


Modern.az
saytı hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı, bir vaxtlar radio və televiziya efirində təkrarolunmaz səsi ilə məşhur olan, buna görə hətta “Azərbaycanın Levitanı” adlandırılan Şəmistan Əlizamanlının müsahibəsini təqdim edir.

- Hərbi-vətənpərvərliyin təbliğatı ilə bağlı vəziyyət sizcə necədir?

- Mən düşünürəm ki, hərbi-vətənpərvərliyin təbliğatı indi normal bir səviyyədədir, çünki mətbuat da bu sahədə təbliğat aparır.

- Bəs orta məktəblərdəki vəziyyət..?

- Orta məktəblərdə vəziyyət çox yaxşıdı. Mən bir neçə orta məktəbdə olmuşam və ordakı vəziyyət məni qane edir. Məktəblərdə kiçik yaşlarından uşaqları vətənpərvər ruhda tərbiyə edirlər. Mən hətta bir çoxunun hesabat tədbirlərində də olmuşam və məktəbliləri bu ruhda böyütdükləri üçün öz təşəkkürlərimi də söyləmişəm. Həm də uşaqlara vətənpərvər ruhda olan şeir və mahnıları da öyrədirlər. Bunu mən bir neçə bağçaya da aid edə bilərəm.

- Amma orta məktəblərdə şagirdlərə silahla davranış qaydaları əyani şəkildə göstərilmir. Müharibə gedən ölkədə isə bunun çox vacib olduğu bildirilir...

- Bu məktəb rəhbərliyinin düşüncəsindən və səviyyəsindən asılı olan bir haldır. Sovet vaxtında biz təhsil alanda hər şey var idi, silahdan da istifadə edirdik və atmaq qaydalarını da öyrənirdik. Sonra da hərbi xidmətə gedəndə çətinlik çəkmirdik, çünki silah bizə artıq tanış idi. Düşünürəm ki, bunlar indi də olmalıdı və bunu çox vacib amil kimi qiymətləndirirəm. Amma arada bəzi orta məktəblərdə hansısa bədbəxt hadisələr baş verdi. Yəqin məktəblərdən silahların yığışdırılması həmin hadisələrə görə baş verdi.

- Hərbi-vətənpərvərlik ruhunda olan mahnıların populyarlıq qazanmamasının səbəbini siz nədə görürsüz ?

- Populyarlıq qazanmayan mahnı onsuz da sıradan çıxacaq və gündəmdə qalmayacaq. Amma deyim ki, bizim estradada elə bir müğənni yoxdur ki, onun repertuarında vətənpərvərliyə aid mahnı olmasın. Bir də mahnının insanlara təsirindən də çox şey asılıdır. Həm də bəzi mahnılar var ki, hər zaman gündəmdə qalır. Buna səbəb də həm mahnının sözlərinin, həm müğənninin, həm də musiqinin vəhdətidir. Bir məqam da var ki, səhərdən axşama qədər hərbi-vətənərvər mahnıları efirə vermək olmaz axı.

- Siz televiziya kanallarının bu sahəyə ayırdığı zamandan razısınızmı?

- Mən belə düşünürəm ki, bu hər bir kanalın şəxsi işidir. Mən bir layihə hazırladım və bir neçə televiziya kanalına da təqdim etdim. Bu daha çox mənəviyyat və vətənpərvərlik ruhunda olan veriliş olacaqdı. İnanın heç biri bu layihəni qəbul etmədi. Dedilər ki, onlar cddi verilişləri qəbul etmirlər, ancaq şou xarakterli verilişlərə meyillidirlər. Açıq şəkildə də bunu etiraf etməkdən çəkinmirlər. Həmçinin deyirlər ki, “ciddi verilişlər bizə reytinq gətirmir”. Kimsə o kanallara demir ki, sən hərbi-vətənpərvər ruhunda musiqilər səsləndir. Televiziyanın və radionun səviyyəsi onun repertuarı, proqramı və rəhbərindən asılıdır. Bunun başqa yolu yoxdur.

- Hazırda hansı mahnılar və proyektlər üzərində çalışırsınız?

- Hazırda yaradıcılıq işlərim davam edir və dayanmamağa çalışıram. Yeni-yeni mahnılar yazdırıram. Yeni bir diskim demək olar tam hazırdı. Adını da “Vətən əmanəti” qoymuşam. Həm də bu mahnılara uyğun özümün ardıcıl olan planlarım var. Xalq şairi Nəriman Həsənzadənin sözlərinə Əli Behbudzadə musiqisi yazıb və bu da Nuru Paşaya həsr olunan bir marşdır. Dünən sözləri Şəhla Gündüzə və yenə də musiqisi Əli Behbudzadəyə məxsus 20 yanvar şəhidləri barədə “Güllələrin mübarək” adlı bir mahnı yazdıq. İndi Nuriyə Hüseynova ilə bir sıra yeni duetlərim olacaq, həmçinin qədim bir türk mahnısı var və onun üzərində də işləyirik. Bunun da musiqi hissəsi başa çatıb və qalıb Nuriyə xanımla bizim ifa etməyimiz.

- İctimaiyyətin Qarabağ mövzusuna olan münasibəti sizi qane edirmi və özünüz bu məsələnin hansı həll yolunu görürsünüz?

- Müharibəni dövlət apardığı üçün, bu haqda nəsə bir fikir yürütmək də dövlətin səlahiyyətindədir. Bizim də bu istiqamətdə işimiz hərbi-vətənpərvərlik mahnılarını yazıb təqdim etmək ola bilər.

- Deyəsən əvvəllər Müdafiə Nazirliyi sistemində çalışırdınız. Hərbi sahədə qalırsınız?

- Yox, mən oradan çıxmışam, amma deyim ki, məni Müdafiə Nazirliyindən heç buraxmaq belə, istəmirdilər. Hətta şərt də belə oldu ki, müharibə olsa, qayıdarsan. Mən də dedim ki, əlbəttə qayıdaram. Amma indi daha çox sərbəst şəkildə yaradıcılıqla məşqul olmaq istəyirəm.

- Sizi hamı tanıyır, müəyyən qədər də ailəniz haqqında məlumatlı verə bilərsiniz?

- Ailə mənim şəxsi həyatımdı və mən bu haqda danışmağı sevmirəm. Bu şou ilə məşğul olan insanlar üçün məqbuldur. Mən bunu qəbul edə bilmirəm, həm də mənim ifa etdiklərim vətənpərvərlik mahnılarıdı və bura da ailə məsələlərini aid etmək olmaz. Bircə onu deyə bilərəm ki, bir oğlum və bir qızım var. Qızım universiteti bitirib, oğlum da Avropada memarlıq sahəsində təhsil alır. Bu qədər...

- Hazırda nə iş görürsüz ?

- İndi “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədriyəm.

- Bəziləri deyirlər ki, ordu-cəmiyyət münasibətlərində açıqlıq olmalıdı, amma bunun əksini düşünənlər də var. Siz bu məsələ ilə hansı fikirdəsiniz?

- Hərbi çox ciddi bir sahədir və məncə qapalı olmalıdır. Əgər valideynlərin narahatçılıq keçirənləri varsa, iki ayda, üç ayda bir dəfə onlara övladları ilə açıq görüşlərə icazə verilməlidi. Burda qeyri-normal heç nə yoxdu, amma bəzi hərbi sirlər var ki, onları açmaq olmaz.
Bəzən belə bir narahatçılıq əsgərlərə işgəncə verilməsi ilə bağlıdır. Belə hallar Moskvada da olmuşdu və o zaman bunun aradan qaldırılması üçün bir üsul tapdılar. Eyni üsulu bizdə də tətbiq edə bilərlər. Bu da əsgərlərin daha sıx olduqları yerlərə gizli kameraların qoyulmasıdır. Bu olarsa, demək olar ki, bütün neqativ halları aradan götürə bilər.

- Hərbi jurnalistikanın səviyyəsi indi necədir?

- Azərbaycan ordusunun həm qəzeti, həm də jurnalistləri var. Bu yazıların çoxu da hərbi senzuradan keçir. Amma vaxtaşırı Müdafiə Nazirliyi jurnalistləri yığıb görüşlər, treninqlər keçirməlidir. Məncə əvəllər belə bir ənənə var idi. Amma indi bilmirəm bu hansı səviyyədədir. Deyim ki, ordu tam olaraq ictimaiyyətin üzünə açıq ola bilməz. O zaman o ordu olmazdı.

- Bəzən hansısa bir neqativ hadisə olanda mediadan gizlədirlər və bir neçə gündən sonra xəbər verilir. Sizcə bu doğrudur?

- Mən deyərdim ki, arada jurnalistləri hərbi hissələrə görüşlərə dəvət etmək lazımdı. Bəzi qapalı hissələri çıxmaq şərtilə, qalan hər bir məqamla onları tanış etməlidirlər.

- Telekanallardan hansıları izləyirsiniz ?

- Maraqlı verilişlər olanda izləyirəm, amma bunlarla yanaşı, xəbərləri də izləməyi xoşlayıram. Rusiya kanallarını, “Euronews”, təbiət verilişlərini və başqalarını izləyirəm ki, dünyada baş verənlərdən xəbərim olsun. Həmçinin digər mətbuatı da izləməyə çalışıram.

- Bəs telekanallarda hansı nöqsanları görürsünüz ?


- Şouya daha çox vaxt ayırırlar, amma mənəviyyatımzla, dinimizlə, mədəniyyətimizlə, vətənpərvərliyimizlə, milli kimliyimizlə bağlı məqamlara isə az. Sadaladığım məqamları efirdə daha çox görmək istərdim. Həm də bu ulduz axtarışına niyə çıxıblar, bilmirəm. Sovet dövründə belə verilişlər yox idi, amma baxın ki, nə qədər istedadlı insanlar üzə çıxıb. Olsa belə, bunun da bir həcmi, çərçivəsi olmalıdı.

- Telekanallarda yeni bir layihə təklifi gəlsə, razılaşardınız?

Əlbəttə istərdim ki, belə bir layihə olsun və mən onun aparıcısı ola bilərəm. Bu da hökmən ciddi bir veriliş olmalıdır.

- Sizə həm əyləncə, həm də vətənpərvər ruhda bir verilişin aparıcısı olmaq təklif olunubmu?

- Belə bir təklif var idi, amma mən ondan imtina etdim. Mənim baxışlarıma  və dünyama uyğun gəlmədi o təklif.

- Teleaparıcılardan kimləri bəyənirsiz ?

- Mən düşünürəm ki, efirə hər kəsi buraxmaq olmaz və müəyyən bir seçim olmalıdı. Seçim olsa, qüsurlar da yaşanmaz.  Təbii ki, bəyəndiklərim də var və bunlardan bir neçə aparıcını deyə bilərəm. Amma ümumi götürəndə səviyyədən çox narazıyam. O zaman müsabiqə ilə ən yaxşıları seçirdilər, amma indi isə elə deyil. Bəzən də heç efirə uyğun olmayanları da var. Bəzən isə yaxşıları görəndə fərəhlənirəm.

- İctima-siyasi prosesləri necə, izləyə bilirsiniz?

- Təbii ki, bu ölkənin hər bir vətəndaşı kimi mən də siyasi prosesləri izləyirəm və özüm üçün nəticə çıxarıram. Amma siyasət adamı deyiləm...

- Onda digər sual: hazırda hansı kitabı oxuyursuz ?

- Bu günlərdə demək olar heç bir kitabı oxumamışam, amma deyim ki, daha çox mətbuatı izləyirəm. Orta məktəbdə çox kitab oxuyurdum və hətta bir kitabı bir gecəyə bitirirdim. Sonra gözlərimdə problem yarandı və məni həkimə apardılar. Onda mənə qadağa qoyulmuşdu kitab oxumağa. O zaman indikindən fərqli olaraq, zaman da bol idi. Amma indi deyim ki, heç kitab oxumaq istəyən də yoxdu.

- Ən çox hansı şair sizin ruhunuza daha yaxındır ?

- Şair kimi daha çox Ramiz Rövşən mənim ruhuma yaxındır. Br sıra şeir kitablarını vərəqləyirəm, ruhumu tutan şeirlər olsa, nişanlayıram. Ola bilsin ki, gələcəkdə ona bir mahnı da yaza bilərəm.

- Bəs gənc yazarlar necə, izləyə bilirsiniz?

- Onları da oxuyuram. Amma mənə nə lazımdısa, onları götürməyə çalışıram.

- Sizə özləri şeir vermək üçün müraciət edənlər də olurmu?

- Əlbəttə olur. Mənlə hətta duet oxumaq istəyənlər də var. Bəziləri də olub ki, mən onları çox bəyənmişəm.

- Bu işlər sizi yormur ki?

- Yox, əksinə bu mənə zövq verir. Hər kəsin bu həyatda hansısa bir missiyası olmalıdı və bu da mənim missiyamdı.





Könül Səid  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir