Modern.az

Müstəqil Azərbaycanın daxili işlər nazirləri - Onlar kimlərdir?

Müstəqil Azərbaycanın daxili işlər nazirləri - Onlar kimlərdir?

Aktual

2 İyul 2012, 10:13

2 iyul Azərbaycanda polis günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi də yaradılıb. İlk daxili işlər naziri Fətəli Xan Xoyski olub. 1918-ci il iyulun 2-də isə milli hökumətin qərarı ilə də Gəncə şəhərində ilk polis orqanları yaradılıb. Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyinə olub.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil dövlətin tərkibində fəaliyyət göstərməyə başlayıb.
Artıq 21 ildir müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir.
Zaman-zaman qurumun rəhbərliyinə müxətlif təyinatlar olub. Müstəqil Azərbaycanda indiyədək 7 daxili işlər nazirinin təyinatı həyata keçirilib. Onlar kimlərdir? Hansı işləri görüblər  və hazırda haradadırlar?

Modern.az müstəqil Azərbaycanın daxili işlər nazirləri ilə bağlı yazını təqdim edir.

Məhəmməd Nəbi oğlu Əsədov müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziridir. 1941-ci il dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan M.Əsədov 1990-cı ilin may ayında daxili şlər naziri vəzifəsinə təyin edilib. Mərhum nazir müstəqillikdən sonra yalnız 1 ay bu postda qala bilib. (23.05.1990 – 18.11.1991).
M.Əsədov 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Ağdam rayonunda ermənilər tərəfindən vertolyotun vurulması zamanı dünyasını dəyişib.

Məhəmməd Əsədovun faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov da daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib. (18.11.1991 – 20.02.1992).

Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. T.Əliyevin də nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə o, Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda ehtiyatda olan generaldır. (24.02.1992 – 25.05.1992)

Həmidov İsgəndər Məcid oğlu  müstəqil Azərbaycanın 4-cü daxili işlər naziridir. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İ.Həmidov  1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək  daxili işlər naziri vəzifəsində çalışıb. (26.05.1992 – 16.04.1993).

Allahverdiyev Abdulla Museyib oğlu nazir olaraq 2 ay fəaliyyət göstərə bilib. A.Allahverdiyev  1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub. (21.04.1993 – 25.06.1993).

Bir ay sonra isə Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. V.Novruzov 1994-cü ilin aprelin 29-da postunu təhvil verib. (07.07.1993 – 29.04.1994).

Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziridir. R.Usubov 1994-cü ilin aprelin 19-dan bu zamana kimi fəaliyyətini davam etdirir.

O, 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Nazir təyinatınadək müxtəlif vəzifələrdə çalışıb.
Prezidentin 29 aprel 1994-cü il tarixli 140 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. General-polkovnik Ramil Usubov artıq 18 ildir ki, Azərbaycanın daxili işlər naziridir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür