Modern.az

Yazıçı Çingiz Abdullayev: “... bu sözlərim qadınlara aid deyil...” - MÜSAHİBƏ

Yazıçı Çingiz Abdullayev: “... bu sözlərim qadınlara aid deyil...” - MÜSAHİBƏ

2 İyul 2012, 11:17

“... hətta polisə də müraciət etmişik...”


Modern.az
saytının “Güzgü” layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru, nasir, publisist və bütün dünyada detektiv romanları ilə məhşur olan Çingiz Abdullayevdir.

- Çingiz müəllim, evinizdə təxminən neçə güzgü var?

- Dəqiq hesablamamışam, amma bilirəm ki, evdə güzgülər çoxdu. Evdə olan şkafların da əksəriyyəti güzgülüdür. Hesablamağa qalsa, evdə olan güzgülərin sayı təxmini 20-ni ötüb keçəcək.

- Bəs səhər yuxudan oyananda güzgüyə baxırsınız ?

- Ümumiyyətlə güzgüyə baxmağı sevmirəm. Düşünürəm ki, kişi güzgüyə az baxmalıdı. Mən heç üzümü qırxanda belə güzgüyə baxmıram. Amma əl-üzümü yuyandan sonra bir dəfə baxa bilərəm.

- Axı güzgüdə yaş və cizgilərin dəyişmə məqamı da var.

- Güzgüyə baxmıram və bunlar da məni narahat etmir.

- Ümumiyyətlə gün ərzində neçə dəfə güzgü önünə keçirsiniz?

- Arada elə günlər olub ki, heç güzgüyə bir dəfə belə olsa, baxmamışam. Həm də saçım da yoxdur ki, düzəldim. Maşallah o baxımdan çox rahatam. Üzümü qırxıram və geyinib evdən çıxıram.  Mən güzgüyə baxmağı heç sevmirəm.

- Güzgüyə baxan məqamlarda düşünmürsüz ki, nələrisə dəyişmək lazımdı və bu dəyişiklik mütləqdi?

- Yox düşünmürəm ki, nəyisə dəyişmək lazımdı. Amma həyat yoldaşım bu işlərdə yaxşıdı. O mənə baxır və nə isə çatmayanda deyir. Ona görə də bu baxımdan heç bir problem yoxdu.

- Bəs o sizi güzgüdə necə görür?

- O hər şeyi görür və lazım olan məqamlara da düzəliş edir.

- İradı olur ?

- Yox elə ona görə də hamısına baxır ki, sonra hansısa bir iradı olmasın. Bir də görürsən mənim bir neçə aylıq geyimimi yığıb hazırlayır.

- Düşünürsünüz ki, güzgü sizi aldada və ya hansısa yanlış bir duyğulara sövq edə bilər?

- Elə ona görə də güzgüyə baxmamağa çalışıram. Bayaq da dedim, yenə təkrar edirəm kişi güzgüyə az baxsa yaxşıdı.

- Baxanda güzgüdə daha çox kimi görürsünüz? Burda bölgünü özünüz desəniz daha doğru olardı.

- Bu sual bir az mənim üçün gülməli oldu. Sizcə güzgüyə baxıb düşünəcəm ki, “hə mən xalq yazıçısıyam?”. İnsan özündən çox razı olanda bunu axmaqlıq kimi qələmə verirlər. Mən heç kitablarımı hazırlayanda belə, öz şəklimə baxmıram. Görürsüz də kitabların axasında kiçik bir şəkil olur. Onu da nəşriyyat özü verir.

- Heç olub ki, yazı prosesində özünüzü güzgüdə görəsiniz?


- Heç vaxt belə bir məqam olmayıb. Mən düşünürəm ki, yazı prosesində güzgü olsa, əksinə bu mənə mane olacaq.

- Çingiz müəllim, siz romanlarda həm müsbət, həm də mənfi qəhrəman obrazları yaradırsınız. O keçidlər arasında baxışlarınızda nəyinsə dəyişdiyini bilmək maraqlı olar. Bax o zaman güzgü sizə nələri... göstərəcək..?

- Çalışıram bax həmin məqamlarda güzgüyə baxmayım və bilirəm ki, güzgüyə baxsam, heç də yaxşı şeylər görməyəcəm. Ona görə də yazı yazanda güzgüdən uzaq dururam.

- Bəs bu ardıcıllığı etaplara böləndə çətin olmur ki ?

- Güzgü olmasa çox rahat işləyə bilərəm.

- Güzgü hər bir yazıçı və şairin yaradıcılığında xüsusi bir önəm daşıyıb. Bu da ki, danılmaz bir faktdır. Sizcə yaradıcı insanlarda bu güzgüyə bağlılıq nədən irəli gələ bilər ?

- Mənim “Vampirlərin güzgüsü” adlı bir kitabım var. Deyirlər vampirlər güzgüdə görünmürlər və onlar güzgüyə baxanda da heç vaxt özlərini görmürlər. Bəlkə də mən bu baxımdan düşünürəm ki, insanlar da güzgüyə çox baxmamalıdır. Amma bu sözlərim qadınlara aid deyil və onlar hər zaman özlərinə çox baxmalıdırlar.

- Bizim necə insan olduğumuzu kənardan baxanlar daha yaxşı deyə bilər. Bəs siz güzgüdən öz yaradıcılığınızı necə görürsüz ?

- Mənim güzgüm kitablarımdı. Onu kim oxuya bilirsə, oxuyur, kim də oxumursa demək ki, heç nə anlamır.

- Ara-sıra güzgüyə baxanda obyektiv olduğunuzu düşündüyünüz anlar olub?

- Yazıçı heç vaxt obyektiv ola bilməz. Yazıçı subyektiv olmalıdı. Sevirəm, ya sevmirəm. Ağla qaranı seçə bilirəm, ya da seçmirəm. Hər yazıçı öz mövqeyini, öz baxışlarını yazır. Oxucu onunla razılaşsa, kitabları alıb oxuyacaq. Razılaşmasa da ki, almayacaq. Dünyada kitablarım 26  milyon tirajla satılır və demək ki, bu qədər insan məni oxuyur. Demək ki, bu qədər insan mənimlə razıdı.

- Demisiniz ki, sizin romanlarınızı Azərbaycan dilinə tərcümə etməsələr yaxşıdı.

- Mən nəşr olunmasını istəyirəm, amma təbii ki, bu tərcümələr sanballı olmalıdı. Amma elə sözlər var ki, onlar heç vaxt Azərbaycan dilinə tərcümə olunmayıb və oluna da bilməz. Azərbacan yazıçısı üçün ilk növbədə əxlaq və vicdan məsələləri daha çox üstünlük təşkil edir və mən təbii ki, yazanda hər zaman fikirləşirəm ki, mənim kitabımı hər təbəqədən olan adamlar oxuya bilər. Mənim baxışlarım əslində kosmopolitdir. Amma buna baxmayaraq, heç bir şeydən üzdən keçmək istəmirəm. Sərhəddi heç vaxt keçmirəm, ona görə ki, mən Azərbaycan ədəbiyyatının nümayəndəsiyəm və azərbaycanlıyam. Təbii ki, mən rus, alman, fransız deyiləm. Onların keçdiyi sərhəddi də mən keçə bilmərəm.

- Azərbaycanda sizin romanlarınız pis tərcümə olunub. Razısınız?

Pis deməzdim buna, tam olaraq biabırçı şəkildə tərcümə olunub deyərdim. Hamısı bir günə kompüterdə tərcümə olunur və hamısı da  pirat məhsuludur. İndi “Qanun” nəşriyyatı 160 kitabımın müqavilə ilə tərcüməsinə başlayıb. İnanıram ki, yavaş-yavaş o piratları yığışdıra biləcəyik. Ana yurdumda, vətənimdə sanballı kitablarımın olmasını istəyirəm. O piratların aradan yığılması üçün hətta polisə də müraciət etmişik. İnanıram ki, tezliklə bu məsələ həll olunacaq.

- Güzgüdən öz yaradıcılığınıza baxsanız nələri dəyişmək, ya da əlavə etmək istərdiniz?

- Heç bir məqamı dəyişmək istəmirəm. Əgər 28 dilə tərcümə olunuramsa, əgər kitabların 26 milyon tirajla çıxırsa, heç nəyi dəyişmək istəmirəm. Yeniliklərin də olmasını istəyirəm və planlarım da çoxdur. Allah qoysa hamısını yerinə yetirəcəm.

- Bəs güzgüdən baxanda bu yaradıcılıq yolunda özünüzlə yanaşı kimləri görürsüz ?


- Siyasi detektiv sahəsində yazanlar çox azdı. Amma deyim ki, cavanlar da var. İstərdim ki, onlar beynəlxalq arenaya çıxsınlar. Hələlik isə belə birini görmürəm.

- Amma sizinlə yanaşı, Azərbaycanda dedektiv yazan iki yazıçı - Elxan Elatlı və Varis də var. Onlarla tanışsız ?

- Mən şəxsən onların heç birini tanımıram. Amma düşünürəm ki, belə yazıçılar çox olsa, yaxşıdı və mən də buna çox sevinərəm.

- Nə zamansa güzgünü sındırmaq istəmisiniz?

- Heç vaxt sındırmaq istəməmişəm.

- İnsan müəyyən yaş dövrünə çatanda qüsurları görür və narahat olmağa başlayır.

- Reallığı sındırmaq olmaz.

- Bəs o kiçik uşağı necə görə bilirsiniz güzgüdə?

- Mən indiyə qədər də elə kiçik uşağam və hesab edirəm ki, mən hələ heç 14 yaşımı keçməmişəm. Mən 14 yaşı keçsəydim, kitab yaza bilməzdim. Mənə indi də maraqlıdır ki, bu həyatda nələr var..... İndi də baxanda görürəm ki, dünya necə də maraqlıdır... Mənim hələ də 14 yaşım var...

- O uşaq sizə nələri diktə edir?

- Maraqlı şeyləri diktə edir. Əslində mənim həyatım burda yox, orda, kitablarımda və yuxularımdadır. Hər gecə səhərə qədər yuxu görürəm və hamısını da yadda saxlayıram.

- Bildiyim qədər siz uşaqlıqda çox utancaq olmusunuz. Bəs indi necə?  

- İndi həyasız olmuşam və o utancaqlıqdan heç bir şey qalmayıb. Düşünün, mənim bu qədər fan-klubum var. Hələ Bakıda olan iki fan-klubda 9000 qadın və qız var. Hər biri ilə bir gün söhbət etsəm, mənim düz otuz ilim gedər. Bundan sonra utancaq qalmaq olar ? Hələ Yazıçılar Birliyinə nə qədər adam gəlir, toyda nə qədər adam olur ki, şəkil çəkdirmək istəyir. İnsan da beləcə dəyişir. Amma o uşaqlığı mən öz ürəyimdə indiyə kimi də saxlamışam... Hələ də düşünürəm ki, hansısa bir möcüzə ola bilər... İnanmaq istəyirəm ki, insanlar hələ də vicdanlı və əxlaqlı ola bilər...




Könül Səid

Foto: Elçin Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?