Modern.az

Parlament jurnalistləri Aqil Abbası necə xarakterizə edirlər?

Parlament jurnalistləri Aqil Abbası necə xarakterizə edirlər?

22 Yanvar 2010, 15:34

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Modern.az saytı bundan sonra parlament jurnalistləinə “Bu deputatı necə xarakterizə edərdiniz?” sualı ilə tez-tez müraciət edəcək. Yəni KİV nümayəndələrindən Milli Məclisin bütün üzvləri barədə rəy öyrənəcəyik. Həmkarlarımız öncə adı əlifba sırası ilə birinci gələn deputat Aqil Abbas barədə fikirlərini bildiriblər.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Onu çilğin bir insan kimi tanıyıram. Sərbsətdir, istədiyi adamla istədiyi kimi danışır. Mən onun üçün nəyin sərhəd olduğunu bilmirəm. Amma atmacalarını istisna etsək, 5 il ərzində parlamentdə 1-2 dəfə danışıb. Bütün hallarda maraqlı insandı, onunla həmsöhbət olmağa dəyər”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Müsbət adamdı. Lətifələri dinləməyi çox sevir. Yeyib-içəndi, deyəsən ən çox sevdiyi yerlərdən biri də “Azərbaycan” Nəşriyyatının yeməkxanasıdır. Jurnalistlərlə isti münasibəti var, bəzən isə suallara söyüşlə cavab verir”.

Mediaforum.az saytının əməkdaşı İmdad Əlizadə: “Aqil Abbasa birmənalı qiymət vermək çətindir. Milli Məclisdən kənarda daha ürəkli danışır, parlamentdə isə... Aqil müəllim həmkarımızdı, barəsində pis danışmaq istəməzdim”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Parlamentdə nadir hallarda danışır. Jurnalistlərə münasibəti çox yaxşıdı, çoxları ilə opüşüb-görüşür. Yazıçı, jurnalist kimi hörməti var. Bəzi jurnalistlərə isə aradabir görüm-baxım edir”.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Gözəl insan, səmimi, mehriban deputatdır. Yəqin jurnalistlərə xoş münasibəti özünün bu peşə sahibi olmasından irəli gəlir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Onu çılğın adam kimi tanıyırdıq. Amma Milli Məclisdə bunu görmədik. Heyf ki, onu aktiv deputat kimi də tanımadıq”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Mən onu jurnalist kimi tanıyıram. İti qələmi var. Deputat kimi də onun nədənsə çəkindiyini görməmişəm. Məncə, kimin ona işi düşübsə, bacardığı köməyi edib”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Onu 20 ildən artıqdır ki, tanıyıram. Yaxşı jurnalist, gözəl insandır”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Aqil Abbas xüsusiyyətlərinə  görə parlamentdə hamıdan fərqlənir. O, jurnalist kimi bir cür, deputat kimi başqa cür görünür. Bu parlament Aqil Abbasın heç də çılğın olmadığını göstərdi. Dördüncü Çağırış Milli Məclis dövründə ona çilğın, bir də fəal deputat olmağı arzulayıram”.

"Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadlı: “Aqil Abbas milli məsələlərdə ortaya mövqe  qoyan deputatlardandır. Hər halda biz bir sıra məsələdə onun mövqeyini görmüşük”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Aqil Abbas bizim həmkarımızdır. Indi də mən ona belə yanaşıram. Əvvəllər Milli Məclisdə danışırdı, indi ona da ara verib. Mənə elə gəlir onu tanımayan yoxdu, jurnalist Aqil Abbas...”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Aqil Abbas pislikdən uzaq bir adamdı. Onunla hərbi xidmət zamanı tanış olmuşam. Bayram vaxti “N” saylı hissədə televiziyada çixiş etmək mənə həvalə olunmuşdu. Ziyalılar, sənət adamları da bizi təbrik etməyə gəlmışdilər. Danışıb qurtarandan sonra bir şəxs mənə yaxınlaşdı, ərkyana qucaqladı və dəvət etdi ki, hərbi xidməti başa vurandan sonra onun yanında jurnalist kimi fəaliyyət göstərim. Telefonlarını verdi, onda bildim ki, bu şəxs Aqil Abbasdır. Əsgərliyi başa vurandan bir neçə ay sonra onun yanına getdim. Düzdür, bir yerdə işləmək bizə qismət olmadı, ancaq jurnalistikaya gəlməyimdə onun böyük rolu oldu. Sonradan onunla xeyli söhbətlər etmişəm. Kövrək adamdı. Xüsusilə də, Qarabağ, şəhid adı gələndə çox kövrəlir. Böyük-kiçik yeri bilən adamdı, gənclərə qayğı ilə yanaşır, yaxşı lətifələr danışır. Jurnalistikada imza sahibidir. Qaldı deputatlıq məsələsinə, özünün də etirafları var ki, bəlkə də müəyyən məsələni məlum səbəblərdən yerinə yetirə bilməyib və s...”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...