Modern.az

Xanın tələbəsi olmuş Zərdabi tədqiqatçısı

Xanın tələbəsi olmuş Zərdabi tədqiqatçısı

3 İyul 2012, 17:28

Maraqlı insan idi Vəli Məmmədov. Çözəl səsi var idi. Xanın tələbəsi olmuşdu. Amma elmin arxasınca gedəsi olmuşdu. Evlərində, xüsusəndə  atası, Sosialist Əməyi Qəhrəmanı, Ağdamda sayılan seçilən nəslin nümayəndəsi olan Muxtar  Məmmədov da razı deyilmiş oğlunun musiqiçi olmasına. Bundan sonra, nəslində üç Sosialist Əməyi Qəhrəmanı olan Vəli müəllim  filologiyanı özünə daha yaxın bilir. Universiteti bitirdikdən sonra elmin inkişafına öz töhvəsini vermək üçün aspiranturaya daxil olur və bu yaxınlarda 170 illiyini qeyd edəcəyimiz Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunan mövzuda  dissertasiya müdafiə edərək, indiki yazılışla desək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır.…

Onu ilk dəfə 1981-ci ildə görmüşdüm. Yaxın qohumlarımın birinin oğlunun toyunda iştirak edirdi. Bəylə gəlini təbrik edən Vəli müəllim hələ üstəlik bir ağız da oxumuşdu. Oxumağıynan da məclisin abu havasını xeyli dəyişmişdi. O vaxt mən institutun ikinci kursunda oxuyurdum….

Otuz ildən sonra dostumuz  Tahir Aydınoğlunun  vasitəçiliyi ilə  daha yaxından  tanış olduq.  Vəli müəlllim heç dəyişməmişdi. Hündür qaməti, səsinin ahəngi, ömrünün son günlərinədək elə bir biçimdə  qalmışdı Vəli müəllimin...

Növbəti görüşlərin birini Ağdama həsr etmək istədik. Razılaşdı. Dediyi vaxtda zəng etdim. Dedi “dostumgildəyəm gələ bilərsənsə “Sovetski ” hamamının yanına gəl, mən də çıxıram”…

Görüş yerinə çatanda artıq Vəli müəllimi orada gördüm.

Yaş öz işini görsə də, gümrah görsənirdü Vəli müəllim. Öyrəndim ki, yaşça özündən böyük dostunu yoluxmağa gəlibmiş. Hətta əliboş getməyibmiş. Mer-meyvədən də alıbmış…

Maşınla onu Yasamaldakı mənzilinədək aparası oldum.  Yolumu bir qədər aralıdan saldım ki, söhbət üçün bir növ artıq vaxt qazanım. Xeyli danışaq. Noyabr ayı olduğundan maşını söndürməyib, mənzillərinin yanındakı dayanacaqda Vəli müəllimlə söhbətləşdik…

Doğulduğu kəndi, oxuduğu Boyəhmədli kənd məktəbini, Abbas bəyin məktəbini,  Ağdamda əvvəlcə kirayə qaldıqları mənzili xəyalən gəzəsi olduq. Çox şirin xatirələri danışdı Vəli müəllim…

Amma gec olduğundan  növbəti görüş üçündə vaxt təyin etdik. Bir həftədən sonrakı görüşə isə maraqlı məlumatlar, elmi mənbələr və sənədlərlə məni tanış edəcəyinə söz verəsi oldu…

Bir həftə keçdi. Amma Vəli müəllim zəng etmədi… 

Milli Kitabxanada qəzet arxivində  hörmətli dostum, jurnalist Rafiq Əsgərovla salamlaşıb oturmaq istəyirdim ki, “Vəli müəllimin  yas yeri hardadı ay Vüqar” deyəndə,- sanki bir anlıq tutuldum.

- Hansı Vəli müəllimi deyirsən…

- Sənin yerlin …

- Ola bilməz qardaş  dörd beş gün  əvvəl görüşmüşəm, sap-saglam kişi idi. Bəlkə, səhv salırsan.

İndi öyrənərəm,- dedim.

 Öz nömrəsinə zəng etməyə ürək etmədim. Dostumuz Tahir Aydınoğluna zəng edib məsələni dəqiqləşdirməyi xahiş etdim. Sən demə onun da yaxın qohumu olsa da, qəflətən  baş vermiş  ölüm xəbəri  ona da çatmayıbmış.

Beş dəqiqə çəkmədi. Və məlum oldu ki, həqiqətən ürəktutmasından Vəli müəllim  79 yaşında  dünyasını dəyişib…

Vəli Məmmədovla söhbətin yadımda qalan bəzi məqamlarını oxucularla, onu yaxından tanıyanlarla bölüşmək istərdim…

…. “Atam Muxtar Məmmədov əvvəlcə kənddə  “selpo”nun sədri (kənd istehlak cəmiyyəti), sonralar isə Qaradağlı kənd sovetinin sədri olmuşdu. 1932-ci ildən əvvəl isə Qərvənd kəndində işləmişdi. Onda mən uşaq idim. 1940-cı ildə Ağdama köçdük. Atamı “raypo”nun sədri  təyin etdilər. Sonra müharibə  başladı....

....Atam o vaxtı bizim kəndi aclıqdan çox çətinliklə qoruya bilmişdi. Müharibə vaxtı bir nəfərdə olsun acından ölməmişdi...

Ağdamda kirayədə olurduq. Rabitə işçisi olan Məsti kişinin evilə qonşu idik. Bildiyimə görə, atam 20-ci ildə “çekist” olub. Altı il milis şöbəsində işləyib, sonra xalq təsərrüfatı sahəsində məsul vəzifələrdə çalışıb. Mircəfər Bağırovun Qaradağlı kəndinə gəlişində də iştirak edibmiş…”

Vəli müəllim danışırdı ki, atası 1941-ci ildə sədr təyin edildiyi kolxoza gəlir və görür ki, nə kolxozun mal qarsı qalıb, nə taxıl var, nə dəki heç nə. Səhəri kənddən Ağdama, raykoma gəlir, açıb qapını girir içəri.

“O vaxt Ağdam RPK-nın birinci katibi işləyən Yusif Yusifova deyir ki, ay kişinin oğlu, sən məni göndərmisən kəndə, orda heç nə qalmayıb. Belə getsə camaat acından qırılacaq axı...”

Deyir “Mircəfər Bağırova zəng elə. De ki, kolxoz sədri xahiş edir ki, kənd camaatını aclıqdan xilas etmək üçün bir ton taxıl  lazımdır”.

- Katib cavabında,- Ay kişi sən hay küy salma, panika yaratma. Mən nətər zəng edim,- deyir.

Həmin illərdə Ağdamda “KQB”-sinın rəisi işləyən tatar əsilli Əhmərov atamı yanına cağırır. Atam məsələni ona da danışır.

Beləliklə, Bağırova Əhmərov zəng vurası olur. Atamın sözünü olduğu kimi Mircəfər Bağırova deyir. Mircəfər Bağırov ehtiyat fonddan 5 ton taxıl verməyə razılıq verir...”

Taxılı məsciddə  saxlatdıran Turab kişi, sonra onu dəyirmanda yarma etdirib, böyüklərə 100 qram, kiçiklərə 60-70 qram olmaqla paylaşdırır, bir qismini isə əkin üçün saxlatdırır...

“Ondan sonra insanların gözünə sanki işıq gəlir. İkinci ildə taxıl biçinində xeyli miqdarda taxıl götürəsi olduq. Taxılımız o qədər çox oldu ki qonşu kəndlərə də paylayası olduq...”

Vəli müəllimin sözlərinə görə, Qaradağlı kəndinin üstü Sarıcalı kəndinə qədər hamısı sıx kolluq olduğundan kəndə bəzən  “Həsənxan kolluğu” və ya “Kolbasan” deyərmişlər. Elə ona görə də Qaradağlı kəndinin bir adı da “Kolbasan” olub.

Kəndin maraqlı sakinlərin biridə  şuşalı  general-mayor Kərim ağa Cavanşir idi... 

Vəli müəllimin dediyinə görə, Evoğlu, Qaradağlı, Rzalı, Mahrızlı, Zəngişalı, Çəmənli, Sarıcalı, Qərvənd bu kəndlərinin bir hissəsi XVIII əsrdə Qaradağ mahalından gəlib:

-“Qoca nənəm tərəf Qaradağ mahalından, atamgil isə “cılxa” ağdamlı idi, ...

Bilirəmki, Ağdama getmək mənə qismət olmayacaq…”   bununla elə bil söhbətə sanki yekun vurdu Vəli müəllim...

Əlavə olaraq qeyd edim ki, elmi mənbələrdə, o cümlədən “Azərbaycan toponimlərinin ensiklopedik lüğətində”   ölkəmizdə 14 adda Qaradağlı kəndinin olduğu göstərilir. Onun üçü Ağdam rayonunda olub. Hazırda Qasımlı və Ağdamkənd  İcra nümayəndəliyi  ərazilərindəki eyniadlı kəndlər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Mənbələrdə göstərilir ki, söz Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə böyük rol oynamış “qızılbaşların”  qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Azərbaycana köç etmiş tayfalarda məhz həmin nəslin bir qolu və hazırda İran İslam Respublikası ərazsində olan Qaradag mahalından olanlardır  

Vəli müəllimin atası iyirmi il 1941-ci ildən 1961-ci ilə kimi kolxoz sədri işləmiş və göstərdiyi xidmətlərə görə, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdü. O da səksən illiyə ciddi hazırlaşırmış. Hətta yubileyin rayon səviyyəsində keçiriləcəyi qərara alınmışdı...

Böyük ümudlə Vəli müəllimdə öz səksən illiyinə töhvə vermək üçün hazırlaşırdı.

Vəli müəllim mətbuatın atası sayılan Həsən bəy Zərdabinin əsas tədqiqatçılarından sayılırdı.  Dissertasiyasını redaktə etməklə çap etdirmək istəyirdi. Həm də mənimlə sonuncu söhbətində   Ağdamla bağlı kitabının hazır olduğunu demişdi. İstəyirdi 80-illik yubileyi ərəfəsində kitabları çap etdirsin…

Özüdə hiss edirmiş kimi tələsirdi. Kitabının tez nəşr edilməsi üçün var qüvvəsi ilə çalışırdı... Amma əcəl imkan vermədi ona...

Atasının yaşında  ikən dünyasını dəyişdi Vəli müəllim...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü