Modern.az

Aktyor Qurban Məsimov: “Tanınmaqdan qorxuram” - MÜSAHİBƏ

Aktyor Qurban Məsimov: “Tanınmaqdan qorxuram” - MÜSAHİBƏ

Mədəni̇yyət

4 İyul 2012, 10:01

“Fəxri ad aktyorun deyil, müdiriyyətin işinin göstəricisidir”

Modern.az-
da “Mubahisə” rubrikasının növbəti qonağı “Aramizda qalsin” serialının baş qəhrəmanı olan Mehman rolunun ifaçısı, tanınmış aktyor Qurban Məsimovdur.
  
– Artıq ikinci mövsümdür ki, “Xəzər” televiziyasında yayımlanan “Aramızda qalsın” serialında Mehman obrazını canlandırıram. Həmçinin serialda aktyorlarla iş üzrə rejissoram.

– Bəs teatr?

– “Simsar” teatr studiyası ilə əməkdaşlıq edirəm.

– “Dəli yığıncağı” Pantomima Teatrından niyə uzaqlaşdınız?

 - Teatra gənclər gəldi və düşündüm ki, onlara da imkan yaratmaq lazımdır. Həm də digər sahələrdə özümü sınamaq istədim.

 – Bəlkə səbəb inciklikdir?

– Xeyr, Bəxtiyar Xanızadə ilə söhbət elədim, dedim ki, getmək istəyirəm.

– Sizə pantomima aktyoru demək olarmı?

– Biz “Dəli yığıncağı” pantomima studiyasını yaradanda çalışdıq ki, özümüzü unversal tərbiyə edək, həm pantomimada, həm televiziya layihələrində, həm də filmlərdə işləyə bilək.

– Sadaladığınız amplualardan hansı sizə daha yaxındır?

– Fərqi yoxdur, hansıyla məşğul oluramsa, işimi keyfiyyətli görməyə çalışıram.

– Mehman obrazına qədər sizi yalnız tamaşaçıların bir qismi “Nəm- nəm” kimi tanıyırdı. Yəni indiki kimi populyar deyildiniz. Mehman obrazının hələlik yaradıcılığınızın zirvəsi saymaq olar?

– Hələlik yaradıcılıqda heç bir zirvə yoxdur, sadəcə, gördüyüm işlər, o cümlədən “Nəm-nəm” layihəsi uğurlu alınmışdı. Azərbaycanda ilk klounlardan biriyəm. Bu obraz mənim oynadığım kloun Appanın əlləri idi. Sonradan Baksell-in reklam çarxına çəkildim, o da maraqla qarşılandı. Amma Mehman obrazı ilə yanaşı, ara-sıra bədii filmlərdə çəkildim.

– Hansı filmlərə?

– Rusiyanın sifarişi ilə çəkilən “Qraf Kristovskiy” serialında Tahir obrazını oynadım. Bu “Qraf Monto Kristo”nun müasir fərziyyəsi idi. Həmçinin üç İran filmində rol aldım. Sonuncusunun çəkilişlərində iki ay Məşədidə yaşamalı oldum. Bildiyimə görə, həmin film bir sıra ölkələrdə, həmçinin İran Mədəniyyət Günlərində çərçivəsində İndoneziyada nümayiş olunub. Bu filmin ssenarisi mənə görə yazılmışdı, obrazımın adı da Qurban idi.

– Fakturanız kifayət qədər yadda qalandır. Rejissorlar gəncliyinizdən yetərincə istifadə edə bildilərmi?

– Ümumiyyətlə, bu barədə düşünmürəm. Qırx yaşım olsa da iyirmi yaşlı insanın plastikasını bədənimə uyğunlaşdırıram. Lazım olanda on-iyirmi il gəncləşə, yaxud yaşlana bilirəm. Bu da aldığım təlimdən irəli gəlir. Pantomima aktyoru olduğumdan bilirəm ki, hər yaşın, hər obrazın öz plastikası var.

– Bayaq bildirdiniz ki, ampluaların sizin üçün fərqi yoxdur, indi isə deyirsiniz ki, pantomima aktyoruyam...

– Oranın təlimini keçdiyimdən işin özülü budur. İdmanla məşğul olmağımda kömək edir.

- Dəfələrlə sizi dayanacaqda avtobus gözləyərkən görmüşəm. Maddi durumunuz maşın almağa imkan vermir, yoxsa avtomobilə marağınız yoxdur.

– Ola bilər ki, siz məni avtomobilim olmayan zaman görmüsünüz, artıq iki ildi maşınım var. Bu yaxınlarda məni dayanacaqda gördüyünüz vaxt maşınımı təmirdən götürməyə gedirdim.

– Bu avtomobili serialın ayağına yazmaq olar?

– Serialın yox, dayımın ayağına yazmaq olar.

– Yəni?

– Dayım mənə təklif elədi ki, Qurban, bəlkə, öz maşınımı sənə satım...

– Nəyə görə gənclər, əsasən də 30-35 yaşına çatmış həmkarlarınız bir-iki rol oynayandan, azacıq tanınandan sonra fəxri ad davası döyürlər?

– Bu hər kəsdə fərdi xüsusiyyətdir.

– Elə aktyorlar var ki, tanındıqca tələbləri də artır, bəzənsə olduğu kimi qalır. Populyarlığa gəlincə, bunun yaxşı və pis tərəfləri var. Hər bir aktyor ömür boyu məşhur və tanınmış olmaq istəyir. Tanınandan sonra isə qara eynək taxır ki, onu tanımasınlar. Yeri gəlmişkən, biz dayanacaqda görüşəndə siz də qara eynəkdəydiniz.

Tamamilə haqlısınız, tanınmaqdan qorxuram. Onda adam sərbəstliyini itirir.

– Qara eynək həmişə kömək edir?

– Etmir. Ona görə də gecə saat on ikidən sonra şəhərə gəzməyə çıxıram.

– Adətən, fəxri ad siyahıları nazirliyə teatrlardan gedir. Bəlkə, heç bir teatrda çalışmadığınızdan hələ də fəxri ad almamısınız?

– Fəxri ad almaq üçün can atmıram. Mənim üçün önəmli öz adımdır.

– Heç inandırıcı deyil ki, hansısa aktyor fəxri ad almaq istəməsin. Fikriniz mənə səmimi gəlmədi.

– Fəxri ad mənə heç nə vermir axı.

– Ən azından hər ay 30 manat verir.

– Ayda 30 manatı mən başqa yerdə də ala bilərəm. Fikrimcə, aktyorun öz adi daha gur səslənməlidir, nəinki fəxri adı. Elə xalq artistləri var ki, camaat onları heç tanımır. Fəxri ad aktyorun deyil, müdiriyyətin işinin göstəricisidir.

– Yəni?

– Müdiriyyət aktyorların qayğısına qalır.

– Belə çıxır ki, müdiriyyətiniz qayğınıza lazımınca qalmayıb.

– Belə deməzdim. Mənim zamanımda teatrımızdan Pərviz Məmmədrzayev və Nargilə Qəribova fəxri ad aldılar.

– Amma pantomima teatrının üç əsas siması var idi - Pərviz Məmmədrzayev, Elman Rəfiyev və siz.

– Elədir, tamaşalar üçümüzün üzərində qurulurdu. Amma Pərviz mən teatrda işləyən zaman bizim daha çox görünən aktyorlarımızdan idi.

– Filmləri nəzərdə tutursunuz?

– Yox, elə tamaşaları da. Onun bədən quruluşu, imkanları teatrda daha çox nümayiş olunurdu. Mənim fəaliyyətim pərdə arxasında qalırdı.

– Yəqin ki, boyu nəzərdə tutursunuz?

– Həm boy, həm bədən, həm quruluş. İşlədiyim müddətdə həm teatrın baş rəssamıydım, həm də rejissor kimi fəaliyyətim vardı.

– Bildiyimə görə ixtisasca aktyor deyilsiniz?

– Rejissoram, eyni zamanda Bakı Musiqi Akademiyasını bitirmişəm. Rejissor yeri gələndə aktyordan yaxşı oynamalıdır. Aktyorları inandırmaq çox çətin olur.

– Yenidən qayıdaq seriala. Burada sizin üçün aylıq məvacib nəzərdə tutulub?

– Bu kommersiya sirridir.

– Necə olur Bredd Pitin qonorarları açıqlanır, sizin yox.

– O Bredd Pittdir. Azərbaycanda isə kommersiya məsələləri qapalı qalmaqdadır. Bütövlükdə qonorarlarım məni qane edir.

– Bu serial kifayət qədər tənqid olundu. Razılaşırsınızmı ki, indi də müəyyən məqamlar təqlidi yamsılamanı xatırladır.

– Serial Türkiyənin “Cocuklar Duymasın” serialına uyğun modeldə başladı. Türkiyə tərəfdən də müəyyən fikirlər oldu ki, guya bu, onların təqlididir. Hətta onların çəkiliş qrupunun rəhbəri bura gəldi, gorüşdük. İndi biz iki serial ailəsi olaraq dostluq edirik.

– İstənilən halda süjet xəttində, obrazların xarakterində üst-üstə düşən məqamlar çoxdur. Məsələn, orda da kişi mühafizəkar qadın daha müasirdir...

– Azərbaycan ailəsi necədirsə, serial da o cür çəkilib. Bizdə elə obrazlar var ki, onlarda yoxdur.

– Serial nə qədər davam edəcək?

– Tamaşaçı nə qədər baxacaqsa.

– Bir müddət əvvəl xalq artisti Nuriyyə Əhmədova bildirmişdi ki, aktyorluq fakültəsinə qəbulu dayandırmaq lazımdır.

Pantomima məktəbinin yaradıcılarından olan Etyen Dekrü deyirdi ki, ya aktyorluq fakültələrini bağlayaq, ya da onlara on beş-iyirmi il danışmağa imkan verməyək. Çünki sözçülük, pafos baş alıb gedir. Düşünmürəm ki, aktyorluq fakültəsini bağlamaqla problemi həll etmək mümkündür, sadəcə, aktyor sənətinin dəyərini qaldırmaq lazımdır.
 
Yusuf Yusubəyli
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?