Modern.az

Lisey və gimnaziya direktorları nazirin qəzəbinə tuş gəlib

Lisey və gimnaziya direktorları nazirin qəzəbinə tuş gəlib

Ölkə

22 Yanvar 2010, 17:18

Təhsil Nazirliyinin tabeliyində olan bir sıra lisey və gimnaziya  direktorlarının fəaliyyəti nazir Misir Mərdanov tərəfindən ciddi tənqid olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, lisey və gimnaziyaların son illərdəki fəaliyyətini təhlil edən nazir bu sıradan olan bir sıra təhsil ocağında görülən işlərdən narazı qalıb.

Təhsil Nazirliyindən Modern.az-a bildirlib ki, bu qurumun bilavasitə tabeliyində olan lisey və gimnaziyaların fəaliyyəti araşdırılarkən bəzi tədris ocaqlarında şagird-müəllim nisbəti, ali məktəblərə qəbul göstəriciləri, yüksək balla ali məktəblərə daxil olan məzunların say nisbəti, abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə nəticələri, mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekunlarının qənaətbəxş olmadığı müəyyənləşib.

Elə buna görə də, lisey və gimnaziya direktorlarının iştirakı ilə nazirlikdə həmin məsələlərə dair müşavirə keçirilib. Mətbuatın iştirakı olmadan keçirilən müşavirədə nazir Misir Mərdanov bəzi direktorlara xəbərdarlıq edib.
Məsələn, İncəsənət gimnaziyasında şagord-müəllim nisbətinin  2,3-ə bərabər  olması ciddi irad  kimi məktəb direktorunun  diqqətinə çatdırılıb.

Müşavirədə Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan lisey və gimnaziyaların məzunlarının ali məktəblərə qəbulu məsələsinə toxunan M.Mərdanov Kimya-biologiya təmayüllü liseyin, Makarenko adına gimnaziyanın və İncəsənət gimnaziyasının müvafiq göstəricilərinin aşağı olduğunu qeyd edib.

Təhsil müəssisələrinin 600-dən çox bal toplayaraq ali məktəblərə daxil olan məzunlarının sayı haqqında rəqəmləri açıqlayan nazir Heydər Əliyev adına liseyin 23, Elitar gimnaziyanın isə 9 məzununun bu baxımdan fərqləndiyini və hər iki tədris ocağının ötən illərdəki müvafiq göstəricilərini daha da yaxşılaşdırdıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayanlar arasında İncəsənət gimnaziyasının yalnız 1 məzununun yer almasından təəssüfləndiyini bildirən Misir Mərdanov bunu tədris ocağında işin düzgün təşkil edilməməsi ilə əlaqələndirib.

Abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə göstərdikləri nəticələrdən söz açan təhsil naziri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, Kimya-biologiya təmayüllü liseyin və Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın məzunlarının öz ixtisas profillərinə uyğun fənlərdən yüksək nəticə göstərə bilməməsinin ciddi təəccüb doğurduğunu qeyd edib.

Qeyd olunan bütün bu nöqsanların aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə göstəriş verən Misir Mərdanov həmin təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili üçün məktəb direktorlarına daha məsuliyyətli olmağı, işlərini yüksək səviyyədə qurmağı tövsiyə edib.

Adəm Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub