Modern.az

Tələbələrlə Ramazan söhbəti

Tələbələrlə Ramazan söhbəti

6 İyul 2012, 11:04

İyulun 19-dan 20-ə keçən gecə müqəddəs Ramazan ayı başlayır. Baxaq, görək, tələbələr bu haqda nə fikirləşirlər? Onlar oruc tutacaqlarmı...?

Azərbaycan Dövlət İqtisad universitetinin 3-cü kurs tələbəsi Şərəf Cəlilova: “Bu ay hüzurlu olduğum tək aydır. Yalnız oruc tutan bunu hiss edir. Bu ayda insan təkcə ac qalmır, başqa hisslər də keçirir. Həqiqətən də Ramazan ayların sultanıdır. Hər il olduğu kimi bu il də oruc tutacam. Ailəm də məni kimi dini dəyərlərə önəm verir. Başqalarının da bununla bağlı pis münasibətini eşitməmişəm. Sadəcə evdə bəzən “hələ cavansan, indidən oruc tutma” deyənlər olub”.

Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Röya Qarabağlı: “Bu ayın əhəmiyyəti böyükdür. Allah bir növ insanları aclıqla sınağa çəkir. Bu məndə həmişə inam yaradır ki, dözümüm var və nəfsimə qalib gəlməyi bacarıram. Bəzən ailəm dərslərim çox olduğunda tutmamağı məsləhət görüblər. Bu il də işlərim çox olmasa oruc tutmağı düşünürəm”.

Azərbaycan Turizm İnstitutunun 2-ci kurs tələbəsi Vüqar Məmmədli: “Böyük ehtimalla oruc tutacam. Ancaq tutmayanlara pis baxmıram. Həmişə oruc tutmuşam, tutmasam belə heç kimə hesab vermirəm, heç kim məni buna görə qınamayıb”.

Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Özal İbrahimli: “Bu il də həmişəki kimi oruc tutacam. Məni nəinki qınayan olub, hətta məsləhət veriblər ki, oruc tutum. Oruc tutmağı əvvəlki nəsillərdən görmüşəm. Mən oruc tutmağı özümə borc bilirəm”.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin 3-cü kurs tələbəsi Leyla Turaczadə: “Buna pis baxmıram, ancaq oruc tutmayacam. Məncə, qışda tutmaq asandır. Əvvəllər çox tutmuşam, hətta ailəm də buna yaxşı baxıb”. 

Bakı Slavyan Universitetinin 3-cü kurs tələbəsi Akyan Hüseynli: “Hər il oruc tutmuşam. Bu il də  tutmağa çalışacam. Buna görə məni kimsə qınamayıb, ancaq bəzən valideynlərim “hələ sən uşaqsan, sənin oruc tutan vaxtın deyil” deyib. 

Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi Sərxan Məmmədli: “Oruc tutub tutmayacağımı bilmirəm. Əgər tutmaq bizə vacib buyurulubsa, şəksiz tutulmalıdır. Oruc tutduğuma görə yox, tutmadığıma görə məni qınayanlar olub”. 

Qafqaz Universitetinin 2-ci kurs tələbəsi Ramin Cəfərov: “Oruc insanın nəfsini tərbiyə edir. Mən də tutmağa çalışacam. Bəzən bir-iki dostum oruc tutduğuma görə məni qınayıb, ancaq digərləri bunun mənim müstəqil fikrim olduğunu deyib”. 

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi Samir Həsənli: “Oruc tutmaq hər bir müsəlmanın borcudur. Ancaq tutub tutmamaq hərənin öz işidir. Hərəni öz ayağından asacaqlar. Əgər səhhətimlə bağlı bir problemim olmasa mən də tutmağa çalışacam”. 

İstanbul Teknik Universitetinin 2-ci kurs tələbəsi Altun Rzayev: “Oruc tutmayacam. Tutanlara qarşı münasibətim yaxşı deyil. Gündüz yeməyib, axşam necə gəldi yeyirlər, həmçinin bu qədər istidə susuz qalmaq ziyandır”.

Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci kurs tələbəsi Rəşad Baxşəlili: “Oruc tutmaq hər kəsin özünün biləcəyi işdir. Mən də tutmağa çalışacam”.

Məhbubə Quliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi