Modern.az

Hüseyn Arifin lətifələri - I

Hüseyn Arifin lətifələri - I

7 İyul 2012, 15:34

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı Hüseyn Arifin duzlu-məzəli lətifələrini oxucuların diqqətinə çatdırır.

- Bir dəfə Hüseyn Arif Süleyman Rüstəmi, Rəfiq Zəkanı Buzovnaya, bir dostunun evinə qonaq aparır. Küçələrin birində maşından düşüb göy rəngli qapıya yaxınlaşırlar. Zəngi basırlar. Ev  sahibi qapını açıb gələnlərin üzünə baxır.

- Kimi istəyirsiniz?

Hüseyn dərhal geri çəkilir.

- Yox, bu deyil.

İkinci qapını döyürlər. Bu ev sahibi də qapını açır. Hüseyn dərhal geri çəkilir.

- Yox, bu da deyil.

Üçüncü qapıya yaxınlaşanda Süleyman Rüstəm dözmür.

- Ay Hüseyn dostunun adı nədir?

- Yadımdan çıxıb.

- Bəs axırıncı dəfə nə vaxt görüşübsünüz?

- Otuz il  qabaq. 1947-ci ildə

****

İsti yay günlərinin birində Hüseyn Arif “Azərnəşr”də Eyvaz Borçalıya rast gəlir. Görür ki, yazıq puçur-puçur tər tökür. Qolundan yapışır.

- Ay turşməzə insan işləməkdən bir şey çıxan deyil, dur gedək, sərin pivə tapaq.

Eyvaz qağanın sözünü yerə sala bilmir. Ayağa durur və birlikdə küçələrin canına düşürlər.  O küçə sənin, bu küçə mənim pivə axtarırlar. Axır ki, bir yerdə tapıb növbəyə dayanırlar. Görürlər ki, təzəcə sərin şəllək pivəsi gətiriblər.

Kruşkalar sərinlikdən tərləyir. Yanğıları bir az da artır.

Növbələri yaxınlaşanda Hüseyn Eyvazdan soruşur:                                                             

- Ay gözəl insan, cibində bir şey varmı?

- Yox, ay Hüseyn qağa, maaşı bu gün alasıydıq.

- Onda getdik. Məndə də yoxdu. Elə billik içmişik.

****

Bir gün Hüseyn Arif  fasilə vaxtı “Azərnəşr”də korrektor işləyən Müzəffər Şükürə rast gəlir.

- Ay nəcib insan, hara belə?

- Qağa gedirəm bir tikə çörək yeyəm.

- Gedək, mən də acam.

Gedirlər. Yol boyu Müzəffər ürəyində Allaha yalvarır ki, Hüseyn araq içmək fikrinə düşməyə. Çünki cibində cəmi səkkizcə manatı vardı.

Yeməkxanada əyləşirlər. Xidmətçi qız onlara yaxınlaşır. Hüseyn üzünü  Müzəffərə tutur.

- Adama bir əlli-əlli vuraq?

- Yox, ay qağa, mən içmirəm.

- Neylək, onda mən yüz içərəm.

****

Bir dəfə Şəmşad Rza Hüseynin  yanına, Aşıqlar Birliyinə gəlir.

- Qağa məni də yanına işə götür.

- Nə işinə?

- Nə bilim, qağa, yanında folklor şöbəsi var, götürsən işləyərəm.

 - Hə, düzdü, şöbə var, amma mənə kişi lazım deyil.

Ardı olacaq

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!