Modern.az

Muğam ifaçısı Almaz Orucova: “Nə müğənnidir, nə aktrisadır, amma...” - MÜSAHİBƏ

Muğam ifaçısı Almaz Orucova: “Nə müğənnidir, nə aktrisadır, amma...” - MÜSAHİBƏ

Mədəni̇yyət

9 İyul 2012, 11:13

Müğənni futbola siyasətdən daha çox yer ayırır


Modern.az-
ın “Mübahisə” rubrikasının budəfəki qonağı muğam ifaçısı, “Xalq ulduzu” telelayhisənini münsifi Almaz Orucovadır.

– Hazırda Azərbaycan Dövlət Filarmoniyasında çalışıram. İşimiz konsertlər verməkdir. Son olaraq filarmoniyanın özündə, bölgələrimizdə və Türkiyədə konsertlərdə iştirak eləmişəm.

– Səhv etmirəmsə Muğam Teatrının da solisti idiniz.

– Filarmoniyaya dəvət aldım və indi burda çalışıram.

– İş yerlərinizi tez-tez dəyişirsiniz?

– Mədəniyyət sahəsində olan iş yerləri Muğam Teatrı, Filarmoniya, Opera və Balet teatrı və Mahnı Teatrından ibarətdir. Yəni elə də çox iş yerləri yoxdur ki, tez-tez iş yeri dəyişək.

– Üç-dörd il efirlərdən uzaq düşmüşdünüz sanki... 

– Səmimi etiraf edirəm ki, efirlərə qarşı çox tənbələm. İndi də bir çox çəkilişlərə getmirəm.

– Amma hər həftə “Xalq ulduzu” telelayihəsinin münsiflər heyətində təmsil olunursunuz.

– Artıq ikinci ildir ki, bu layihədə münsifəm.

– Deməli, efirlərə çıxmamaq tənbəlliklə əlaqədar olsaydı, bu layihədə də olmazdınız. Görünür başqa səbəb var.

– (gülür) Başqa səbəb yoxdur. Layihənin qaydası budur ki, razılıq vermisənsə, hər həftə orda iştirak eləməlisən. 

– Münsifliyinizə görə sizə qonorar ödənilir?

– Bu barədə danışmayaq. Bircə onu deyə bilərəm ki, bəli, müəyyən məbləğ ödənilir.

– Ödənilməsəydi, razılıq verərdiniz?

– Əlbəttə.

– (zarafatyana) Elədirsə məbləğdən imtina edə bilərsiniz.

– (gülür) Doğrudan da qonorar üçün ora getməmişəm. Sağ olsunlar ki, bizi sayıb, etimad göstərib dəvət ediblər.

– Pedaqoji fəaliyyətiniz varmı?

– Yoxdur. Amma fərdi qaydada hazırlaşdırdığım tələbələrim olub. Çox səbirsizəm, hövsələsizəm. Pedaqoq olmaq üçün təmkinli, səbirli olmaq lazımdır. Hər müğənni yaxşı pedaqoq ola bilməz. 

– Belə başa düşdüm ki, özünüzü o məsuliyyətin altına girəcək gücdə hesab eləmirsiniz.

– Mən səbirsizəm. Məsələn, “Xalq ulduzu” layihəsində gördüm ki, Aybəniz Haşımova bu qədər səbirlidir, bir uşaqla saatlarla məşğul olur. 

– Bu layihə başlayanda böyük maraqla qarşılandı, hətta canlı əfsanə Zeynəb Xanlarova canlı efirə zəng elədi və s. İndi isə “Xalq ulduzu”nda eniş hiss olunur.

– Yarışmaya çox yaxşı uşaqlar seçilmişdi və onların üzərində yaxşı iş getmişdi. 

– İndi mən fikirmi izah edim. Məsələn, “Xalq ulduzu–1”də hətta ilk “üçlüy”ə düşə bilməyən Mirkamil Kamilov, Gülay Qədirova kimi ifaçılar bu gün də tanınırlar, dinlənilirlər. 

– Doğrudur, növbəti layihələrdə sanki geriləmə oldu. Hər zaman deyilib ki, layihələrin ilki bütün dövrlərdə uğurlu olub. 

– Deməli, fikrimlə razılaşırsınız.

– Bəli. Amma son layihəyə seçdiyimiz uşaqlar çox güclüdürlər.

– Bir az da həmkarlarımızla münasibətlərinizdən danışaq. Jurnalistlərlə aranız necədir?

– Düzünü deyim ki, çox müsahibə verməyi sevmirəm.

– Efirlərə pul verib çıxdığınız olub?

– Əsla. Amma “Dönə-dönə” adlı klipimin yayımı üçün pul ödəmişəm. 

– Dəvət olunduğunuz verilişdə sizdən başqa kimlərin olacağıyla maraqlanırsınız?

– Əlbəttə, verilişin mövzusu və digər qonaqlarla maraqlanıram.

– Səhnədə olduğunuz iyirmi il ərzində yaddaqalan işiniz?

– “Dönə-dönə” mahnım.

– Xanəndəsiniz və bəstəkar mahnısıyla yadda qalmısınız...

– Bilirsinizmi, mahnı janrı muğamdan da çətindir. 

– Amma siz mahnı yox, muğam ifaçısısınız.

– Mən belə deməzdim.

– O zaman sualı belə qoyaq. Özünüzü müğənni hesab edirsiniz, yoxsa xanəndə?

– Əslində müğənni. Müəllimim olmuş Şövkət Ələkbərova da muğamlar oxuyub, amma mahnılarla yadda qalıb. 

– İyirmi ilə bir mahnı...

– Hər oxuduğum muğama, köhnə mahnılara yeni bir mahnı kimi yanaşıram, yeni nəfəs gətirməyə çalışıram. Düzünü deyim ki, mənə yeni mahnılar da təklif olunur, sadəcə xoşuma gəlmədiyindən ifa eləmirəm.

– Özünüzü müğənni hesab edirsiniz, təklif olunan mahnılardan imtina edirsiniz. Nəticə – fəaliyyətsizlik.

– Hər dəfə yeni mahnı oxumalı deyiləm ki. Elə mahnıları oxumasam daha yaxşıdır. Elə ondansa klassik mahnılarımızı ifa edirəm.

Sizcə, fəxri ad lazımdır?

– Biz gözümüzü açıb belə görmüşük. Təzədən kimin adını geri qaytarmaq olar ki?! Əvvəldən bu olmasaydı daha gözəl olardı.

– Nəyə görə sənət adamlarına qarşı münasibət birmənalı deyil. Bu fikrin formalaşmasının səbəbi sənətçilərdir..?

– Siz də bilirsiniz ki, belə düşüncə yanlışdır. Ailə problemi jurnalistlərdə də var, həkimlərdə də, digər sahələrdə də. Son zamanlar baxıram ki, nə müğənnidir, nə aktrisadır, amma onlardan da artıq hərəkətlər edirlər. Hər kəsin şəxsi həyatı özünə məxsusdur. Deyəsən, ən yaxşısı müğənnilərdir. Daha bir etiraf edim ki, xalq musiqisi sahəsində çalışanlara daha çox hörmətim var. 

– Nəinki estrada sahəsində...

– Estrada daha hay-küylüdür. 

– Yaşlı sənətkarların efirdən kimisə tənqid eləməsi, yol göstərməsi, bəzən də təhqirlərə yol verməsi nə dərəcədə doğrudur?

– Efirdən kiminsə kimisə təhqir eləməyə ixtiyarı yoxdur. Bu haqda danışanda əsəbiləşirəm. Çünki hamı özünü ideal sayır. Belələrinin keçmişinə baxanda görürsən ki, nə yaradıcılıqları, nə keçmişləri bir şey olub. 

– Şəxsi həyatınız...

– Bir oğlum var, 13 yaşındadır. 

– Bu sənətə aidiyyatı var?

– Yoxdur, olsa da məsləhət görməzdim. Çünki çox çətin sənətdir. Mən onu daha ciddi sahədə, məsələn, hüquqşünas görmək istəyirəm. 

– İnternetdən istifadə edə bilirsiniz?

– Hərdən bir. Heç televizora da baxmıram. Sakitliyi çox sevirəm.

– Sosial şəbəkələrdə varsınız?

– Facebook-da varam. 

– Siyasətlə aranız necədir?

– Siyasət aparmağı sevirəm.

– Hazırda Ukraynanın prezidenti kimdir?

– (fikirləşir) Adı yadımdan çıxıb.

– Bəs bundan əvvəlki prezidenti?

– Deyəsən, o tutulub axı.

– Siz keçmiş baş nazir Yuliya Timoşenkonu deyirsiniz. İdmanla necə, maraqlanırsınız?

– Futbolu daha çox sevirəm, vaxtım olanda baxıram. 

– Son Avropa çempionatının finalına kimlər çıxmışdı?

– Sonuncu dəfə İtaliya-Almaniya oyununa baxdım. İtalyanlar qalib gəldilər. “Barselona”nın oyununu çox sevirəm və bütün oyunlarına baxıram.

– Orda bəyəndiyiniz kimdir?

– Lionel Messi.

– Bəs Azərbaycanda?

– Azərbaycan futboluna baxmıram. Çünki çox maraqsız oynayırlar.

– Son olaraq planlarınız...

– Oktyabr noyabr ayında filarmoniyada konsert vermək istəyirəm. 

Yusuf Yusufbəyli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir