Modern.az

Kor Əhədin məşhurlaşdırdığı qarmon - bu alət Azərbaycana necə gətirilib...

Kor Əhədin məşhurlaşdırdığı qarmon - bu alət Azərbaycana necə gətirilib...

10 İyul 2012, 10:51

Yaxud uşaq oyuncağı necə musiqi aləti oldu...

Modern.az saytı  musiqi alətləri ilə bağlı hazırladığı sililə yazılardan daha birini təqdim edir. Bu dəfə qarmonun yaranma tarixini və Azərbaycana gəlişini araşdırmağa çalışdıq.

Qarmon musiqi alətinin ilk dəfə harada yarandığını iddia etmək bir az çətindir. Çünki onun yaranması haqqında bir sıra mənbələrdə müxtəlif fikirlər qeyd olunub. Bu mənbələrdən birində qarmonun mənşəyi şumer mədəniyyəti ilə bağlanır. Bu da eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Çində də oxşar musiqi aləti olub. Bambuk aləti uşaq oyuncağı kimi oynadırlar. Bu oyuncağı Tibetdə “şenq” adlandırırdılar. Belə ehtimal edirlər ki, qarmonun ən qədim əcdadı elə şenqdir. Bu uşaq oyuncağı sonralar Birma, Laos, Kamboca və Hindistana yayılır. Almaniyanın cənubunda yaşayan tacirlər Hindistana gəlib bu uşaq oyuncağını görüb və bəyəndikləri üçün özləri ilə aparıblar.

Uzun illərdən sonra bu uşaq oyuncağını musiqiçi və ixtiraçı Fridrix Buşman təkmilləşdirib. O, 1821-ci ildə bu uşaq oyuncağında bir sıra dəyişikliklər edir və bu alətdən dodaq qarmonu yaradır. 1822-ci ildə isə o qarmonun bir az da təkmilləşdirilmiş formasını ixtira edir. Artıq bu dodaq qarmonunun formatından çıxır. 1829-cu ildən isə bu qarmon yavaş-yavaş ayaq açıb bir sıra ölkələrə, Avropaya və o cümlədən Rusiyaya gedib çıxır. Rusiyada Kozlov, Smirnov, Vetkin və Beloborodov bu sahədə işlər görür. Beloborodov bu qarmonun üzərində işləməyə başlayır və öz həyatını bu yolda fəaliyyət göstərməyə qurban verir. 1870-ci ildə onun  təşəbbüsü ilə Moskva yaxınlığında Tula şəhərində xromatik ikicərgəli qarmon fabriki açmağa başlayır. İlk dəfə həm ağ, həm də qara dilli qarmonu ixtira edir. 1871-ci ildən isə onun işini L. Çulkov davam etdirir.

Metal dilçəkli, körüklü musiqi aləti olan qarmon  XIX əsrin ortalarından etibarən Azərbaycan xalqının mənşəyinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir.

Qarmon cazibədar səs tembrinə malikdir. Onun yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarətdir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi qayda ilə düzülmüş nazik metal dilcəklər yerləşdirilir. Alət sağ və sol əlin köməyi ilə körüyü açıb bağlamaqla səsləndirilir. Körük açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Qarmon solo və ansambl aləti kimi geniş istifadə olunur.

Sənətşünaslıq üzə fəlsəfə doktoru, əməkdar artist, dosent, görkəmli virtuoz qarmon ifaçısı Zakir Mirzəyev qarmonun Azərbaycanda 1840-50-ci illərdən ifa olunduğunu söylədi:

“O zaman Azərbaycanda qarmon ifa edənlərdən Kərbəlayi Lətif Hüseyn oğlu, sonra isə Abutalıbın adını söyləyə bilərəm. Onlar Şuşada və eyni zamanda bütün Azərbaycanda məşhur olub. Sonra isə Azərbaycanda 1893-cü ildə Əhəd Əliyev Fərzəli oğlu (Kor Əhəd) dünyaya gəlir və iki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“.

Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf  Kor Əhədin  adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm. O dəfdə ifa edirdi və Əhədin barmaqlarına baxa-baxa qarmonda da ifa etməyi öyrənib. Qadınlardan isə Brilliant Dadaşovanın anası Qızxanım onun tələbəsi olub. Sonra isə qarmonu təkmilləşdirilmiş və texniki üsullarla çox gözəl zənginləşdirmiş Məmmədağa Ağayev və Hacıbala Dadaşov ( Kor Hacıbala) gəldi. Həmçinin Kor Əhədin tələbələrindən Salyanlı Rzanın da adını qeyd edə bilərəm. Bunların hər biri qarmonun yaxın və uzaq Şərqdə geniş yayılmasında müstəsna rol oynayıblar. Sonra isə Adil Hüseynov öz qarmon fəaliyyəti ilə meydana gəldi. Teyyub Dəmirovun tələbəsi Abbas Abbasov, sonra Məmmədağa Ağayevin tələbəsi Musa Həsənov var idi“ .

60-cı illərdən sənətşünas və dosent Zakir Mirzəyev fəaliyyət göstərməyə başlayır. O, 1960-cı ildən efirə çıxır və yazıları da qızıl fondda saxlanır.  1964-cü ildən isə Zakir Mirzəyevin qarmon sənətində öz stili əmələ gəldi və  “Muğam və rəqs” adlı musiqi bəstələdi. Onun bəstələdiyi 100-ə qədər rəqslərdən 60-a yaxını efirdə səslənir. “Azərbaycan xalq musiqisində qarmonun rolu və əhəmiyyəti”  mövzusundan ibarət dissertasiya işini müdafiə edib alimlik dərəcəsi almışdır. İlk olaraq böyük bəstəkarımız, xalq artisti, bəstəkar Tofiq Bakıxanavun bir saylı üç hissəli simfonik konsertini virtuoz qarmon ifaçısı Zakir Mirzəyev Niyazi adına Dövlət Simfonik orkestr ilə ifa edib. Bununla da o, qarmonun necə bir musiqi aləti olduğunun sübutu idi. Bu əsəri ifa etməkdə Zakir Mirzəyevin əsas məqsədi qarmon musiqi alətinin bir daha nəyə qadir olduğunu sübut etmək idi.

1960-cı ildə İsfəndiyar Coşqun, 1965- ci ildə Teyyub Teyyub oğlu,  1966- cı ildə Həmid Haqverdiyev, Vaqif Şıxıyev, 1972-ci ildə isə Aftandil İsrafilov öz yeniliklərini barmaqlarına ötürərək öz stilini yaratdı, sonra isə Xanlar Cəfərov, Aydın Əliyev, Əhsən Rəhmanlı, Etibar Qasımbəyli və başqaları meydana çıxır. 80-82-ci illərdə isə Aslan İlyasov və başqaları bu sahədə fəaliyyət göstərib.

Qarmon sənətinin inkişafı yolunda müəllimlərin də xüsusi rolunu qeyd etmək olar. Onlardan Xeyrullah Dadaşov, Əlövsət Piriyev, Hüseyn Həsənov, Baxşəli Əliyev, Əhsən Rəhmanlı, Sərraf müəllim və Zakir Mirzəyevin xüsusi xidmətləri olub.   

Qarmon ifaçısı Aftandil İsrafilov qarmon musiqi alətinin Azərbaycana XIX- əsrdən gəlib çıxdığını söylədi:

“Qarmon Kor Əhəd adlanan bir qarmon ifaçısının adı ilə bağlıdır. Ondan sonra isə Teymur Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Fəttah Hüseynov , Məlik, Bədəl. Ağahüseyn çox gözəl qarmon sənətkarlarıdır. İndi də onların bir nümayəndəsi və yadigarı Musa müəllim sağdır. Bu sadaladığım qarmon ifaçılarından hər birini öz ifa tərzi var idi. Bunların içərisində qadınlar da xüsusi yerə sahib idi. Ən virtuozu Dadaşovlar nəslindən olan Qızxanım Dadaşova idi. Kübra, Məryəm, Xurma və digər xanımların da adını qeyd edə bilərəm, amma indi gənc nəsildən isə Gövhər xanım və başqaları da var. Bu da bir fəxrdir ki, qarmon ifaçılarında belə bir inkişaf var“ .

Könül Səid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir