Modern.az

Dünyada 200 milyondan artıq qadının hamiləliklə bağlı problemi var

Dünyada 200 milyondan artıq qadının hamiləliklə bağlı problemi var

11 İyul 2012, 11:07

Bu gün 11 iyul tarixi dünyanın hər yerində Ümumdünya Əhali Günü kimi qeyd edilir. Günün bu ilki mövzusu “Reproduktiv sağlamlıq xidmətlərindən universal istifadə imkanı”nın təmin edilməsidir. Bu münasibətlə BMT Baş katibi Pan Gi Munun və BMT-nin Əhali Fondunun İcraçı direktoru Babatunde Osotimexinin müraciəti yayılıb.
Müraciətdə deyilir ki, 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasından bəri dünya əhalisinin sayı üç dəfə artıb və artım davam etməkdədir.
”Hal-hazırda, 7 milyarddan çox əhalinin məskunlaşdığı planetdə, biz birgə resurslarla bağlı daha böyük tələblər və beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə nail olmaq üçün mühüm problemlərlə üzləşməkdəyik.

Baş verən çoxsaylı ərzaq, yanacaq və maliyyə böhranları əhəmiyyətli dərəcədə əziyyətlərə səbəb olmaqla yanaşı, davamlı inkişafın təməli olan bir sıra məsələlərə daha çox diqqət yetirilməsinə ehtiyac olduğunu haqda önəmli xatırlatmadır. Reproduktiv sağlamlıq davamlı inkişafın ayrılmaz hissəsini təşkil edir. Sağlam və nə zaman neçə uşaqlarının olacağına qərar verməyə qadir olan qadınlar və gənclər  cəmiyyətlərin inkişafına daha yaxşı töhfə verə bilərlər”.

Müraciətdə bildirilib ki, inkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yalnız üç qadından biri hamiləlik zamanı yetərli qayğı görür. Adətən yoxsulluq və təhsilsizlik nəticəsində baş verən yeniyetmə hamiləliyi dünyanın bir çox hissəsində hələ də tez-tez rast gəlinən haldır. 200 milyondan artıq qadın və yeniyetmə qızların hamiləliyin qarşısını almaq üçün tibbi vasitələrdən yararlanma imkanı yoxdur. Əlavə olaraq, könüllü ailə planlaması proqramları demək olar ki, hər yerdə, resurs çatışmazlığından əziyyət çəkir.

“Biz daha yaxşı işlər görə bilərik və görməliyik. Bu ilki Ümumdünya Əhali Günündə, mən reproduktiv sağlamlıq üçün tələb və təklif arasındakı boşluğu aradan qaldırmaq üçün üzv dövlətləri təcili birgə fəaliyyət göstərməyə çağırıram. Biz reproduktiv sağlamlıq və hüquqları bütün inkişaf və yoxsulluğun azaldılması planlarının ayrılmaz hissəsinə çevirməliyik. Reproduktiv sağlamlığa sərf edilən yatırım, sağlam cəmiyyətlər və daha davamlı gələcək üçün çox mühüm investisiyadır”-deyə müraciətdə vurğulanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub