Modern.az

Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni – III YAZI

Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni – III YAZI

13 İyul 2012, 17:20

1896-cı ildə on altı il davam edən könüllü-məcburi Zərdab sürgünündən Bakıya dönən Həsən bəy yenidən çoxşaxəli ictimai fəaliyyət meydanına atılmışdı. Bir il sonra kürəkəni Əlimərdan bəy Topşubaçovun “Kaspi” qəzetini milyonçu H.Z. Tağıyevdən icarəyə götürməsi yenidən qəzetçiliyə qayıtmasına təkan vermişdi.

Zərdabi faktiki olaraq “Kaspi”nin ikinci redaktoru idi. Həmkarı N. Bayzdrenkonun yazdığı kimi, “canını bu yolda qoyur, ictimai fikrin məcmusunu öz şəxsiyyəti və fəaliyyəti ilə əks etdirirdi”. Qəzetin milli tematikaya böyük üstünlük verməsi və tədricən cəmiyyətdə “müsəlman “Kaspi”si” kimi tanınması da daha çox onun adı ilə bağlı idi. Ana dilli mətbuatın yoxluğu şəraitində Zərdabi “Əkinçi” ənənələrini rusdilli “Kaspi”də davam etdirməyə çalışırdı.

Bakıda heç bir əmlakı olmadığından Həsən bəy qəzet redaksiyasının kirayə etdiyi mənzildə yaşayırdı. Altıotaqlı həmin mənzil Təzəpir məscidinin yaxınlığında, Staraya Poçtovaya (indiki Cəlil Məmmədquluzadə – V.Q.) küçəsində, H.Z. Tağıyevin mülklərindən birində yerləşirdi. “Bu mənzil onun qəzetdəki işi ilə bağlı idi; necə deyərlər, əməkhaqqına kiçik əlavə idi” (N. Bayzdrenko). Lakin altı otağın hamısını Həsən bəyin özü və ailə üzvləri tərəfindən tutulduğunu düşünmək sadəlövhlük olardı. “Bu otaqlar həmişə evimizdə nahar eləyən, gecəni burada keçirən kənar adamlarla dolu olurdu. Onlar ya ailəmizin saysız-hesabsız qonaqları, ya da öz işləri üçün Bakıya, atamın yanına gələn tanış kəndlilər idilər”, – deyə qızı Q.Məlikova "Atam haqqında xatirələr"də yazırdı. Yenə də Qəribsoltan xanımın xatırladığına görə, böyük rus yazıçısı Maksim Qorki və məşhur müğənni Fyodr Şalyapin də bu evdə qonaq olmuş, hətta Həsən bəyin təşkil etdiyi ailə ziyafətində Şalyapin bir neçə rus romansı oxumuşdu.

Bundan başqa, Həsən bəy öz mənzilində pansionat düzəltmişdi. Burada xanımı Hənifə Abayeva-Məlikova azərbaycanlı uşaqları məktəb və gimnaziyalara imtahan vermək üçün hazırlaşdırırdı. Mənzil-pansionatda yaşayan və təhsil alan oğlan uşaqlarının sayının on nəfərə çatdığı vaxtlar da olmuşdu.

1907-ci il noyabrın 28-də çərşənbə günü səhər saat 11-də Həsən bəy gözünü bu mənzildə əbədi yummuşdu. Ölümündən bir gün əvvəl, ailə üzvlərinin bütün etirazlarına baxmayaraq, sanki vidalaşmaq üçün sonuncu dəfə “Kaspi” redaksiyasına getmiş, gününün çox hissəsini orada keçirmişdi.

Böyük itkiyə ilk reaksiya Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad” qəzetindən gəlmişdi. Qəzetin 29 noyabr tarixli 121-ci sayında Zərdabinin müxtəsər tərcümeyi-halı verilmişdi. E.S-zadə adlı müəllifin yazdığı kiçik nekroloqda Həsən bəy “cümlə Qafqaz cəmaətinə və Rusiya müsəlmanlarına məşhur olan şəxsiyyət” və “əbüülmühərririn” (mühərrirlərin, jurnalistlərin atası – V.Q.) adlandırılırdı.

Qəzetin həmin sayında müəllim Şeyxzadənin “Vəfat” adlı yazısı da dərc edilmişdi. “İdarədən” adlı qeyddə isə “Maarif və ürfanımızın, hissi-milliyəmizin təxtinin başı və sərkərdəsi olan və şimdi bivəfa millətimizin yadından çıxıb əziyyətli bir azardan sonra üsrət (ehtiyac – V.Q.) və fəlakətzadəlik halında mərhum olan azadeyi-dil, millətpərəst, həmiyyətpərvər Həsən bəy Məlikovun vəfatı o dərəcədə bizi qəm və ələmə düçar etmiş ki, bu gün o mərhumi-məğfurun barəsində daha bir artıq şeyi yazacaq halımız yoxdur”, – deyilir, bunun ardınca da “ürəfa və danişməndlərin bir yerə cəm olub” anma mərasimini bütün Qafqaz səviyyəsində təşkil etmək qərarına gəldikləri bildirilirdi.

Noyabrın 29-da səhərdən başlayaraq Həsən bəyin mənzilinə sözün həqiqi mənasında bir xalq axını başlamışdı. “Dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhərin bura toplaşması təəssüratını yaradırdı” (Q. Məlikova).

Mərhumun sadə, dəbdəbəsiz dəfnlə əlaqədar vəsiyyətinə əməl edilməyəcəyi elə ilk saatlardan aydın oldu. “Ənənələr və Həsən bəyin şəxsiyyətinə böyük ehtiram üstün gəldi və cəmiyyət onun sakit, səssiz-küysüz, təntənəsiz dəfn olunması haqqındakı vəsiyyətinə əməl edə bilmədi”, – deyə “Kaspi” qəzeti dekabrın 1-də çap etdiyi “Həsən bəy Məlikovun dəfni” adlı redaksiya məqaləsində yazırdı.

“Otağa bir ucdan əklillər gətirirdilər, – deyə, Qəribsoltan xanım xatırlayırdı. – Onlar üzərində təsəlli sözləri yazılmış enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi”.

Həsən bəyin vəfatı ilə böyük qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşov təkcə öz nəslinin deyil, həm də Məlikovlar nəslinin ağsaqqalına çevrilmişdi. Lakin həmin günlərdə Əlimərdan bəy Peterburqda, III Dövlət Dumasının iclaslarında olduğundan Zərdabinin dəfninin təşkilini Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Haşım bəy Vəzirov və başqa tanınmış ziyalılar, milli mətbuat nümayəndələri öz üzərlərinə götürmüşdülər. Bakı Duması, “Nicat” maarif cəmiyyəti, “Kaspi”" qəzetinin redaksiyası, habelə rus və Azərbaycan dillərində nəşr olunan digər qəzet və məcmuələrin nümayəndələri, müəllimlər və tələbələr bu işdə onların yaxın köməkçiləri idilər.

Müsəlman adət-ənənəsinə uyğun olaraq mərhum adətən vəfat etdiyi gün torpağa tapşırılsa da, Həsənbəylə vidalaşmaq istəyənlərin kütləviliyini və həyata keçiriləcək tədbirlərin çoxluğunu nəzərə alaraq dəfn mərasimi noyabrın 30-na, müsəlman dünyasında xüsusilə önəmli sayılan cümə gününə təyin edilmişdi. Həmin gün səhərdən Zərdabinin yaşadığı Staraya Poçtovaya küçəsi və ətrafdakı küçələr adamlarla dolu idi. İzdiham çoxmillətli idi. Əksəriyyəti Azərbaycan türkləri təşkil etsələr də, Bakıdakı digər dillərin və dinlərin təmsilçiləri də Həsən bəyə son borclarını verməyə gəlmişdilər.

Zərdabinin ölü namazı Qasımbəy məscidində qılınmalı idi. 1896-cı ildə azərbaycanlı memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında keçmiş Karantinnaya (indiki Həzi Aslanov – V.Q.) küçəsində inşa edilmiş bu məscidin şəhərin əsas magistrallarından biri olan Bazar (Hüsü Hacıyev – V.Q.) küçəsinə çıxışı vardı. Zərdabilərin mənzilindən başlayaraq Qasımbəy məscidinə qədər, habelə Bazar küçəsi ilə "Kaspi" redaksiyasına (indiki Sabir bağı – V.Q.) qədər Bakıdakı bütün rus-müsəlman məktəblərinin (həmin dövrdə şəhərdə əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb fəaliyyət göstərirdi – V.Q.) şagirdləri yolun hər iki tərəfində sıra ilə düzülmüşdülər. Direktor İ.V. Depreverin rəhbərliyi altında Bakı real məktəbinin "müsəlman" şagirdləri də onlara qoşulmuşdular. Bu, yaxşı düşünülmüş simvolik aksiya idi. Adətən böyük şəxsiyyətlərin dəfni zamanı əsgərlər və zabitlər fəxri qarovulda dayanırlar. O zaman Azərbaycanın ünlü generalları olsa da, ordusu mövcud deyildi. O biri tərəfdən isə Zərdabini tam əsasla maarif ordumuzun komandanı saymaq olardı. Müəllim və şagirdlər onun son mənzilə yola salındığı küçələrdə fəxri qarovulda dayanmağı özlərinə şərəf sayırdılar.

Mənzilə gətirilən çoxsaylı əklillər divar boyu düzülmüşdü. Tabutun üzərinə bahalı şallar və matəm lentləri salınmışdı. Zövqlə hazırlanmış lentlərdə ayrı-ayrı şəxslərin, ictimai təşkilatların, tədris müəssisələrinin və s. adları, onların mərhuma ünvanlanmış vida sözləri yazılmışdı.

“Kaspi”dəki “Həsən bəy Məlikovun dəfni” məqaləsindən “müsəlman müəllimlərin dəfn mərasiminə mərhumun tərcümeyi-halı həkk olunmuş gümüş büvuar, müsəlman dram truppasının gümüş lira, “İrşad” qəzeti redaksiyasının Qafqazda ilk türk qəzeti “Əkinçi”nin güllərlə çevrələnmiş və qızılı çərçivəyə salınmış birinci sayını, müsəlman gimnazistlərin Həsən bəyin qara haşiyəli böyük portretini gətirdiklərini” öyrənirik.

Şübhəsiz, bütün bu atributlar dövrün ənənəvi müsəlman dəfn mərasimləri üçün qeyri-səciyyəvi və gözlənilməz idi. Azərbaycanın mədəni-ictimai həyatına çoxlu yeniliklər gətirmiş Həsən bəyin son mənzilə yola salınmasının məhz belə yenilikçi ruhda təşkili onun şəxsiyyətinə və əməllərinə bəslənən sonsuz minnətdarlıq, şükran duyğularının ifadəsi sayıla bilərdi.

Ardı var

Vilayət Quliyev
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı