Modern.az

Tıqtıq xanım Skruc əmiyə ərə gedəcəkmi? - SÖHBƏT

Tıqtıq xanım Skruc əmiyə ərə gedəcəkmi? - SÖHBƏT

17 İyul 2012, 12:03

Elçin Hami Axundov: “Uşaqlar məndən düz 4 dəfə “Cavanşir” animasiya filmini onlara göstərməyi xahiş etdilər”  


Uşaqlığımla ani bir  görüş

Bu gün çox həyəcanlıyam, çünki uşaqlığımla və sevilən anlarımla görüşə gedirəm. Hardasa orda, keçmiş günlərimdə ilişib qalan ən xırda məqamlarla üzləşməyə gedirəm.

Görüşəcəyim insan uşaqlıq illərimin bir parçası olan animasiya filmlərinin (mən uşaq olanda ona “multik” və “cizgi filmi” deyirdim) yaradıcısıdır. O insan illərlə hər birimizin evinin istənilən qonağı olub. “Cücələrim”, “Fitnə”, “Meşəyə insan gəlir”, “Humayın yuxusu”, “Pəncə...Qulaq....Palaz”, “Pıspısa xanım və Siçan bəy”, “Kirpi balası və alma” və başqa animasiya filmləri hələ də mənim üçün ən istənilən və sevilənlərdir.

Onun studiyasına yaxınlaşdıqca qəribə fikirlər keçirdirdim. Düşünürdüm ki, görəsən, o necə bir insandır? Bəlkə, o, insan deyil, elə nağıl qəhrəmanlarından biridir?..

Fikirlərə o qədər daldım ki, mənə izah etdiyi yeri belə unutdum və səhv ünvana getdim. Sonra məcbur olub o sehrli qəhrəmanın özünə zəng etdim. Mənə yolu yenidən izah etdi və qapıda qarşıladı. Salamlaşdım və anladım ki, mən hələ də o kiçik qızam. O nağıllar dünyasının bir parçasını hələ də qəlbimdə daşıyırmışam.

Studiyaya daxil oldum. O dəqiqə xoş bir ətrə bürünən, fərqli bir nağıl aləminə bənzər dünyaya qərq olduğumu anladım. Bir anlıq özümü möcüzələr adasında hiss etdim. Ətrafımda qəribə fiqurlar, rəsmlər və fərqli animasiya qəhrəmanları var idi. Onlara baxdıqca rəsmdəki o kiçik qıza, Humaya bənzədiyimi düşündüm. Rəngli top və oyuncaqlarla əhatə olunmuşdum. Elə bu vaxt  “müsahibəyə başlayaq” sualını eşitdim. Amma mən artıq müsahibə etmək fikrindən daşınmışdım. Bu rəngli uşaq dünyasını bizlərə bəxş edən insanı sadəcə dinləmək və onun dünyasına daha da yaxın olmaq istəyirdim.

Beləliklə, “Azanfilm” müstəqil animasiya studiyasının direktoru, bədii rəhbəri, animasiya rejissoru və rəssamı Elçin Hami Axundovun söylədikləri: 

Uşaqlıq həvəsi peşəyə çevrildi

“Uşaq olanda hər birimiz şəkil çəkmişik, amma müəyyən yaşa çatandan sonra isə buna marağımız ölüb və ayrı bir işdə özümüzü tapmağa çalışmışıq.

Bizdə ailədə incəsənətə maraq çox güclü idi, qardaşım skripkada, bacım isə başqa bir musiqi alətində ifa edirdi. Mən də bütün uşaqlar kimi şəkil çəkməyi sevirdim. O vaxt rəhmətlik atam dedi ki, gəlsənə bu oğlanı da rəssamlığa qoyaq? Beləcə mən bu sahəyə doğru yönəldim. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968) və sonra isə Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil aldım. 1966-cı ildən  quruluşçu rəssam, animator-rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışdım. 1994-cü ildən “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri, amma 2000-ci ildən isə direktoruyam”.

Animasiya filmlərinə mövzu seçimi fərqli olur

“Uşaqlar üçün animasiya filmi çəkəndə biz həm nağıllara, həm də bir çox orijinal ssenarilərə də müraciət edirik. Elə götürək “Humayın yuxusu”nu. Yəqin ki, o kiçik qızı, Humayı xatırlayırsız. O animasiya filmi Elçin Əfəndiyevin ssenarisi əsasında çəkilib. Bu səpkidə bir sıra animasiya filmləri də var. Amma yeri gəldikcə bizim milli nağıllarımıza da müraciət etmişik. Əvvəllər hanısa bir animasiya filmini çəkəndən sonra biz uşaqları dinləyirdik. Onların fikirləri də çox vacib idi. Çünki olurdu ki, bəzən yenidən düzəlişlər etməli olurduq. Amma indi onu da etmək mümkün olmur”.

Əcnəbi animasiyalar niyə çoxluq təşkil edir?

Qabaqlar ancaq  AzTV var idi. O zaman da AzTV mütəmadi olaraq bizim animasiya filmlərini göstərirdi. Amma indi bir baxın nə qədər televiziya var. Hərəsi də öz efirini uşaq verilişləri və animasiya filmləri ilə doldurmağa çalışır. Amma milli animasiya filmləri 120 dənədir. Hər bir televiziya da məcburdur ki, əcnəbi animasiya filmlərinə müraciət etsin. Amma bu seçim zamanı da bir sıra məqamlara diqqət etmək lazımdı. Əksər hallarda isə seçim düzgün olmur. Hərdən qəddarlıq və heç bir əhəmiyyət daşımayan animasiya filmlərini də efirə verirlər”.

Milli obraz problemi

“Bəzən deyirlər ki, uşaqlarımız əcnəbi animasiya filmlərinin qəhrəmanlarını özlərinə ideal seçir. Bizə də deyirlər ki, belə ümumiləşdirilmiş bir obraz yaradın.  Biz hazırda belə bir qəhrəman üzərində çalışırıq, amma indi bu haqda bir söz demək istəmirəm. Amma bir məqamı da demək istəyirəm. 1992-ci ildə radioda bir informasiya eşitmişdim. Orda deyilirdi ki, döyüşlərdə on yaşlı  bir uşaq iştirak edib və həlak olub. Bu hadisə mənə çox pis təsir etmişdi və düz bir həftə ərzində beynimdə bir ssenari formalaşdı. Amma həmin vaxt bu animasiya filmini çəkə bilmədim. Hardasa 2001-ci ildə onu kompüter vasitəsilə çəkdim. O animasiya filminin adı “Cavanşir” idi. Düzü bəziləri də irad tuturdu ki, zəifdir, amma siz onun bir təsir gücünə bir baxın. Hətta  uşaq koloniyasında olanda orda olan uşaqlar məndən düz dörd dəfə “Cavanşir” animasiya filmini onlara göstərməyi xahiş etdilər. Bu animasiya filmi xarici bazar üçün deyildi, çünki arada elə animasiya filmləri olur ki, o yalnız öz millətimizə aiddir”.   

Animasiya kursları açılmasa inkişaf olmayacaq

Biz indi on dəqiqəlik animasiya filmləri çəkirik, amma gələcəyə düşünürük ki, tam metrajlı, yəni  saat yarımlıq animasiya filmləri çəkək. Həm də o animasiya filmlərini bazara da çıxarmaq olar. Amma indi hal-hazırda bizdə kadr problemi var. Biz animasiya kursları açmalıyıq, ora gənc rəssamları cəlb etməliyik  və o zaman bəzi problemlər də öz həllini tapar. Həm də gələcəyə onlar da özəl studiyalar aça bilərlər. O zaman rəqabət yaranacaq və milli animasiya sahəsində inkişaf da olacaq. Hər şey də ilk növbədə maliyyənin başında durur və kifayət qədər maliyyə ayrılsa bəlkə də il ərzində bir neçə animasiya filmi çəkmək olar. İndi hazırkı zamanda bu sahədə mən təkəm, həm animasiya çəkib, həm də tədris etməyə vaxtım olmur. Digər tərəfdən mən ancaq hərəkətin fizikasından, mexanikasından, biomexanikasından dərs keçə bilərəm. Tələbələrə həftənin 5 günü aktyor sənətindən, pantomimadan, musiqidən dərslər keçilməlidir. Bunlara da zaman və maliyyə lazımdır”.  

Problem


“Biz indi “Azanfilm”də yeni bir animasiya filmi hazırlayırıq. Adı “Balaca ev” adlanır. Deməli, burda bir maraqlı məqam da var. Bütün televiziya kanalları gəlir və reportajını hazırlayır. Bu animasiya filminin nə zaman təhvil veriləcəyi zamanı da bilirlər. Amma nədənsə hər şey elə o reportajla da bitir. Sonra da heç almağa gəlmirlər. Bax problem də burdadır. Bizdə “Cəsur təyyarə” və “Tırtılın arzuları” animasiya filmləri var. Heç bir televiziyada da onları görə bilməzsiz. Çünki heç biri almaq üçün bizə müraciət etmir. Mən deyirəm ki, nə qədər varam məndən istifadə etsinlər. Bu işin biləniyəm və bu sahənin inkişafı üçün də hər şeyi etmək istəyirəm. Amma mən olmayandan sonra gedib ordan-burdan kimisə tutub gətirəcəklər, o da sıradan biri olacaq. Dediyim kimi bizdə animasiya filmləri sahəsində kurslar açılmasa heç bir inkişaf da olmayacaq”.

Cizgi filmi yox, animasiya filmi

“Bəzən insanlar səhv olaraq animasiya filmlərinə cizgi filmi deyir. Sovet dövründə buna multiplikasiya deyirdik. “Multiplikasion” – “çoxaltmaq” mənasını daşıyır. Sonradan telekanallarda, mətbuatda “cizgi filmi” termini işlədilməyə başlandı. Ancaq bu, düzgün ifadə deyil. “Cizgi” sözü Türkiyədə qrafik işlərə deyilir. Ən doğru deyim animasiyadır. “Animation”, yəni hansısa şəkli, rəsmi, əşyanı canlandırmaq mənasını daşıyır. Studiyamız təsadüfən “Azanfilm” adlanır – Azərbaycan Animasiya Filmləri Studiyasıdır”.




Könül Səid
Elçin Ağayev  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır