Modern.az

Parlament jurnalistləri Əhəd Abıyevi necə xarakterizə edirlər?

Parlament jurnalistləri Əhəd Abıyevi necə xarakterizə edirlər?

26 Yanvar 2010, 13:32

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Modern.az saytı parlament jurnalistlərinə “Bu deputatı necə xarakterizə edərdiniz?” sualı ilə müraciət etməklə KİV nümayəndələrinin Milli Məclisin bütün üzvləri barədə rəylərini öyrənir. Həmkarlarımız ötən dəfəki sorğumuzda  deputat Aqil Abbas barədə fikirlərini bildirmişdilər. Parlament jurnalistləri bu dəfə deputat Əhəd Abıyev barədə danışırlar.  Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Deputat Əhəd Abıyev çox emosional adamdır. Amma dediyi sözü tutur. Jurnalistlərlə dostluğu maddi müstəvidə qurur. Yeyib-içən adamdı, dilinə görə də dilçəyi var”.

 

“525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu: “Emosionallığı kifayət qədərdir. Bu xüsusiyyət əksər vaxtlarda ona mənfi imic gətirir. Özü ilə yanaşı ətrafını da çıxılmaz duruma salır”. 

"Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadlı: “Onun özünəməxsus xarakteri var. Mövqeyindən tez-tez geri çəkilir. Əhəd Abıyevin dediklərini heç zaman ciddiyə qəbul etməmişəm. Populist çıxışları ilə fərqlənir. Daim öz maraqlarını cəmiyyətə sırımağa çalışır”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Milli Məclisin işini rəngarəng edən deputatdır. Mənə elə gəlir ki, o, daha çox başqa sahənin adamıdır. Ona gərə də Milli Məclisdə olmasaydı, daha yaxşı olardı. Hər halda uğurlu deputat ola bilmədi”.

Mediaforum.az saytının parlament müxbiri İmdad Əlizadə: “Deputat kimi iclaslarda nadir hallarda çıxış edib. Bir millət vəkili kimi təmkin, səbr məsələsindən kasaddır”. “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Onun qanun yaradıcılığı sahəsindəki fəaliyyətindən məlumatsızam. Ancaq deputat kimi seçilərini həmişə müdafiə edib. Elə Masallıdakı son hadisələr bunu bir daha təsdiqlədi. Onun adını Milli  Məclisin tablosunda görəndə nəsə senssasiya olacağını bilirik. Hakimiyyət deputatları arasında ən cəsarətlisi Əhəd Abıyevdir”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Milli Məclisdə tez-tez informasiya yaradır. Ən azı son hadisələr göstərdi ki, sözünü deyə bilən deputatdır. Jurnalistlərlə münasibəti normaldır. Milli Məclisdə danışmaq üçün söz alanda nəsə senssasiya olacağını bilirik”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Son hadsələr onu göstərdi ki, Əhəd Abıyevin halına acımaq lazımdır.  Sona qədər dediyinin arxasında dura bilmədi. Bu da onun kimi deputatların faciəsidir. Belələri hətta öz mövqelərini də müdafiə etməkdə acizdirlər. Abıyev rolunu oynamış füqurlardandır. Son hadisələrə rəgmən, onun gələcəkdə deputat mandatı ala bilməyəcəyini söyləmək olar. Xarakterinə gəldikdə isə deyə bilərəm ki, bir məsələ barədə emosional danışır, özünə gələndə bunun günahını jurnalistlərdə görür. Belə məqamlar mənim çox başıma gəlib, dəfələrlə dediklərini təhrif etmədiyimi sübut etmək üçün onu diktafonuma qulaq asdırmağa məcbur olmuşam”. 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Ən fəal deputatlardan biridir. Seçicilərinin hüquqlarını qoruyur. Amma çılğın adamdır. Jurnalistlər arasında xüsusi dostları var. Pul vermək səxavəti də var. Onu da deyim ki, bəzi telekanalların müxbirləri Əhəd Abıyevi aldadırlar. Yalandan müsahibə götürürlər, amma nə yazırlar, nə də efirə verirlər, əvəzində “hörmət” görürlər”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Deputat kimi fəallığı yoxdur. Amma ünsiyyətcildir, jurnalistlərin suallarına cavab verir. Parlamentdə səmimi adam kimi tanınır. Jurnalistlər arasında dostları var. “Reket jurnalistlər”lə sıx əməkdaşlıq edir. Rüşvət verən deputat kimi tanınır”.

 

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Pis insan deyil. Elə də məkirli siyasətini müşahidə etməmişəm. Jurnalistlərə çox yaxındı”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Bilmək olmur ki, o, hansı məsələyə hansı münasibət sərgiləyəcək. Bəzən adi bir məsələdə çılğınlıq göstərir. Bir dəfə səkərli diabetlərlə bağlı yazı hazırayırdım. Ondan Masalldakı vəziyəti soruşanda bildirdi ki, Masallıda hamı xoşbəxt və sağlam yaşayır”.

 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Onu lazımlı bir məsələnin müakirəsi zamanı danışan görməmişəm”.

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Nədənsə Əhəd Abıyevin adı gələndə Hacıbala Abıtalıbovu xatırlayıram”.

MODERN.AZ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir