Modern.az

Ədəbiyyatımızın tamadaları - Tənqidçilər... - Rəylər

Ədəbiyyatımızın tamadaları - Tənqidçilər... - Rəylər

19 İyul 2012, 16:01

“O tamada tərifini oxuyub o qədər əsəbiləşdim ki!”

Ədəbi mühitdə geniş yayılmış bir fikir var: hazırda bir sıra ədəbi qruplaşma  mövcuddur və bu qrupların üzvləri öz tərəfdarlarının yeni çıxan yazılarını, kitablarını “bəy tərifi”nə tutur. Bunun “ədəbi tənqid” adı ilə təqdim edilməsi ədəbi tənqidlə məşğul olan şəxslər arasında necə qarşılanır?

Modern.az fərqli fikirləri öyrənməyə çalışdı.

Tənqidçi Cavanşir Yusifli qeyd etdi ki, mediada bir-birlərini tərifləyənləri “ortabablar” kateqoriyasına aid etsək, təsəvvür daha dolğun olar:

“Adətən, bir-birlərini sürəklə tərifləyənlər həm elm, həm də ədəbi prosesdə mövcuddur və bütün bunlar ictimai həyatdan, onun qəliz və naqis cəhətlərindən irəli gəlir. Müxalifətsiz cəmiyyət necədirsə, tənqidsiz ədəbi proses, yaxud ədəbi əsər də o şəkildədir. Vəziyyət elədir ki, əsər müəllifləri tərifin elə yekəsini arzulayırlar ki, buna layiq olub-olmadıqları heç yuxularına girmir. Həyatda kimsə kimsə ilə dostdur, yoldaşdır, çörək yeyir, çay içir və sair. Ancaq insanın bir prinsipi olmalıdır, qarşıdakı bilməlidir ki, bax, bu adamı nəyəsə məcbur eləmək olmaz. Ancaq bizdə bu “bəy tərifini” başqa üsullarla da yeridirlər. Bu mənada bir janr daxilən bölünür, alt-janrlar meydana gəlir, tərifli sözü “bəydadaş”a bir az başqa donda, necə deyərlər postmodern paradiqma daxilində ötürə bilirsən. 80-ci illərdə ədəbiyyata gələn bir qrup nasir var – istisnasız olaraq bir-birlərini tərif toplarından yaylım atəşlərinə tuturlar. Fikirləşmirlər ki, bir gün “limonka” əllərində partlaya, yaxud beşatılan öz-özünə açıla bilər. Bu tərif xəstəsi olan adamlar nə pis ki, bədii ədəbiyyatın əlifbasından o yana keçmirlər. Mütaliə etmirlər, bu bir yana qalsın, kənar baxışa çox aqressivdirlər... Kimin sözüdür, indi yadımdan çıxıb (halbuki həmin müəllifin mətnini vaxtilə özüm tərcümə eləmişdim), deyir ki, tənqid, dilin tənqidi, cəmiyyətin, ictimai varlığın, ədəbiyyatın tənqidi hava və su kimi lazımdır, bu cür tənqid yeni dil yaradır... İnsan və onun yaratdıqları çürüməyə məhkumdur... Tənqid olmasa!“

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru-şair Elçin Mirzəbəyli ədəbi tənqid barədə öz fikirlərini konkret olaraq bildirdi:

“Ədəbi tənqid ilk növbədə ayrı-ayrı şəxslərin təbliğinə yox ədəbiyyatın inkişafına xidmət etməlidir. İnkişafın əsasında obyektiv təhlil dayanır. Çağdaş Azərbaycan ədəbi tənqidində isə bəzi istisnalar olmaq şərtilə nə təhlil var, nə də obyektivlik“ .

AYB-ni Güney Azərbaycan şöbəsinin rəhbəri, şair  Sayman Aruz bu qruplaşmaların ədəbiyyatı birbaşa uçuruma apardığını vurğuladı:

“Mən özüm də bir ara bu növ qruplaşmaların qurbanı olmuşdum. Bunun kökündə isə yerlibazlıq durur. Yaxşı ədəbiyyat deyil, öz yerlilərini müdafiə və təbliğ edirlər. Sanki bu xalqa yaxşı ədəbiyyat lazım deyil, yalnız öz yerlisini gündəmdə saxlamaq lazımdır. Hər gün ədəbiyyat saytlarına baxıram, oralarda yayılan “şeir” və “hekayə”lərin çoxuna göz gəzdirirəm. Ancaq bu qənaətə gəlirəm ki, bu adamların hamısı ya dost-tanışdı, ya da tapşırılmış “yazar”lar. Azərbaycanda ədəbiyyat deyil, gündəlik və gündəm yazılar inkişaf edir. Ədəbiyyat deyilən bir şey gözümə dəymir. Tək-tük yazarlar da yerliləri vəzifədə yoxdur deyə, qıraqda qalıblar. Tənqid isə ümumiyyətlə yoxdur. Bildiyiniz kimi tənqid elmdir və bir neçə növü var. Tənqid əsərin incələnməsi deməkdir. Yəni tənqidçi əsəri siyasi, ictimai, mədəni, psixoloji, tarixi, simvolik və bir neçə baxımından araşdırmalıdır“.

AYB-nin uşaq şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə tənqidi qəbul etmədiyini söylədi:

“Ona görə ki, diqqətimi cəlb edən bir tənqidi yazı olmayıb, gərək bir şey olsun ki, onu da sevəsən. Bu gün Azərbaycan ədibi prosesində nə tənqidçi var, nə də tənqid var. Adını tənqidçi qoyan adamlar var, amma onların yazıçılara şəxsi münasibəti çox qüsurludur. Bu qüsur imkan vermir ki, onlar nəyi isə görə bilsinlər. Axırda tənqidçi yox, tərifçi, hərifçi və təhrifçi olurlar. Ona görə lap əvvəldən demişəm ki, cəhənnəm olsunlar. Bəsti Əlibəyli, Əsəd Cahangir, Tehran Əlişanoğlu ştatlı tənqidçilərdir, beş-altı adam üçün işləyirlər. Tehran Əlişanoğlu on illərdi ədəbi müsabiqələrdə münsifdir. Görəsən, bu zalım köhnəlmir? Su bir yerdə qalanda iylənər axı”.

Şairə Nisəbəyim Rəhimova ədəbiyyatımızda heç zaman professional tənqidin olmadığını dedi:

“Müstəqilliyimizdən sonra hesab eləmirəm bizdə hansısa güclü tənqidi əsər yazılıb, hətta elə bir tənqidçi tanımıram ki, onun konseptual xətti olsun, bir fərdin bütün yaradıcılığını əhatə edən əsəri olsun. Az-az, adda-budda məqalələr oxuyuram. Bunlar da əsasən ümumi xarakter daşıyaraq peşəkarlıqdan uzaq yazılardır, ya qisasçı xarakter daşıyır, ya da siz demiş, “bəy tərifi”. Bəzi hallarda bir qonaqlığa, dost üzgörənliyinə, cib xərcliyinə belə məqalələr yazır. Bunu yazanlar da heç peşəkar tənqidçilər deyil. Məsələn, mənə Azərbaycan ədəbiyyatında bir tənqidçi göstərin, Qrossman kimi bütün yaradıcılığını Dostoyevskiyə həsr edib... Adətən, rus və Avropa ədəbiyyatında belə tənqidçilər çoxdur. Püşkinşünas, çexovşünas, balzakşünas və s. Bizdə əvvəllər füzulişünas, sabirşünas tənqidçilər olub, təkrar edirəm sovet dövründə, məsələn, C. Cabbarlıdan silsilə məqalələr yazılıb. Bu da dövrün ideologiyasını əsas tutduğu üçün o qədər də məqbul sayılmır. Hazırda isə ədəbi tənqid yox səviyyəsindədir. Məsələn, Aydın Talıbzadənin məqalələrini oxumuşam. Onlar ümumi fəlsəfi səciyyə daşıyır, bəzi məqamlarda etiraz doğurur və yaxud, Əsəd Cahangir çox dağınıq və emosional bəzi hallarda subyektiv. Peşəkar tənqidçilərdən monumental təhlil gözləyirəm. Elə əsaslı və nəzəri cəhətdən elmi, geniş olsun ki, heç olmasa, əsrin 10 ilini əhatə edə bilsin. Elə bir məqalə varmı? İyirmi birinci əsrdən 10 il keçib, amma ədəbiyyatımız ideologiya və məzmun cəhətdən dəyişib”.

İbrahim Sel, Professional Oxucu Liqasının rəhbəri ədəbi tənqidi belə ifadə etdi:

"Sovetlərsonrası dönəmdə bizdə, həm tənqid, həm də ədəbiyyat nəzəriyyəsi umumiyyətlə sıfırlanıb, tənqid artıq elə absurd həddə enib ki, özünün tam ziddi, əksi olan tərifə çevrilib. Tənqid ölüb! Dəhşətli bir vəziyyət yaranıb: bir-birinə bəy tərifi yağdırırlar və bunun adını qoyurlar “ədəbi tənqid”. Bu yaxınlarda AYB-də vacib post tutan xanımlardan biri Anar müəllimə çox ucuz bir mədhiyyə yazıb saytlardan birində yerləşdirib. O tamadaçılığı oxuyub o qədər əsəbləşdim ki! Gənc nəsildən də heç olmasa utanmırlar e! Ədəbiyyata yeni qədəm basanlar bizlərə baxıb nə götürəcəklər? Yaltaqlıqmı? Başa düşdüm ki, hələ bu aş çox baş aparacaq. Bu rəzillik mənə o qədər təsir etdi, hətta saytımızda “Ədəbi tənqid” bölməsinin adını dəyişib “Litparad” qoymaq qərarına gəldim".

Könül Səid 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır