Modern.az

Hava haqqında sonuncu şeir

Hava haqqında sonuncu şeir

21 İyul 2012, 12:29

Səlim Babullaoğlu

Hava haqqında sonuncu şeir

Fərid Hüseynə

Mən sizə havanın bu gün necə gözəl olması barədə
danışmaq istədim, yazmaq istədim.
Nə deyim? Necə yazım havanın nə qədər gözəl olmasını?
Anlatmaq üçün təkrar havaya çıxmalıyam,
qələmi yerə qoyub yazmamalıyam.

Bu şeirin ən yaxşı davamı 
nə vaxtsa və kim yazsa belə, mütləq  bu cür olacaq, Fərid:
Bir nəfər çölə çıxdı, ciyər dolusu nəfəs aldı və susdu…

11 dekabr, 2011-ci il

***
Novruz elegiyası
                

İbrahim Selə 

Sözlər lüğətlərdən qocadı,
Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var sualın acıdı,
Amma sükutundu son sual, cavab, priz.

Çətində əsilzadədir ümidlər,
Talelər öncəgörən qaraçıdır.
Bizi nə tülkülər, nə qurdlar aldadıb diddilər,
Yalnız insanlar ki, bic və yırtıcıdır.

Doğrudu, elin gözü tərəzidir,
Adamların da əli əyridir: bu da bulmaca.
Bəzən olur ki, daşa dəymir,
Ümidlər itir, əriyir, havadaca.

Kafedə taybatay açıqdırsa qapılar,
Dünyada hamımız çıxmazdayıq.
Nə Lələ, nə Kərəm...yalnız qaraltılar...
Siqaret dumanında boğulasıyıq.

Hələ ki menyüdə hərf səhvləri
Dadını qabaqcadan qaçırır xörəklərin.
Sürüşür ağzıyeməkli səfləri
boşqabın dikindəki böcəklərin.

Yenə müğənni qız oxuyur  yanğıyla,
Sən demə, “həyat yaşamağa dəyər”miş -
İnsan ömrə minnət qoymağıyla
yazıqmış, gülüncmüş, birtəhərmiş.

Hə, biz törəsi qədim şümerlərin,
inklərin, germanların, ulu türklərin,
Ayılıb gördük ki, şulerlərin
çevrəsindəyik: niyə, nədən, neçin?

Ömrün dalı qara tiyanında
Dadsız yeməklərə arzular oldu duz.
Uşaqdıq: ən adi parıltılar da
bir vaxtlar bizimçün ulduzdu, ulduz.

İndisə Ədalət, Xoşbəxt, Səxavət
adı qoymaqdayıq biz uşaqlara.
Bir ömr qədər kiçildirik, bəli, əvət,
Bu əbədi şeyləri dikilib uzaqlara.

Budu, ömrün qırxıncı su çərşənbəsi
21 fevrala düşdü, beşinci dəfə.
Özgədi hər yeni təkrar, kəsəsi
yaşansaydı çəkilməzdi ömür birnəfəsə.

Günahlar çeşid-çeşid masasında
Dünyanın qapısında papaqdı ömrümüz.
Verdilər, götürdük lax yumurtasın da
iztirab rəngiylə günahın hər Novruz.

Mart, 2012-ci il

***

Elegiya

Bəlkə ingiliscəydi doğan günəş, “sun”...
Bəlkə eləcə masmaviydi, səma, göy...
Yaddısa səslər, doğmaydı ətrafdakı çoxlu insan,
Bəlkə türkcəydi dəniz, yol və kasıb köy...

Budur, hayqırır o yenə sükutun diliylə,
Yaddaşında anası, gözəl qoxu, şirin layla.
Lap çoxdan Qeys idi, düzdür, Məcnun deyil hələ,
Sənsə get, heç vaxt ərəb qızı o Leyli olmayan Leyla.

Corat,24 iyun,2012-ci il

***

Dinsin içindəki ruh

Otaq, yalnızlıq, kədər
Karniz, tül, sarı pərdə.
Çölüm Roma, İsgəndər,
İçim Nüşabə, Bərdə.  

Təqvim, saat və asqı
Bəzəyir boz divarı. 
Ya əsnə, ya da asqır,
Çapsın səbrin süvarı. 

“Тело –дело гиблое”,
Düşün, yerində qurcux.
Çevril üzü qibləyə,
Dinsin içindəki ruh

18 iyul, 2012-ci il

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq