Modern.az

Fasilə

Fasilə

21 İyul 2012, 13:06

Mirmehdi Ağaoğlu

Fasilə 

(hekayə)

Axır ki. Şüşə qapını aça-aça nişanı validatora toxundurdu. Validatorun sinirləri iynələyən o cır cüyültüsünü kim bilir neçənci dəfə eşidirdi.

Hava ilıq və günəşli idi. Yazın gəlişi indi-indi hiss olunmağa başlamışdı. Təzə-təzə cücərməyə başlayan yarpaqlar budaqlarda üzük qaşı kimi parıldayırdı. O bu mənzərə üçün sinov gedirdi, di gəl ki, gün ərzində bu mənzərəni üst-üstə 10 dəqiqədən artıq seyr etmək imkanı olmurdu. Fasiləyə üç dəqiqə verilirdi. Qapıdan aralanıb binanın tininə gəldi. Siqaret yandırıb az qədər yola əyilmiş qoca çinar ağacının altında dayandı.

Bu gün birinci siqareti idi. Səhərlər yuxudan ayılıb öskürə-öskürə tualetə gedəndə nəfəs yollarını tutmuş kəhrəba bəlğəmi çanağa tüpürmək ona insana yaraşmayacaq qədər ədəbsiz göründüyündən və axır vaxtlar nəfəsi tez-tez təntidiyindən siqareti tərgitə bilməsə də, heç olmaya azaltmağı düşünürdü.

Çalışırdı ki, birinci siqaretini mümkün qədər gec çəksin. İki günü yaxşı başlamışdı. On birdən tez çəkmirdi. Bu gün isə əhdinə yarımca saat xəyanət eləyəsi oldu. Daha dözə bilməmişdi.

İşdəki gərginlik onu yaman yorurdu. Yenə mühasiblə sözləri çəp gəlmiş, dalaşmışdılar. Heç cür yola gedə bilmirdilər. Mühasibin verdiyi saysız-hesabsız tapşırıqlar nəinki iş vaxtını, bütün gününü, işdən sonrakı zamanını da məşğul edirdi. İşdə olanda işdən qeyri bir şey barədə düşünə bilmirdi. Çölə çıxdığı siqaret fasilələrində də key kimi olurdu. Nə qədər ailəsi, məişət qayğıları, həvəsləri barədə düşünmək istəsə də, başını məşğul edən iş məsələləri içindən heç birini dartıb çıxara bilmirdi. Heç ətrafı da doğru-düzgün müşahidə etmirdi. Elə bil bütün günü kompüterə zillənmiş gözləri artıq günəşə, ağaclara yoldan ötən maşınlara, sadə təbiət mənzərələrinə belə yadırğamışdı.

Siqaret fasiləsinə çıxanda çox nadir hallarda evə zəng edirdi. Evə əsasən nahar fasiləsində zəng etmək onda vərdiş halına gəlmişdi. Bəzən ev sarıdan narahat olduğuna görə, ya içindən gəldiyi üçün deyil, sadəcə alışqanlıq olduğuna görə zəng edirdi.

Gecə yatanda, səhər işə gedəndə yolda özünü tənbehləyirdi ki, işdə vaxt tapıb heç olmasa siqaret fasiləsinə çıxanda dost-tanışlarına, qohum-əqrəbasına zəng edib hal-əhval tutsun. Hər dəfə də unudurdu. Baş qarışıqlığından dostları, qohumları ilə yaranan bu uzaqlaşma onu getdikcə daha çox ətrafdan, cəmiyyətdən tədric edirdi. Tənbehlərə verdiyi cavablar isə heç kəsi qane etmirdi. İşdən başının açılmadığına inanan yox idi. Yaxşı ki, bu siqaret fasilələri vardı. An da olsa işdən ayrılırdı.

Heç nə, siqaret yandırıb ötən maşınlara, qəşəng qadınların əndamına baxırdı. Bəzən səmada oynaşan mavi buludlara dalırdı. Beləcə “indicə içəri girəcəm, həngamə yenidən qopacaq” qorxusunu içində basdıra-basdıra hər şeyi unutmağa çalışırdı.

Uzaqdan, işıqforun yanından sağ əlində bir dəstə bıçaq, digər əlində dama-dama “aeroport zənbili” tutmuş bir kişi göründü. Qırımından hiss olunurdu ki, yaxınlaşıb yanında dayanacaq. Uzaqdanca onu nişan almışdı.

– Qardaş bir bıçaq götür.

– İstəmirəm.  Elə bildi alverçi çıxıb gedəcək.

Əlində üç-dörd ədəd dəstəkləri qırmızı, göy, qara rəngli kustar üsulla düzəldilmiş uzun tiyəli mətbəx bıçaqları tutmuşdu. Üstəlik arıq, uzun barmaqları arasına qırmızı izolyasiyalı iki kəlbətin, bir də yumru yeyə sığdırmışdı. Yeyəyə paltar zivəsi kimi rəngbərəng qayçılar keçirilmişdi. Arıq, balacaboy adam idi. Bütün əl alverçiləri kimi üst-başı tökülürdü.

Belələrini Valeh hər gün heç olmaya bir dəfə görürdü. Qab-qacaq, kəkotu, dərman bitkiləri, kiçik məişət əşyaları, min cür xırdavat, ucuz ətir dolu zənbillərlə küçəbəküçə gəzər, idarələrə, mağazalara, məhəllələrə, dalanlara girib ucuz qiymətə məhsullarını təklif edirdilər.

Alverçi yenə dedi:

– Qardaş, bıçaq al.

– A kişi mən işdəyəm, bıçağı neyləyirəm?

– Lazım olar.

– Qəssabam?

Kişi durmadan inadçı səslə təkrarlayırdı: “Götür evdə işlədərsən. Siftə elə, götür”. Getmək fikri yox idi.

Alverçi “ev” deyəndə yadına düşdü ki, evə zəng etməliydi. Səhər qan-qaraçılıqla çıxdığına görə yolda fasilə zamanı zəng edib üzrxahlıq eləməyi qərarlaşdırmışdı.

– Pulum yoxdu, sağ ol. – Alverçi əl çəkmək istəmirdi, elə hey dayanmadan danışırdı. Nə deyirdisə hazırcavablıq edirdi.

– Pulun yoxdu, pay götür. Götür, siftə ver.

– İstəmirəm.

– Götür, götür. Siftə ver.

Siqaretə axrıncı qullabı da vurub kötüyü çinarın dibinə tullayandan sonra daha əngə verməyi kəsib getmək istəyirdi ki, alverçi özünü yana verib qabağını kəsdi.

– Götür, peşman olmazsan. Bir siftə ver.

Əlində tutduğu bıçağın ucu düz qarnına dirənmişdi. Kişinin bundan xəbəri yox idi.

Kənardan elə görünürdü ki, sanki bıçağı Valehin qarnına dirəyib soxmaq istəyir. Kişi inadçılıqla təkrarlayırdı.

– Götür, götür. Heç olmaya siftə ver.

Artıq dayana bilmirdi. Kişinin səsi beyninə işləyirdi. Pul qabı şkafın gözündə idi. Cibində isə kişiyə verib başından eləməyə xırdası qalmamışdı.

– Al də, al, niyə almırsan, al apar evə.

Əlilə kişini özündən itələmək istəməsiylə kişinin bıçaqlardan birini paraşüt kimi ovcuna qondurması bir oldu. Onun həyasızlığı Valehi lap təngə gətirdi. İşləri tökülüb qalmışdı. Heç olmaya bir azacıq iş gərginliyindən qurtulsun, səhər erkəndən doğarkən, bir də axşam qürub edərkən gördüyü günəşin bu parlaqlığından, işığından, təravətindən zövq alsın deyə bayıra çıxmışdı. Onu da bu həyasız alverçi məhv etdi. Təkrar işinə dönüb metro qatarı kimi dayanmadan işləyərək binanın bayırında ötən günəşli, gözəl bir günü hiss etmədən başa vuracaqdı.

– Siftə ver.

Valeh hirsindən bıçağın dəstəyini var qüvvəsi ilə sıxdı. Gərginlikdən qolu yoruldu. Axı alverçi niyə dürtdü bıçağı ovcuna, nə cür geri qaytarsın? Heç olmasa beş dəqiqə də mübahisəyə gedəcək; götür bıçağını, lazım deyil siftə ver.

Bıçağı geri qaytarmaq istər kimi kişiyə uzatdı, düz göbəyinin üstünə sapladı.

– Al, bu da siftə.

Kişinin ağ köynəyi bıçağın girdiyi yerdə qırmızı haləyə büründü. Azca qabağa əyilərək səndələdi. Əlində tutduğu əşyaları daha bərk sıxdı, əlinin, üzünün əzələləri gərildi. Çinarın gövdəsinə doğru əyilmək istəyəndə Valeh onun kürəyindən tutub ağaca söykənməyə kömək elədi. O biri əli hələ də fincan kimi tutduğu bıçağın dəstəyində idi.

Kişi ağır-ağır yerə çökdü. Əlindəkiləri buraxıb qarnını qucaqladı. Peşman dolu gözlərlə altdan yuxarı ona baxırdı. Valeh təlaşla bir sağa, bir sola baxdı, gələn-gedən yox idi. Dayanacaqçı kişi xeyli aralıda maşının dayanacaqdan çıxmasına kömək edirdi. Hazır görən yox ikən içəri keçməyin zamanı idi. Onsuz təhlükəsizlik kameraları buranı əhatə eləmirdi.

Əcəb oldu bu əclafa. Axı niyə onun fasiləsini pozurdu? Axırıncı dəfə kişinin üzünə baxdı.

Alverçi ağzını güclə açaraq xırıldadı:

– Əlin yaman ağırmış. 

Nişanı validatora yaxınlaşdırıb saata baxdı. Bu dəfə fasilə çox uzun çəkmişdi – beş dəqiqə.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir