Modern.az

AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz bəyə diləkçəm

 AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz bəyə diləkçəm

23 İyul 2012, 09:55

Çox düşündüm bu diləkçəni sizə nəzmlə yazıb, amma sonra fikirimdən qəti şəkildə döndüm. Səbəbi də bu oldu ki, güman edirəm nəsrə daha çox maraq var. Ona görə də hələlik ki, sizinlə öz duyğularımı bir məqalə halında bölüşmək istəyirəm.
Hələ uşaq vaxtlarımdan bizim xalqın, yəni Azərbaycan türklərinin bəxti gətirməyən bir xalq olduğunu tam mənasıyla dərk etməyə başladım. Hələ körpə vaxtlarımdan boğazımda kilidlənib qalan qəhər bu gün də məni boğmaqdadır. Deməli mən bütün yaşadığım ömürümü qəhərlə keçirmişəm. Bu qəhərin mahiyyətində isə ikiyə parçalanmış millətimizin fars və rus əsarətində əzilməsi, mənfur iperialistlər tərəfindən hayların (ermənilərin) üstümüzə qısqırdılması idi. Bir neçə ilin söhbətidir. Qaynım bizə əl telefonunda kimdənsə götürdüyü kiçik bir video-süjet gətirmişdi. Həmin videoda fars-molla rejiminin qadın və kişilərin dar ağacından asma səhnəsi nümayiş etdirilirdi. Orta əsrlərə məxsus dəhşətli bir görüntü… Mən özümdən asılı olmayaraq hönkürtüylə ağlamağa başladım və özümdən getdim…Çünki bu vəhşətli mənzərəyə dözə bilməmişdim. İndi də cəzalar var, özü də ondan da qorxunc, amma o cəzaları bütöv toplum qarşısında səhnələşdirmirlər. Və müqəddəs kitabımız Quranın heç bir surə və ayəsində öz toplumuna bu cür cəzadan bəhs edilmir…Deməli molla rejimi düzgün yolda deyil. Allah onları düz yola qaytarsın. Əgər düz yolda olsaydı oradakı çox saylı Azərbaycan türklərinin səsini boğmazdı, onları yazılı ana dilindən məhrum etməzdi, orta məktəblərdə oz dillərində oxumağa icazə verərdi. Ən nahayət onları doğma torpaqlarından dünyanın hər yerinə səpələməzdi.

Mən hələ heç Təbrizə ayaq basmamışam, Güneyimizi görməmişəm. Bilirsiniz niyə? Ona görəki, fars rejiminin həmvətənlərimizə qarşı tutduğu acı mövqe ilə barışa bilmirəm. Təbriz, Urmiya, Xoy, qurumaq təhlükəsi ilə üzbəüz qalmış Urmu gölü üçün burnumun ucu göynəyir. Amma mən torpaqlarımızı işğal altında saxlamış mürtəce bir hakimiyyətin bayrağın altından keçib Güneyə getmək istəmirəm. Sizə bu məktubu boğula-boğula, qəhər içində yazıram. Bu məktubu mənə yazmağa məcbur edənlərin acığına demək istəyirəm ki, qeyrətli həmvətən, istedadlı soydaş ruhdan düşmə, ilahinin göndərdiyi həqiqi sözə-sova tapınanlar sizin yanınızdadır.

İyirmi ildi torpaqlarımızın, Qarabağımızın imperya dəstəyi ilə ermənilər tərəfiindən zəbt edilməsi fonunda Quzey Azərbaycanımız nisbi müstəqillik qazanıb, bu millətimizin itgiləri, göz yaşları, ağrı acıları hesabına olub…Və gün də işğal davam edir…Millətimiz o taylı- bu taylı tikanlı sərhədləri dağıdıb bir –biriylə qucaqlaşanda mən elə bilirdim ki, bizi mənən, ruhən heç kim bir-birimizdən ayıra bilməz. Amma düşmənlərimiz həm çöldə, həm də içəridədirlər. Onlarla mübarizdə bizlər ayıq-sayıq olmalıyıq. Bu yaxınlarda eşitdim ki, sizə qarşı içəridən basqılar var. Açığı çox sarsıldım, İlahi, biz hələ nə qədər mübarizə yolu keçməliyik birləşməkçin? Əslində Bakı Quzeyli-Güneyli hər birimiz üçün Anadolu türkləri demişkən, baş kənddir, paytaxtdır. Və məsum-məlul müstəqilliyimiz güneyli-qüzeyli hər birimizin tale payıdır. And olsun Pişəvərilərin, Səttərxanların, Məmmədəminlərin şərəfli ruhuna ki, bu belədir!!! Ona görə əziz, qeyrətli, izzətli SAYMAN ARUZ bəy, tutduğunuz kürsüdən heç yerə çəkilməyin. Bu Bakı BÜTÖV  AZƏRBAYCANINDIR. Sizə kimsə ögey gözlə baxırsa, bu bizim, ürəyində VƏTƏN sevgisi olanların hər biri üçün yaradır. Biz hər birimiz bu yaranın dərinləşməsinə yox, bütöv Azərbaycanımızın sabahına xidmət etməliyik. Bu yolda sizə könül dolusu uğurlar diləyi ilə…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir