Modern.az

Rayonlar haqqındakı mahnılar - “İsmayıllı” mahnısı necə yarandı?

Rayonlar haqqındakı mahnılar - “İsmayıllı” mahnısı necə yarandı?

24 İyul 2012, 11:32

Rəqsanədən əvvəl onu muğam müsabiqəsinin qalibi olan Aytən Məhərrəmova ifa edib

Modern.az saytı bölgələrlə bağlı mahnıların yaranma prosesini araşdırmaqda davam edir. Bu dəfə söhbət “İsmayıllı” mahnısının necə meydana gəlməsindən gedəcək.  

Nasir, şair Baba Vəziroğlu “İsmayıllı” mahnısının yaranması məqamından danışdı:

“Novruz Aslanla İsmayıllıda camaatla böyük bir görüşdə idik. Orda bizə irad bildirdilər ki, siz o qədər mahnılar hazırlayırsız, özünüz də İsmayıllıdansız, amma İsmayıllı haqqında bir mahnı yazmısınız. O zaman biz orda ictimaiyyət önündə söz verdik ki, İsmayıllı haqqında bir mahnı hazırlayacağıq. Sonra da Novruz Aslanla bir araya gəlib belə bir mahnı hazırladıq. O mahnıda İsmayıllının zəhmətkeş insanları və ən gözəl guşələri də öz əksini tapıb. Şən notlara köklənən bir mahnı insanları İsmayıllıya səsləyir və insanlar o zaman kədərli ola bilərlər ki, nə vaxt İsmayıllını tərk edirlər. Biz bu mahnıya Rəqsanənin səsini uyğun gördük və ona ifa etməsi üçün təklif etdik. Mahnı çox gözəl alındı və İsmayıllının səfalı yerlərində ona bir klip də çəkdik. Sonra mahnı ikinci taleyini artıq muğam müsabiqəsinin qalibi olan Aytən Məhərrəmovanın səsində yaşadı”.

Deputat-bəstəkar Novruz Aslan “İsmayıllı” mahnısının efirdə radioda sevilməsindən söhbət açdı:

“Baba Vəziroğlu ilə hər ikimiz İsmayıllıdan olduğumuz üçün belə bir qərara gəldik ki, İsmayıllı haqqında bir mahnı yazaq. Çünki bizə qədər İsmayıllı haqqında bir mahnı yazılmamışdı. B. Vəziroğlu sözləri mənə təhvil verəndən müəyyən müddət sonra mahnı artıq hazır idi. İkimiz birlikdə dinlədik və hər iki tərəfin müvafiq düzəlişləri olandan sonra mahnı artıq öz ilkin formasını almışdı. Mahnının sonrakı taleyi ilə Baba müəllim özü məşğul oldu. Müğənninin tapılması və başqa bütün təşkilati işləri öz üzərinə götürdü. Amma onu da deyim ki, bu mahnını ilk olaraq İsmayıllıdan olan gözəl bir müğənni Sahibə Abdullayeva İsmayıllıda olan ansamblla birgə ifa edib. Həm də bu yaxınlarda prezidentimiz o xanımı “Tərəqqi” medalı ilə də təltif edib. Amma B. Vəziroğlu mahnını Rəqsanə xanıma təklif edəndə mən etiraz etmədim. Açığı deyim ki, Rəqsanə xanımın ifasında da bu mahnı çox gözəl alındı”.

Müğənni Rəqsanə “İsmayıllı” mahnısının ona böyük bir uğur gətirməsini söylədi:

“Novruz Aslan şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim bir insandır. Hər zaman da onun bəstələrini sevə-sevə dinləyirəm və zövq alıram. Həm də bu yaxınlarda özünə və sənətinə hörmət etdiyim İlhamə Quliyevanın “Yaşın nə fərqi var” mahnısını yeni bir oranjimanda mənim ifamda eşidə bilərsiz. Bu mahnının da bəstəkarı hörmətli Novruz Aslandır. Novruz müəllimin bütün mahnıları insanın qəlbini və ruhunu oxşayır. “İsmayıllı” mahnısını Baba Vəziroğlu mənə deyəndə ilk öncə ifa etdim və düşünürəm ki, pis alınmadı. Sonra belə bir qərara gəldik ki, ona bir klip də çəkilsin. Bunu üçün rejissor Fuad Əlişovla iş birliyi etdik. Hamımız yollandıq İsmayıllıya və orda bu klipi çəkdik. Onu da deyim ki, İsmayıllıda bizi çox gözəl qarşıladılar. Mahnı bu gün də mənə çox böyük bir uğur gətirir. Hətta heç o mahnının məqamı olmayan məclislərdə də insanlar yaxınlaşıb məndən “İsmayıllı” mahnısını ifa etməyimi istəyir. Hətta Rusiyanın bir çox şəhərlərinə məni İsmayıllının ən seçilmiş övladları dəvət edir. Mən B. Vəziroğlu və Novruz Aslana mənim səsimi bu mahnıya uyğun gördükləri, etibar etdikləri üçün təşəkkür edirəm”.



Könül Səid
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir