Modern.az

Hüseyn Arifin lətifələri - IV

Hüseyn Arifin lətifələri - IV

Mədəni̇yyət

28 İyul 2012, 13:02

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

***

Moskvada Azərbaycan ədəbiyyatı günləri keçirildi. “Ukrayna” memanxanasında qalırdıq. Vidadi Babanlı ilə mən 17-ci mərtəbədə, bir otaqda, Hüseyn isə 14-cü mərtəbədə, ayrıca otaqda. Hüseyn tez-tez bizə zəng vururdu. Elə ki, dəstəyi mən götürdüm, zarıyırdı.

-Ə, hardasan, yaman soyuq dəyib, ölürəm. Gəl, bankadan-zaddan təşkil elə.

Elə ki, dəstəyi Vidadi götürürdü, şaqqanaq çəkib gülüşürdülər.

Bir gün yenə səhər tezdən telefon səsləndi. Dəstəyi Vidadi götürdü. Nəsə danışıb-gülməyə başladı. Dözmədim. Qulağımı dəstəyə yaxınlaşdırırdım. Bu sözləri eşitdim:

“Vidadi başın haqqı dünən gecə yanıma bir canan gəlmişdi. Od sinəmə çəkdim, indi də yanımdadır. Qabaq-qabağa oturub sənin sağlığına “Göy-göl” konyakı vururuq”.

Təəccübləndim. Dəstəyi mən götürəndə xəstələnir, Vidadi götürəndə nazənindən danışır. Vidadidən xahiş etdim ki, telefonda onun başını qatsın. Özüm isə on dördüncü mərtəbəyə düşdüm. Hüseynin qapısı açıq idi. Ehmalca içəri girdim. Gördüm ki, dümağ, tərtəmiz  alt paltarında çarpayının baş tərəfində, yastıqların üstünə oturub, çiynində də yorğan. O məni görmədi.

- Vidadi, yerin məlun bu gün heç yana çıxmayacam, cananla bir yerdə olacam.

Otağa boylandım, heç kəs yox idi. Əsəbiləşdim.

- Ə, ay kafir...

Dərhal dəstəyi yerinə qoydu. Yorğana bürünüb çarpayıya uzandı.

- Ə, hardasan, soyuq dəyib, ölürəm, bankadan-zaddan təşkil elə.

***

Bir gün Qazaxdan bacım oğlu bizə gəldi. Köhnə, didilmiş bur tumac qoğvluğu stolun üstünə qoydu.

- Bu nədir? 

- Hüseyn Arifindi.

- Bə, səndə nə gəzir?

- Bilirsənmi, dayı?- deyə, bacım oğlu izaha başladı, - Bu qovluğu iki il bundan qabaq, yanından çıxardıb Gəncədə qoyub. Ordan da fırlana-fırlana gəlib, Qazağa çıxıb. Uşaqlar da mənə verdilər ki, yolun Bakıya düşəndə ver dayına, çatdırsın Hüseynə. İndi gətirmişəm.

Qovluğu açdım. İçində bir-iki əlyazması və Natəvanın şeirlər kitabı vardı.

Telefona yaxınlaşdım. Dəstəyi özü qaldırdı:

- A kafir, salam! De görüm, iki il bundan qabaq Gəncədə qovluq itirmisənmi?

- Bıy, hə, hə.... indi hardadı?

- Məndə. Qazaxdan gətiriblər.

Telefonda azacıq fikrə getdi. Deyəsən, nəyisə xatırlamağa çalışdı və birdən sevincək dilləndi:

- Ay İsmayıl, ayə, papka ilə bir yerdə şlyapamı da orda qoymuşdum. Onu da göndəriblərmi?

***

Şairlər dağı-dərəni dolaşmağı, ova çıxmağı çox sevir. Bir də görürsən  həftələrlə itib-batırlar, sorağı gah dağ gölləri, gah da turac, kəklik ovundan gəlir. Bir gün yenə dəstə ilə ova çıxırlar. Amma Hüseyn bir dəfə də olsun tüfəngi üzünə qaldırıb, barmağını tətiyə toxundurmur. Axırda vurduqları şikarları ilə birlikdə geri qayıdırlar. Elə bu vaxt yaxından bir tülkü qaçır. Ovçular Hüseyni səsləyirlər.

-A şair, tez ol, heç olmasa bunu vur.

Hüseyn tüfəngi üzünə qaldırır, nişan alır, tətiyi çəkhaçəkdə qollarını aşağı salıb tülkünün arxasınca baxır. Yoldaşları təəccüblənirlər.

- A şair, niyə vurmadın?

- Bir dostum var, ona yaman oxşadı. Mən dosta güllə ata bilmərəm, qoy yaşasın.

***

Hüseyn Arif bir gün Vaqif Səmədoğlunu özü ilə Zaqatala qoruqlarına, dağ kəli ovuna aparır. Axşamdan tüfəngləri hazırlayır, ertədən yorğana bürünüb yatırlar ki, obaşdan oyansınlar. Vaqifin gözünə yuxu getmir. Hüseynin şerlərini, dağ kəlləri, qayalıqlarda dolaşan təkələr haqqında söylədiklərini yadına salır və maraq içində qovrulur ki,  səhər tez açılsın  və ovçularla birlikdə dağlara qalxsınlar. İşıqlaşana yaxın Vaqif şairi dümsükləyib oyadır.

- Ay qağa, ovçular deyəsən hazırlaşırlar, vaxtdı.

Hüseyn yuxulu-yuxulu dillənir:

- Hara, nə vaxtdı?

- Bə, ova getmirikmi, dağ kəli ovlamağa?

- Ə, ağlını başına yığ, nə ov, nə kəl? Adam sıldırım qayaların zurvəsində dayanan təkələri, sürüləri, onlara atılan güllələri, sıldırımdan-sıldırıma tullanan buynuzlu dağ kəllərini  təsəvvüründə, təxəyyülündə canlandırar. Sənin dağda-daşda nə işin var, mafrax şəhər uşağısan, qayadan dığırlanıb ölərsən, məni də xataya salarsan, yıxıl yat. Ovçular geri qayıdanda  biz də onlara qarışarıq. 


Ardı var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı