Modern.az

Azərbaycanda küçə ədəbiyyatını kimlər yaradır?

Azərbaycanda küçə ədəbiyyatını kimlər yaradır?

30 İyul 2012, 12:00

Rəy: “Əgər biri əsərinin adını “Mən əclafam” qoyursa...”


Bu gün ədəbi aləmdə daha çox gənc nəsil öz yaradıcılığında vulqar fikirlərdən, açıq-saçıq səhnələrdən və küçə sözlərindən və ifadələrindən istifadə edir. Bəziləri də belə hesab edir ki, bu ədəbiyyat böyük ədəbiyyatın daxilində hallana bilməz, çünki bu sırf küçədə yaranan bir ədəbiyyatdır.

Modern.az saytı bu küçə ədəbiyyatının tam olaraq hansı məqsədə xidmət etdiyini aydınlaşdırmağa çalışdı.

Yazıçı Natiq Rəsulzadə gənc yazarların küçə söyüşünə bürünmüş əsərlərinin uğursuz bir hadisə olduğunu vurğuladı:

“İndi bu küçə sözlərindən, ifadələrindən istifadə etmək bir az dəbə düşüb. Ən əsas da cavanlar buna əl atır ki, nə qədər sərt danışsam, küçə sözlərindən istifadə etsəm, əsərimdə qabartsam bir o qədər çox oxucuları cəlb edə biləcək. Məncə, böyük ədəbiyyatda elə məqamlar yolverilməzdir və qəbul olunmazdır. Bizim belə səviyyədə yazan cavanlarımız nə qədər dəridən, qabıqdan çıxsa belə gündəmdə az müddət ərzində qalacaqlar. Rusiyada Eduard Limonov adlı birisi var. O, iyirmi il bundan qabaq peyda olunmuşdu və rus dilində olan bütün pis söyüşləri də əsərlərinə salmışdı. Onu bir müddət oxudular, indi isə onu heç xatırlayan da yoxdur. Belə şeylər müvəqqətidir. Amma bu işdə senzuranın olmaması da bu gəncləri ürəkləndirir və istədiklərini yaza bilirlər. Mən həmişə demişəm ki, senzura yazıçılarda, yaradıcı şəxsiyyətlərin qəlbində, daxilində olmalıdır. Senzura olmalıdır ki, o öz həddini aşmasın. Hər yaradıcı şəxsiyyət də mütləq senzuranın ölçü hissi olmalıdır. Belə deyək də qəşəng bir erotikanı eybəcər bir pornoqrafiyaya döndərməyə ehtiyac da yoxdur. Gözəl bir obrazdan bədheybət yaratmasınlar“.

Natiq Rəsulzadə ədəbiyyatda inkişafın ikinci məqamına da nəzər salıb öz fikirləri ilə bölüşdü:

“İkinci məsələ ondan ibarətdir ki, obrazların və qəhrəmanların da leksikonunu nəzərə almaq lazımdır. Müəllif mətnində söyüş, küçə sözləri olmaz. Əgər müəllif bunları istifadə edirsə, o, yazıçı deyil. Amma dialoqlarda onu da nəzərə almaq lazımdı ki, hər hansı bir oğru ziyalının professorun dili ilə danışa bilməz. Bunları da mütləq bilmək və istifadə etmək lazımdı. Oğru obrazını elə oğru dilində də danışdırmaq lazımdır ki, oxucular da buna inana bilsin. Yəni açıq-saçıqlıq, küçə sözlərindən, söyüşlərindən harda gəldi istifadə etmək olmaz və onun da öz yeri və məqamı var. Bir tərəfdən də bu gənclər bu küçə sözlərinə sırf məşhur olmaq üçün istifadə edirlər və qeyd edim ki, onlar müəyyən zamandan sonra heç kimin xatırlamayacağı birinə çevriləcəklər. Yeni-yeni ədəbiyyata gələn bu gənclər nəzərə almalıdır ki, bu küçə ifadələri ilə insanı darıxdırmaq da olmaz. Onları müəyyən insanlar oxuya bilər, amma yenə də onlar da nə zamansa bezib daha xatırlamayacaqlar. Bu da ötəri bir  xəstəlik kimidir. Böyük ədəbiyyat da bunları qəbul edə bilməz. Bir tərəfdən də bu gənclər hər yerdə qeyd edirlər ki, biz bununla öz daxili aləmimizi tanıtmaq istəyirik. Axı sizin bu vulqar və küçə söyüşlü daxili aləminiz kimə lazımdır? Bizim gənc yazarlar elə indidən başa düşsünlər ki, onların daxili aləmi heç kimə lazım deyil. Onlar bu məşhur olmağın yolunu da düzgün seçməyiblər ”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu gənclərin düzgün yolda olmadığını söylədi:

““Küçə ədəbiyyatı” ifadəsi belə öz yerində deyil, çünki ədəbiyyat ədəb sözündəndir. Küçə ədəbiyyatı deyəndə biz aydın məsələdir ki, vulqar bir ədəbiyyatı görürük və bu nəzərdə tutulur. Ədəb sözündə söyüşlər ola bilməz. Tarix boyu həcvlər olub, vulqar ifadələr belə işlənib, amma onlar müəyyən jarqonlarla öz ifadəsini tapıb. Mənə elə gəlir ki, müasir dövrdə küçə ədəbsizliyinə və küçə sözlərinə rast gəliriksə bu ədəbiyyatda olan bəzi insanlarının hörmətinin bir balaca da olsa aşağı salınmasının nəticəsi olaraq meydana çıxır. Bizdə təbliğat zəif olduğu üçün, ictimai rəy yaradacaq əsərlərin bəlkə də azlığı bu işə daha çox rəvac verir. İctimaiyyətin müəyyən bir hissəsi də bu küçə ədəbiyyatına meyl edir. Bu da çox məyus edici bir haldır. Bunu da mən sadəcə bunu gənclərin özlərinə daha çox diqqəti cəlb etməsi kimi görürəm. On gənclər də get-gedə çoxalırlar və bununla da ədəbiyyatda bir şou yaratmaq istəyirlər. Əgər biri əsərinin adını “Mən əclafam” və s. və i. a qoyursa, bu da bilin ki, məşhur olmaq üçün bir vasitədir. Amma bu çox ucuz bir yoldur və bununla da insanları az bir müddətə cəlb etmək olar. Həmçinin müəyyən sayt və portallar da bu işə dəstək olur. Onlar da bu ədəbiyyatı təbliğ edir, bir sıra qalmaqallara yol açırlar. Mən buna daha çox küçə ədəbsizliyi adını verərdim. Bu saytlar da bu ədəbsizliyi birbaşa ictimaiyyətə ötürür. Belə küçə sözlərindən istifadə məqamları sovet dövründə də öz əksini tapa bilirdi, amma sovet dövründə müəyyən sonra isə unuduldu. Belə ədəbsizliyə meyl edən yazarlar isə sadəcə populyarlıq üçün bunu edirlər. Bu günləri ədəbi meydanda imza tanıtmaq bir az çətin məsələdir və ona görə də bu gənclər belə yola əl atırlar. Əgər namuslu yazarlar bir araya gəlsə bunlara öz sözlərini deyə bilərlər. Həmçinin bir məqamı da qeyd edim ki, açıq-saçıq bir geyinən xanımı görüncə hər kəs diqqət edər. Bu da eyni ona bənzəyir“.

Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər