Modern.az

10 saylı Binəqədi III Seçki Dairəsində eşitdiklərim...

10 saylı Binəqədi III Seçki Dairəsində eşitdiklərim...

Reportaj

29 Yanvar 2010, 10:19

20 ildir deputat mandatı daşıyan Hacı Madər Musayevin fəaliyyəti seçiciləri qane edirmi?

“525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihəsi çərçivəsində əməkdaşımız Milli Məclisin üzvü Hacı Madər Musayevin deputat seçildiyi 10 saylı Binəqədi III Seçki Dairəsində olub. “Mənə səs verin, seçicilərimə xidmət edəcəm!” şüarı ilə 2005-ci il seçkilərində iştirak edən Hacı Madər rəqibləri Nazim Abdulazimov, Xalidə Əhmədova, İntiqam Zeynalovu arxada qoyaraq deputat seçilib. Hacı Madər Milli Məclisdəki uzun müddətdir mandat daşıyan bir neçə millət vəkilindən biridir. O, artıq 20 ildir deputatdır.

Hacı Madər Musayevin deputat seçildiyi ərazi Binəqədi rayonu 9-cu mikrorayon, Binəqədi və Biləcəri qəsəbələrini əhatə edir. Seçki dairəsinə yollanarkən ilk həmsöhbətim 27 saylı marşrutda hərəkət edən avtobusun sürücüsü Sabir Məmmədov oldu. Sürücü sözügedən dairənin ərazisində yaşadığını deyəndə, elə ilk münasibəti də ondan öyrənməyi qərara aldım. Sabir Məmmədovdan deputat barədə təəssüratını soruşduqda “Hacı söz yox, əməl deputatıdır. Bizim ərazidə kimə yaxınlaşsan bu sözləri təsdiq edəcək” dedi. Həmişə yollarda olduğunu deyən həmsöhbətimin sözlərinə görə, seçkiqabağı dövrdə digər namizədlərdən fərqli olaraq Madər Musayev əlinə  səsgücləndirici alıb məhəllələri gəzməyib. “Heç binaların divarlarına da Hacının şəkillərini yapışdırmamışdılar. Əslində onun bunlara heç ehtiyacı da yoxdur. O kişi dalbadal dördüncü dəfədir deputat seçilib. Hacını bizim ərazidə tanımayan yoxdur. Burada doğulub, burada yaşayır. Əgər onun gördüyü işlərin hamısını demirəm, üçdə birini Milli Məclisdəki deputatların hər biri görsə, fikirləşin onda Azərbaycan nə qədər inkişaf edər. Bildiyim qədər kömək üçün onun yanına gedənlərdən hələ heş kimi naümid qaytarmayıb”. Seçki dairəsinin ərazisində avtobusdan düşüb Mir Cəlal küçəsi-109 ünvanındakı yaşayış binasına yollandım. İlk qarşıma çıxan sakin ağsaqqal Loğman Məmmədov oldu.  Onu söhbətə tuturam. Loğman dayı həyətdəki xeyir-şər evini göstərərək belə dedi: “Hacı bizim həm ölümüz, həm də dirimiz üçün iş görüb. Tək bizim bina sakinləri üçün 180 kvadrat metrlik xeyir-şər evi tikdirdi. Bax, burdan bir az aralıdakı 9 nömrəli, 11 nömrəli binaların da qarşısında belə xeyir-şər evləri tikilib. Bildiyimə görə, Biləcəridə də 6 xeyir-şər evi tikdirib. Təsəvvür edin ki, insanları nə qədər əzab-əziyyətdən, əlavə xərcə düşməkdən xilas edib. Xeyir-şər “palatkaları”nın kirəhaqqından xəbərdar olarsınız. Ölü düşəndə onun yiyəsi borc-xərc edib çadır gətirdirdi, kirayə qab-qacaq alırdı, indi hamısı burda var. Yoxsa camaat bilmirdi pulu “palatka”ya versin, ya gələn-gedənini yola salsın. Artıq o pulla camaatımızı yola veririk. İndi xeyir-şər evlərindəki mərasimlərdə məclis yiyəsi yaddan çıxır. Hamı Hacıya dua edir, “sağ olsun” deyir. Vallah az-az deputat belə işlər görür”.

Mir Cəlal küçəsi 33-də yaşayan Seydulla Mikayılov da deputatdan razılıq etdi: “Oğlum, birinci qrup əlildir. 30 yaşı var. Hacı əksər əlil ailələri kimi bizi də bayramlarda yaddan çıxarmır. Ondan gördüyümü heç dövlətdən görməmişəm. Elə vaxt olub ki, yardım göndəriblər, amma mənim imkanım olmayıb həyətə düşməyə, yuxarı-evimizə qaldırıblar”. 

Digər sakin Rəna Əliyeva Madər Musayevi hələ o, universamda işləyəndən tanıdığını bildirdi: “Çox adam deyər ki, xeyriyyəçiyəm. Amma bu, gərək insanın içindən gəlsin. Hacı hələ deputat olmazdan əvvəl də xeyriyyə işlərilə məşğul idi. Mən o vaxtlar bu rayonda Veteranlar Şurasının sədriydim. Kimə görə ona ağız açırdım, həmin an problemin həllinə kömək edirdi. Heç kəsi yaddan çıxarmaz. Hər bayramda yataq xəstələrinin evlərinə pay göndərir. Belə problemli ailələr artıq Hacı tərəfindən qeydiyyata alınıb. Bu bir ənənədir ki, o, davam elətdirir. O, həqiqi xeyriyyəçidir”.

95 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Rafiq Məmmədov isə bildirdi ki, qış fəslinin əvvəlində xeyli binanı istiliklə təmin edən 230 saylı qazanxana deputat tərəfindən yeni texnika ilə təchiz edilib. Onun sözlərinə görə, bu işin üzərində Hacı Madərin özünün xüsusi nəzarəti var. “Hacı kasıbların deputatıdır”-deyə R.Məmmədov bildirdi.

Binəqədi qəsəbəsindəyəm. Qəsəbədə qarşıma çıxan sakinlərdən deputatları barədə fikirlərini öyrəndim. Düzdür, onun işinə qiymət vermək istəməyənlər də oldu, amma narazılıqlarını da ifadə eləmədilər. Əksər sakinlər dedi ki, bu qəsəbədə 80 faiz səs toplayan deputatdan narazı adam tapmaq çətindir. Sonra da millət vəkilinin xeyriyyə işlərindən söz açdılar. Axırda da dedilər ki, deputat Binəqədi kənd qəbiristanlığının ətrafına da 3500 metr uzunluğunda hasar çəkdirməklə təkcə dirilərin deyil, ölülərin də qayğısına qalıb. “Qoyun-quzu qəbristanlığa girib məzarların ətrafını çirkləndirirdi. Allah razı olsun, ondan başqa heç kim bu işin altına girə bilməzdi”-deyə sakinlər bildirdilər.

Mənə məlumat verdilər ki, Hacı Madər Binəqədi qəsəbəsi 182 nömrəli məktəbin yuxarı sinifində oxuyan bir qrup şagirdə təqaüd ayırıb. Həmçinin, bu məktəb üçün yeni korpusun tikintisi də deputatın təşəbbüsü ilə həyata keçirilib.

Uzun müddətdir bu qəsəbədə yaşadığını deyən Akif Seyidov bildidi ki, Hacı Madər təkcə bir yay mövsümü ərzində 47 kilometr asfalt örtüyü çəkdirib: “Təkcə Gülüstan küşəsi elə 15 döngədir. Bu qədər ərazinin hamısının asfaltlanması asan iş deyil. Hər kvadrat metrini yeddi manatdan hesablasaq, görün nə qədər pul edir. Halbuki, bu, yol təmir elətdirmək deputatın işi deyil. Qaz, su, işıq problemi olanda da sakinlər birinci deputata müraciət edirlər. Sağ olsun, camaatdan köməyini əsirgəmir. Əvəllər hər gecə işıqlarımız sönürdü, tez-tez fasilələr yaranırdı. Qəsəbənin yekun hesabat iclasında bir kəlmə deməyimiz bəs elədi ki, problemimiz həll olunsun. Nəqliyyatla bağlı narahatlığımız vardı. Onun yardımı ilə qəsəbəmizə 280 nömrəli marşrut açıldı. Mən deputatı tərifləmirəm, gördüyü işlərdən danışıram. Qapımızın ağzına qədər asfalt çəkdirib. Hacı alicənablığı ilə insanlığın nümunəsidir. Bütün deputatları dəvət edirəm, gəlin, görün, nümunə götürün”.

Seçiciləri deputatdan Binəqədi kəndindəki məscidin yenidən qurulmasına görə də razılıq etdilər. Məscidin axundu Hacı Şahbala isə belə dedi: “Hacı Madər hər şeyi bəyənən deyil. Keçən il məscidimiz tikilmişdi. Amma bəyənmədiyi üçün sökdürüb yenidən inşa etdirdi. Mətbəx, dəstəmazxana tikdirdi. Məscidin bütün bər-bəzəyinin xərcini Hacı Madər ödədi. Biz görürdük ki, o, necə həvəslə işləyir. Onun qəlbində Allah eşqi var. Hacı Madər həm sözündə, həm əməlində əhli-beytin yolu ilə gedir.

O, qapısından heç kimi köməksiz qaytarmaz. Dilinə “yox” sözü gəlməz”.

Oğlunun dörd övladını saxlayan Xanım Hüseynova Hacı Madəri görməsə də, onun təyin etdiyi yardımı vaxtında aldığını dedi: ”Elə istəyirəm Hacı Madəri görüm. İndi bir az nasazam. Özümə baxsam, yaxşılaşsam, əvvəlki kimi olaram, hələ ərə də gedərəm. Yəqin Hacı bircə bu istəyimi yerinə yetirə bilməz. Nə deyim? Necə ki, hamıya əl tutur, məni də heç yadından çıxarmır. Allah ona kömək olsun”.

Binəqədi qəsəbəsinin icra nümayəndəsinin müavini Kənan Mustafazadə: “Hacı Madər Musayev ona daxil olan bütün müraciətlərin araşdırılmasına çalışan deputatdır. Həm də müraciətlərə ən geci bir həftədə cavab verilməlidir. Heç bir kəndə ögey-doğma münasibətini hiss etməzsən. Xalqın gözü tərəzidir. Tövsiyələrində həmişə mənə deyir ki, “vəzifə sahibisən, qəsəbədə hamı sözünü eşidir, 45 minə qədər əhali sözünü sənə deyir. Öz-özünə heç hesabat verirsənmi ki, səlahiyyətindən istifadə edib, camaata neynəmisən?”. Qəsəbədə deputata aidiyyatı olmayan məsələlərlə də bağlı icra strukturları əvəzinə Hacı Madərə müraciət edilir. O, elə bir insandır ki, heç vaxt bir tərəfə qulaq asıb qərar vermir. Bir dəfə öz doğma əmisi oğlu ilə qonşu arasında münaqişə yaranmışdı. Bizə və bələdiyyə sədrinə zəng edib and verdirdi ki, “gedin araşdırın mənə düzünü deyin ki, kimdir təqsirkar”. Nəticədə bəlli oldu ki, günahkar Hacının əmioğlu imiş. Hacı Madər bir kəlmə söylədi ki, “ona deyin iddianı geri götürsün”. Bununla da, məsələ həll olundu. Hər bir görülən işin nəticəsi haqda ona məruzə olunmalıdır. Bir də görürsən ki, bir ay əvvəl verdiyi tapşırığın nəticəsini soruşur”. Biləcəri qəsəbəsində də oldum. Qəsəbə sakini Rauf Əliyev deputatın hər il bu yaşayış məntəqəsinin bir qlobal problemini həll etdiyini dedi: “Hacı Madər hər bir şikayətçiyə fərdi yanaşır. Keçən il 3 aztəminatlı Biləcəri sakininə yeni evlər tikilib verildi. 314 nömrəli məktəbin açılışı ilə bağlı olaraq məktəbə gedən 800 metrlik yol yeni asfalt örtüyü ilə əvəz edildi. Qəsəbənin 11 saylı Uşaq poliklinikası təmir edildi. Avadanlıqları da daxil olmaqla poliklinika başdan yeniləndi. Hələ əsas küçələrimizin işıqlandırlmasını demirəm. Bunlar deputatın təşəbbüsləri ilə həyata keçirilib”.

P.S. Mən Hacı Madəri bu yazıya qədər heç tanımırdım. Həm Binəqədi, həm də Biləcəridə müşahidələr apardığım zaman çox çalışdım ki, deputatdan narazı seçici tapım. Çünki yaxşı jurnalist yazısında neytrallığın qorunması əsas şərtdir. Bilirəm, biri bu yazını “deputat tərifi” adlandıracaq, biri deyəcək ki, tənqid yazmaqdan qorxmuşam. Amma demək istəyirəm ki, Hacı Madər həqiqətən seçildiyi dairənin seçiciləri üçün çox iş görüb. Mənim kimi çoxları da fikirləşər ki, bu qədər işi Hacı Madər təkbaşına edə bilməz. Camaatla söhbət əsnasında mənə məlum oldu ki, bütün bunlar komanda işinin məhsuludur. Hacının köməkçisi Roza İbrahimovanın da çox işgüzar şəxs olduğu qeyd edildi. Bu yazıdan sonra mən belə qənaətə gəldim ki, doğurdan da, Xanım nənənin dediyi kimi, Hacı Madərin üzünü görməyənlər də onun köməyini görüb.

 

 

 

Deputatın tikdirdiyi Xeyir-şər evlərindən biri

 

Sakinlər deyirlər ki, burada təkcə yas məclisləri qurulmur, toy-düyün edənlər də olur 

 

Hacı Madər Musayevin təşəbbüsü ilə təmir olunan orta məktəb

 

Seçicilərdən öyrəndim ki, Hacı Madər belə yataq xəstələri üçün ayrıca yardımlar təşkil edir

 

Deputatın təmir elətdirdiyi tibb müəssisəsi

 

Bu məktəbin yuxarı sinfində oxuyan bir qrup şagird millət vəkilindən təqaüd alır

"Deputatın üzünü görməsəm də, nəvələrimə təyin etdiyi yardımı vaxtında alırıq"

 

Qazanxana yeni avadanlıqla təchiz edilib 

 

Bələdiyyə binası da deputatın təşəbbüsü ilə inşa olunub

 

Hasara alınmış qəbiristanlıq

 

"Bu yolun əvvəlki vəziyyəti belə deyildi"

  Kəmalə Tofiqqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu