Modern.az

Hacıəmi Atakişiyev: “Dünya zövqlü reklam, biz isə hələ də Qobustan rəsmləri çəkirik”

Hacıəmi Atakişiyev: “Dünya zövqlü reklam, biz isə hələ də Qobustan rəsmləri çəkirik”

Mədəni̇yyət

1 Avqust 2012, 12:15

“Nazirliyin reklama dəyər verməsi praktikası heç bir ölkədə yoxdur”

Azərbaycanda televiziya reklamlarının çox maraqsız və zövqsüz olması insanları çox zaman əsəbiləşdirir. Bunun nəticəsidir ki, teletamaşaçılar reklam fasiləsində kanalı digərinə dəyişirlər. Razılaşaq ki, bizim televiziya reklamları qonşu ölkələrlə müqayisədə zəif inkişaf edib. Televiziya kanallarında yayımlanan reklamlar qonşularımız olan Gürcüstan, Türkiyə, Rusiya və İranda çəkilən reklamlardan çox zövqsüzdür Belə olmasa idi, hər kəs ən azı Türkiyə telekanallarında təqdim olunan reklamlardan danışmazdı. Reklam necəliyindən asılı olmayaraq, ictimai təsiretmə gücünə malik olmalıdır. Azərbaycan televiziyalarında nümayiş etdirilən yerli istehsalçıların çəkdikləri reklamların əksəriyyəti isə aşağı səviyyədədir. Belə reklamlarla alıcı qazanmaq yox, alıcı itirmək mümkündür. Reklamların tərcümələrində də ciddi yanlışlıqlar olur. Səsləndirmə isə biabırçı vəziyyətdədir. Belə ki, reklama çəkilən aktyorun üzündə gülüş var, amma onun sözlərini Azərbaycan dilində səsləndirən adam əsə bi tonda danışır. Bəs bu problemlərin qarşısını almaq üçü nə etmək lazımdır? Nədən bizim ölkədə səviyyəli reklam çəkilişləri aparılmır?

“Ölkədə güclü nə istehsal olunur ki, onun da güclü reklamvericisi olsun”

Modern.az-a açıqlamasında Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib ki, reklam pullu xidmətdir və əgər reklamın çəkilişində, hazırlanmasında, təbliğində yaxşı maliyyə vermirlərsə, onda çəkilən reklam çox cılız olur.

“Bu, çox pul aparan işdir. Azərbaycanda isə buna böyük bir maraq yoxdur. Heç kim brendi öyrənmək, kreativi hazırlamaq marağında deyil. Bu işin arxasında sifarişçi olmalıdır, sifarişçi bunu reklam agentliyinə verməlidir və reklam agentliyində bu işin üzərində ciddi işləməlidir. O vaxtlar Türkiyənin “Vipsaj” firması mərhum müğənni Barış Mançonun rəhbərliyi altında 30 saniyəlik bir reklam çarxını 700 min ABŞ dollarına çəkirdilər. Buna pul verən reklamverici olmalıdır. Reklamın sifarişçisi var ki, bu pulu verir. Amma bizdə ölkədə güclü nə istehsal olunur ki, onun da güclü reklamvericisi və satış bazarı olsun. Bunun alternativ tərəfi də var. Belə ki, Gürcüstan bizə görə çox kasıb bir dövlətdir. Amma reklamları bizdən çox güclüdür. Onlarda bu güclü kadr potensialının olması ilə əlaqədardır. Bizdə kadr potensialı Gürcüstana görə çox geridir. Onların kadr potensialı isə Gürcüstanın 20-30 faizini təşkil edir”.

“Reklamvericinin özünün xüsusi reklam agentliyinin olması inhisarçılıqdır”

H. Atakişiyev televiziyaların reklam çəkməyinin düzgün olmadığını bildirib. Belə ki, bizdə reklam yayıcısı olan televiziya, eyni zamanda reklam istehsalçısıdır. “Belə olan halda onun da burada elə bir böyük marağı olmur. Maliyyəyə qənaət etmək üçün çox ucuz bir yol seçirlər və bununla da bəsit reklamları televiziyalara çıxarırlar. Reklamın hazırlanmasının 4 istiqaməti var: reklam sifarişçisi, reklam agentliyi, reklam istehsalçısı və reklam yayıcısıdır. Biz sadalanan dörd yolun hamısını dəqiq tuta bilsək və reklamverici bunları tanıya bilsə, Gürcüstana yaxın bir reklamlar çəkə bilərik. Ola bilir ki, reklamvericinin özünün xüsusi reklam agentlikləri olur. Bu artıq inhisar yaradır. Onda olur inhisarçılıq. Özü əkir, becərir və yeyir. Bunu düşünəndə kənara pul çıxmır. Kənara pul çıxmayanda isə az-çox bacarığı olan reklam agentlikləri sıradan çıxırlar. Bu da düz deyil. Reklam agentlikləri bazarda o qədər inkişaf etməlidir ki, reklamverici onlara tapsın. Bu baxımdan ilk növbədə qanun formalaşmalı və inhisar ortadan çıxmalıdır. İnhisar olan yerdə korrupsiya yaranır. Yerdə qalan reklam şirkətləri də 5 manat qazanmaqdan ötrü çox ucuz bir yol seçib, reklam hazırlayırlar. Sadaladığımız dörd istiqamət Azərbaycanda qanunda öz yerini tutmasa, ölkənin reklamı bu vəziyyətdə də olacaq”.

“Artıq İran da dünya səviyyəsində reklamlar çəkir”

İttifaq prezidenti bildirib ki, İranı antidemokratik, savadsız ölkə kimi saysalar da, onlar bu gün çox gözəl reklamlar çəkir. Bundan başqa, onların reklam səsləndiriciləri çox müasirdirlər.

“İranın ABŞ və Fransa səviyyəsində reklam səsləndiriciləri var. O səs birinci insanı tutur. Reklamda birinci səsdir, ikinci sözdür, üçüncü şəkildir. Səs insanı “tutarsa”, hansı otaqda olmağından asılı olmayaq televizorun qarşısına qaçırsan. Söz isə elə-belə yazılmır. Buna xaricdə koperator sənəti deyilir. Koperator sənətinin sahibi həm jurnalist, həmdə dizayner olmalıdır. O, reklamın eskizini verən anda, sözü tapır. Amma bizdə hər hansı bir reklamvericinin işçisi fikirləşir ki, bizə belə bir söz altında bir reklam verin. Əlbəttə, o mövzu düz gəlmir və ona da uyğun heç nə yaratmaq olmur. Bizdə həmin koperator məktəbi yaradılmalıdır. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetinin bazasında rejissor, kinorejissor, jurnalistlər var. Heç olmasa magistratura səviyyəsində 2 il uşaqları o sahə üzrə hazırlamaq olar. Onda biz koperatorumuzu yetişdirməliyik. Yəni dörd istiqamətdən sonra kadr məsələləri gəlir. Əgər kadrlarımızı həll edə bilməyəcəyiksə, onda yenə də reklam sənəti alınmayacaq. Ortadan inhisar çıxmalıdır, kadr hazırlığı olmalıdır, dediyimiz dörd reklam istiqamətləri işləməlidir ki, heç olmasa dünya səviyyəsində istədiyimiz 50 faizlik reklamları alaq”.

““Reklam haqqında” Qanuna bir sıra dəyişikliklər edilməlidir”

Sonda H. Atakişiyev qeyd edib ki, reklam elə bir iş deyil ki, onu birdən-birə qaldırasan. Bunun üçün “Reklam haqqında” Qanun yenidən işlənməli və Reklam Məcəlləsi hazırlanmalıdır.

“O məcəllə ilə həmin məsələyə baxılsın. Qanundan sonra özünü tənzimləmə proqramı olmalıdır. Özünü tənzimləmə odur ki, onun da bazasında Reklam Şurası olmalıdır. Reklam Şurası həmin özünü tənzimləmə proqramı ilə bazarı gündəlik tənzimləyir. Bu gün İqtisadi İnkişaf Nazirliyi reklama hər hansı bir qiymət qoyur. Dünyanın heç bir yerində belə bir hal yoxdur ki, hansısa bir nazirlik reklama qiymət qoysun. Reklam azad bazarın hərəkətverici qüvvəsidir. Əgər bazarda məhsula nazirlik qiymət qoymursa, onun reklamına da qiymət qoya bilməz. Odur ki, bunlar hamısı sərbəst buraxılmalı və liberallaşmaldıır. Onda reklam bazarı tam öz həllini tapa bilər. Yəni reklam sərbəst bir orqandır. Buna heç kim nəzarət edə bilmir. Nəzarət edən isə xaricdə olduğu kimi ictimai institutlar – ittifaqlar, assosiasiyalar, cəmiyyətlərdir. Onlar nəzarət edir və bu gün bazarda tələbat necədirsə o cür də qiymət qoyurlar. Odur ki, gələcəkdə “Reklam haqqında” Qanuna baxılmalı və qanunda bu idarəetmə sistemləri dağılmalıdır. Çünki artıq bu qədər nəzarət ola bilməz. Nəzarət yaradan idarələrin özü də inhisarçıdır. Onlar inhisarlaşırlar və istədikləri reklamı şəhərə çıxarır və ya televiziyaya buraxırlar. Reklam sərbəst işləməlidir. Gürcüstan, İran kimi qonşu ölkələrdə artıq bu həll edilib. Rusiyada isə çox qabaqlar bu inkişaf edib. Artıq dünya qloballaşır, biz isə hələ də daş dövründə daşların üzərində reklamlar çəkirik. Yəni Qobustan rəsmləri çəkirik. Bundan uzaqlaşmalıyıq ki, bir qədər sivil reklamlar yarada bilək”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!