Modern.az

TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edib

TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edib

Ölkə

28 Yanvar 2010, 12:04

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlərin nəşr olunmasına dair mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, N.Babayevin sözlərinə görə, TQDK-nın 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitləri artıq əldə etmək olar.

Ali və orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Bu ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə hazırlanmış vəsaitlər TQDK-nın əməkdaşları və qurumun nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanıb. Vəsaitlər aşağıdakı istiqamətlərə uyğun olaraq 5 kitabçada nəşr edilib:

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq və dizayn

4. Teatr, kino və xoreoqrafiya sənətləri

5. Bədən tərbiyəsi və idman.

Vəsaitlərdə qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası və onların hansı ali məktəblərdə, orta (11-illik) və əsas (9-illik) təhsil bazasından orta ixtisas məktəblərində mövcud olması haqqında məlumatlar, seçmə turun şərtləri, qabiliyyət  imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə meyarları yeni formada tərtib olunub, hər istiqamət üzrə ali məktəblərin, orta (11-illlik) və əsas (9-illik) təhsil bazasından orta ixtisas məktəblərinin qəbul proqramları və metodiki tövsiyələr təkmilləşdirilib.

Ali məktəblərin pedaqoji, idman və dizayn (texnoloji) ixtisasları, orta (11-illlik) və əsas (9-illik) təhsil bazasından orta ixtisas məktəblərinin ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri məqbulla, ali məktəbləri digər ixtisasları üzrə isə balla qiymətləndiriləcək.

Təsviri sənət istiqaməti üzrə vəsaitdə reproduksiya materialları abituriyentlərə kömək məqsədilə rəngli formada nəşr edilib.

Musiqi sənəti istiqaməti üzrə  bəzi ixtisasların imtahanlarında və proqramlarında dəyişiklik edilib, ədəbiyyat siyahıları yenilənib.

Memarlıq və dizayn istiqaməti üzrə ixtisasların bir neçəsinin imtahan tapşırıqlarına dəyişikliklər edilib və vəsaitə dəyişikliklərə müvafiq olaraq yeni nümunələr əlavə edilib.

Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə ixtisasların müvafiq nəzəri ədəbiyyat siyahısı yenilənib, bəzi ixtisaslarda imtahanın tərkib hissələri dəyişdirilib.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə bədən tərbiyəsi ixtisasının şahmat növü üzrə ümumi fiziki hazırlıqdan qabiliyyət imtahanının normativləri nisbətən aşağı endirilib. Abituriyentlərə kömək məqsədi ilə bütün idman növləri üzrə tədris-metodik vəsaitə yeni nəzəri ədəbiyyat siyahıları əlavə olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir