Modern.az

ANS-çi Aytəkin Alxaslı: “Məni o anda Allah saxladı” - MÜSAHİBƏ

ANS-çi Aytəkin Alxaslı: “Məni o anda Allah saxladı” - MÜSAHİBƏ

Media

3 Avqust 2012, 08:01

“Nə qədər ki, qüvvəm var, ANS-də işləmək fikrindəyəm, lap təqaüdə çıxana qədər...”
 
ANS telekanalının Qusar bürosunun müxbiri Aytəkin Alxaslı bölgədə işləməsinə baxmayaraq, Azərbaycanda kifayət qədər tanınmış jurnalistlərdən biridir. ANS-də efirə getmiş bir çox səs-küylü reportajlar məhz onun adı ilə bağldır.

Aytəkin Alxaslı Modern.az saytına müsahibə verib. Onu oxuculara təqdim edirik.

- Özüm haqqında qısaca onu deyə bilərəm ki, Şəkinin Kiçik Dəhnə kəndində anadan olmuşam. Elə orta məktəbi də həmin kənddə bitirmişəm.

- Ali təhsiliniz nə üzrədir?

- İxtisasca elə jurnalistəm, 1987-ci ildə indiki Bakı dövlət Universitetinin, o zamankı Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Həmin il də təyinatla Qusar rayonunda 3 dildə - rus, ləzgi və Azərbaycan dillərində çıxan “Qusar” qəzetinə göndərilmişəm. ANS-ə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləmişəm.

- Jurnalistikaya maraq nədən yarandı? Sizi jurnalist olmağa vadar edən amil nə oldu?

- Deyə bilmərəm nədən? Bu maraq orta məktəbdə oxuduğum zaman məndə yaranıb. Yeri gəlimişkən, qeyd etmək istəyirəm ki, mən 14-cü qəbul imtahanında universitetə daxil olmuşam, 7 il qəbul üçün Bakıya gedib-gəlmişəm.

-Jurnalistika fakultəsində təhsil almamışdan öncə bu sahədə təcrübəniz olub?

- Deyim ki, hələ orta məktəbdə oxuduğum vaxtdan rayonumuzun yerli qəzeti olan “Şəki fəhləsi” və bir sıra mərkəzi qəzet və jurnallarda – “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Sovet kəndi” qəzetlərində, “Pioner”, “Azərbaycan qadını”, “Kənd həyati”, “Təşviqatçı”, “Azərbaycan təbiəti” jurnallarında müxtəlif yazılarla çıxış etmişəm.Yadıma gəlir, 1982-ci ildə universitetə sənəd verəndə 500-dən artıq məqaləmi də komissiyaya vermişdim. Axı o dövrdə Jurnalistika fakültəsinə qəbul olmaq üçün həm çap olunmuş məqalələrin olmalı idi, həm də 4 qəbul imtahanından əvvəl, iki dəfə yazılı və şifahi müsabiqədən keçməli idin. Amma, təəssüf ki, indi belə deyil. İndi sənədlərini hansısa humanitar fakültəyə verən abuturiyent ora balı çatmayanda istər-istəməz Jurnalistika fakültəsini seçməli olur.

- ANS-ə gəlişiniz necə oldu?

- 1998-ci ilin 29 iyulunda hörmətli Mirşahin müəllim şimal bölgəsində ANS-in bürosunu açmaq üçün Qusara gəlmişdi, mənim orada olmağımı eşidib, mənimlə görüşdü və bir neçə gündən sonra bu şirkətdə Qusar bürosuna müxbir təyin olundum. O vaxtdan məni ANS ailəsinə qəbul etdiklərinə görə, Vahid və Seyfulla Mustafayevlərə, Mirşahin Ağayevə minnətdaram.

- Yəni ANS-də bölgə müxbiri kimi işə başladınız.

- Bəli . Amma, işə qəbul olunanda 10-15 gün ANS-in baş ofisində təcrübə keçmişəm. Axı televiziyaya qəzet müxbirliyindən gəlmişdim. Yadıma gəlir, təcrübə müddətində hamının böyük Seva kimi tanıdığı Sevda Həsənova ilə birlikdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri  Məleykə Abbaszadədən müsahibə almağa getmişdim.

- Bölgə müxbiri kimi ilk fəaliyyətiniz harada olub?

- Şimal bölgəsinə daxil olan rayonlarda. Ən əvvəl fəaliyyətim Qusar, Quba, Xaçmaz rayonlarından başlayıb, daha sonra isə Şabran, Siyəzən və Xızı rayonlarını da əhatə etmişəm.

- ANS-in ən stajlı, qocaman müxbirlərindənsiniz, həm də deyilənə görə siz Mirşahinlə tələbə yoldaşı olmusunuz, bu haqda öyrənmək istərdik.

- Bəli, biz birinci kursda bir yerdə oxumuşuq.

- Bir müddət ANS-in Naxçıvan MR üzrə bölgə müxbiri işlədiniz, oradan hansı səbəbə görə ayrıldınız?

- İşimlə əlaqədar.

- Uzun müddətdir ki, bölgə müxbiri işləyirsiniz, həmin bölgələr üzrə təəssüratlarınız necədir?

- Düzdür, ağır və həssas bölgədir, amma mən belə bölgədə işləməyi özümə şərəf sayıram və sayacağam da.

- Bölgə müxbiri kimi hazırda neçə rayonu əhatə edirsiniz?

- Məlumdur ki, şimal rayonlarına, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları mənim xidmət etdiyim ərazidir.

- Ümumiyyətlə, hadisələr haqqında məlumatları necə əldə edir və çatdıra bilirsiniz?

- Çox sadəcə, bu mənim peşə sirrimdir. Deyim ki, müxtəlif təbəqədən olan insanlarla informasiya əlaqəm var. Həm də bu əlaqəm təkcə şimal rayonlarını əhatə etmir. Bəzən paytaxtı və müxtəlif regionları da əhatə edir. Belə bir fakt deyim: 2009-cu il aprel ayının 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsini ilk olaraq ANS-ə mən məlumat vermişdim.

- Operatorunuz da özünüz kimi stajlı işçidir?

- Xeyr

- Deyilənə görə şimal bölgəsi üzrə avtoritetliyə maliksiniz, məmurlar sizdən çəkinirlər?

- Nə deyim, mənim avtoritetliyə sahib olmağımı qoy başqaları desin. Məmurlar bəlkə də məndən çəkinir. Amma, nahaq, axı, mən onlardan informasiyandan başqa heç nə istəmirəm, iştəməmişəm və istəməyəcəyəm də...

- Bu günə kimi gördüyünüz işlər içərisində ən yaxşı işiniz, reportajınızı özünüz hansını hesab edirsiniz?

- Demək olar ki, çoxdur, bunları açıqlasam, özümü tərifləmiş olaram. Amma, birini deyim. Mən ANS-ə işə qəbul olunandan az sonra eşitdim ki, Xaçmaz rayonu ərazisində yalnız Rusiya vətəndaşları yaşayan iki-Xraxoba və Üryanoba kəndləri var. Bu kəndlər barədə ANS-də videomateriallar hazırlamağa başladım. Həmin insanlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək, həmişə orada yaşamaq istəyirdilər. Xraxobadan çoxlu materiallar verdim. Sonradan bu məsələ dövlətlər səviyyəsində həllini tapdı. İndi o kənddə yaşamış Rusiya vətəndaşları könüllü olaraq buradan köçüblər, buraya isə Azərbaycanın müxtəlif bölgələrindən ailələr köçürülüb. Xraxoba mövzusu Azərbaycan mətbuatında yalnız ANS-in hazırladığı eksklüziv mövzulardandır.

- Telejurnalistikaya yeni gələnləri necə qiymətləndirirsiniz?

- Aralarında həqiqətən juralistikaya meylli olanlar da var, olmayanlar da. Təəssüflər ki, bacarığı olmayanları daha çox görürəm.

- Telekanallara baxırsınız? Onların ümumi fəlaiyyətini, xəbərləri kənardan müşahidə edən kimi necə görürsünüz?

- Baxıram, amma heç bir fikir yürütmək istəmirəm.

- Bakıdakı ofisə tez-tez gəlib gedirsiniz?

- Lazım olanda

- Ümumiyyətlə, heç düşünürsünüzmü ki, bölgə üzrə müxbir yox, artıq Bakıdakı ofisdə fəaliyyətə başlayasınız?

- Yox, bu barədə heç düşünmürəm.

- Jurnalist kimi yəqin işinizlə əlaqədar mükafatlara da layiq görülmüsünüz, bu günə qədər aldığınız ən böyük mükafatı hansı hesab edirsiniz?

- Bu suala da geniş cavab versəm, özümü öymüş olaram, məni tamaşaçı tanıyırsa, az-çox dəyərləndirirsə bu, mənim ən böyük mükafatımdır.

- Bir az da ailəniz barədə danışa bilərsiniz?

- Mərhum atam Kamil Alxasov Şəkidə kənddə yaşayan ilk alim müəllim olub, o filologiya elmləri namizədi idi, həm də zəhmətkeş idi.Dünyasını dəyişənə qədər mal-qara saxlamaqla məşğul olub. Qardaşlarım Oqtay coğrafiya, Yaşar isə pedoqoji elmləri namizədidirlər.Bacılarım Gültəkin tibb bacısı, Kəmalə isə əmək təlimi müəlliməsidir. Hamısı Bakıda yaşayır.

- Bildiyimiz qədər ailəli deyilsiniz, özünüzü peşənizə həsr etdiyiniz üçün ailə qurmamısınız?

- Qoy, bu sualdan keçək, amma, deyəsən elədir.

- ANS-in yubileylərində jurnalistlərin başına gələn maraqlı hadisələrdən ibarət videoroliklər hazırlanmışdı, orada sizə aid də sujet var idi.  Çəkilişlər zamanı başınıza gələn maraqlı hadisələr barədə bir-ikisini danışa bilərsiniz?

- Atdan yıxılmışam, skuterdən yıxılmışam. Skuterdən yıxılmağımı belə açıqlamaq istəyirəm: Qusarın Ləzə kəndində sərhəd zastavasının açılışı idi, tədbir müddətində skuterin yanında stəndap (stand up) eləmək istədim, elədim də amma, mənə ləzzət eləmədi. Tədbirin sonunda ömründə velosiped sürməyən mən, skuteri sürmək istədim, sürdüm də, amma, qəza törətdim. Belə bir kəlam var: Allah saxlasın! Məni də o anlarda Allah saxlayıb.

- ANS-dən çıxmağı, təqaüdə getməyi nə vaxtsa düşünmüsünüz?

- Düşünmürəm, nə qədər ki, qüvvəm var, ANS-də işləmək fikrindəyəm. Sağlıq olsun.

- “Planet Parni iz Baku”nun “Space”də həftəlik yayımlanan proqramında sizinlə bağlı da parodiya edilmişdi, orada sizin maaş məsələnizə toxunulmuşdu. O səhnəyə baxmışdınız? Münasibətiniz necədir o səhnəyə?

- Hə, baxmışam, fikrim müsbətdir. ANS-çinin maaşını tələb etməsinin nəyi pisdir ki... Təbii ki, zarafat edirəm...

- Jurnalistikadan başqa hansı sahəyə marağınız var? Jurnalist olmasaydınız, hansı sahədə işləmək istərdiniz?

- Yenə də jurnalistikada, şablon çıxmasın haa…

- Ümumiyyətlə, ANS-dən başqa yerdə işləməyi düşünmüsünüz?


- Yox, bu heç mənim ağlımdan da keçməyib. ANS bağlananda bir ay çətin anlar yaşadıq. Amma heç vaxt başqa yerdə işləmək barədə düşünməmişəm.

- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Boş vaxtım çox az olur, olanda da ev işləri görürəm.

- Ən son oxudunuz kitab hansıdır?

- İlyas Əfədiyevin əsərlərini çox sevirəm. Son dəfə Çingiz Abdullayevin “Döyüşçünün yolu” əsərini oxumuşam.

Sonda Modern.az saytına məni müsahib seçdiyi üçün təşəkkür edirəm. Nəzərə alın ki, bu mənim elektron mediada ilk müsahibəmdir.






Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir