Modern.az

Azərbaycanda kreditlər insanları müflis edir, yoxsa maddi rifahı yüksəldir?

Azərbaycanda kreditlər insanları müflis edir, yoxsa maddi rifahı yüksəldir?

28 Yanvar 2010, 13:29

Azərbaycandakı bəzi banklar vətəndaşlara “şapka”sız kredit vermir. Yəqin ki, bunu bilməyən yoxdur. Dünyanın əksər ölkələrində insanlar kreditləri bizdəkindən qat-qat aşağı faizlə alır və bununla sosial vəziyyətlərini yaxşılaşdırırlar. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Müstəqil iqtisadçılar da qeyd edirlər ki, əksər hallarda banklardan kredit alan Azərbaycan vətəndaşı sonda tamamilə müflis olur. Düzdür, bunun əksini deyənlər də var. Bəs iqtisadiyyat yazarları bu barədə nə düşünür? Modern.az bəzi iqtisadçı jurnalistlərə müraciət edib.

 

“Üç nöqtə” qəzetinin iqtisadiyyat yazarı Pünhan Əfəndiyev regionlarda verilən kreditlərin yaxşı nəticə verdiyini düşünür: “Kredit aşağı məbləğdə verilirsə, bu, heç bir dəyişikliyə səbəb olmur. Əgər kredit 20, 30, 100 min manat olarsa, onu götürən  şəxsin həyatında dəyişiklik yarana bilər. Fikrimcə, kredit rüşvət alınmadan verilirsə, daha effektli nəticələnər. Regionlarda verilən kreditlərin insanların vəziyyətinin və həyat şəraitinin dəyişməsində rolu var. Yəni həmin kreditlər hesabına aqrar sahədə hansısa iş görmək olar”.

 

“Mərkəz” qəzetinin müxbiri Vasif Cəfərovun fikrincə kreditin faiz dərəcəsinin yüksək olması insanlara xeyirlə yanaşı həm də zərər verir: “Real faizlər 30-40 arasında dəyişir. Bununla belə, kreditin verilməsi müsbət haldır. Yəni istənilən halda müsbət dəyişikliklərə gətirib çıxara bilər. Kreditlərin faizlərinin yüksək olması qiymətlərin də qalxmasına səbəb olur. Deyək ki, hər hansı ticarətlə məşğul olan insan kredit alır. Həmin şəxs məcbur olur ki, malını baha satsın və faizi ödəyə bilsin. Kredit faizinin yüksək olması kreditin qaytarılma ehtimalını da azaldır. Tanıdığım insanlar var ki, krediti ödəyə bilmədiyinə görə evini də satıb. Həmçinin kreditin faiz dərəcəsinin yüksək olması gəlirlilik səviyyəsinin aşağı düşməsinə səbəb olur”.

 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlahə Xəlilova deyir ki, kreditlər insanların  müflişməsinə gətirib çıxarmır: “Çünki insanlar öz imkanlarına güvənib, öz bizneslərini inkişaf etdirirlər. Üstəlik əlavə gəlir əldə edib, krediti qaytara bilirlər. Ancaq hazırki böhran şəraitində insanları kreditə cəlb etmək çətinləşib. Bununla yanaşı, banklarda kreditləri verərkən analiz edirlər. Ona görə də inanmıram ki, müflisləşməyə gətirib çıxarsın”. 

“Bizim yol” qəzetinin müxbiri Vüsalə Rüstəmova insanaların kredit götürməyə maraqlarının olmadığını deyir: “Çünki kreditlərin faizi çox yüksəkdir. Daha çox kredit götürənlər əsasən biznesmenlərdir. Kreditin faizi yüksək olmasına baxmayaraq 2-3 min manat götürən insanlar kreditdən faydalana bilirlər”.

“Yeni Müsavat” qəzetinin müxbiri Həbibə Abdullanı kredit siyasəti qane etmir: “Azərbaycanda verilən kreditlər insanların həyatına heç bir müsbət təsir göstərmir. Çünki kreditlərin faizi yüksəkdir”.

“Yeni Azərbaycan” qəzetinin müxbiri Elbrus Cəfərlinin fikrincə  kreditlər insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir: “Kredit alan şəxs bu krediti biznesə yönəldir. Daha sonra ətrafına da insanları cəlb edir. Bu da həm onun özünün, həm də ətrafında olan insanların yaşayışına yaxşı təsir göstərir”. 

Günay MUSAYEVA 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir