Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası ictimaiyyətə hesabat verdi

QHT-lərə Dövlət Dəstəyi Şurası ictimaiyyətə hesabat verdi

28 Yanvar 2010, 16:58

Yanvarın 28-də “Park İnn”’ otelində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildəki fəaliyyətinə aid hesabatın təqdimat mərasimi olub. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev hesabat barədə məlumat verib.

Azay Quliyev bildirib ki, Şura öz fəaliyyətində əsas üstünlüyü QHT-lərin şəffaf işləməsinə, layihələrdə nəzərdə tutulan məsələlərin yerinə yetirilməsinə verir. Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi müsabiqəyə 569 layihə daxil olub. Ərizə təqdim edən 569 QHT-nin Şuradan tələb etdiyi ümumi məbləğ 8 milyon 978 min 890 manat təşkil edib. Şura 226 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib. 226 layihə üçün Şuradan ayrılan məbləğin ümumi həcmi 1 848 000 manat təşkil edib. A.Quliyev deyib ki, 2009-cu ilin

“Uşaq ili” elan edilməsi ilə əlaqədar Şura uşaq məsələlərinə xüsusi diqqət yetirib. Belə ki, 2009-cu ildə uşaq məsələlərini əhatə edən 42 layihə maliyyələşdirilib. Bu layihələrin 31-i Bakı şəhərində, 11-isə regionlarda icra olunub. Layihələrin icrası nəticəsində uşaqların iştirakı ilə ümumilikdə 109 tədbir keçirilib. Uşaqlarla bağlı layihələrə ümumilikdə 111 min 300 yüz nəfərdən çox uşaq cəlb olunub. Onlardan 500-dən çoxu müharibədən əziyyət çəkən uşaqlar olub. A.Quliyev deyib ki, 2009-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının 20 iclası keçirilib. Bu iclaslarda Şuranın fəaliyyətinin təşkili, QHT sektorunun inkişafına yönəlmiş bir sıra ictimai əhəmiyyətli məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.  

A.Quliyev deyib ki, 2009-cu ildə Şura Azərbaycan Respublikasının QHT konsepiyasından irəli gələn məsələlərin həlli istiqamətində müəyyən işlər həyata keçirib, növbəti illərdə də daha irimiqyaslı layihələr planlaşdırılır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə 480-dən çox layihə təqdim olunub. Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Şura Katibliyinin monitorinq planına uyğun olaraq,  Katibliyin əməkdaşları Şura tərəfindən maliyyələşən layihələrin monitorinqini həyata keçiriblər.

2009-cu ildə keçirilən monitorinqlərin əsas nəticələri:

Şura tərəfindən 247 layihə maliyyələşdirilib;

Bu layihələrə 260-dan çox monitorinqlər aparılıb;

9 QHT layihələrin monitorinqi üçün lazımı şəraiti yaratmayıb;

16 QHT-nin sənədləşmə məsələlərində müəyyən problemlər olub;

13 QHT-nin sənədləri layihənin bütün gedişini özündə tam şəkildə əks etdirmir;

36 QHT həyata keçirdiyi layihələr barədə ictimaiyyətin məlumatlandırılması zəif təşkil olunub;

20 QHT müqavilə öhdəliklərinin yerinə yetirilməsində müəyyən nöqsanlara yol verib. Şura Katibliyi əməkdaşlarının ciddi səyi nəticəsində bu nöqsanlar aradan qaldırılıb;

50 QHT layihəni müqavilə üzrə nəzərdə tutulan vaxtda başa vura bilmədiyi üçün layihənin müddətinin uzadılması ilə əlaqədar katibliyə rəsmi müraciət etmiş və bu müraciətlərin hamısı nəzərə alınmışdır;

25 QHT yekun hesabatları müqavilə üzrə nəzərdə tutulan vaxtda təqdim etməsini gecikdirib.

A.Quliyev deyib ki, hazırda Şura Maliyyə Nazirliyi ilə bu maliyyə sanksiyanın azaldılması ilə bağlı danışıqlar aparır. “Maliyyə Nazirliyinin qərarı ilə QHT-lər hər il aprelin 1-ə qədər maliyyə hesabatı təqdim etməsə, 2500 manat cərimə olunacaq”-deyə Azay Quliyev bildirib. Onun sözlərinə görə, qrant müsabiqələrin keçirilməsi, beynəlxalq QHT məktəbinin yaradılması, ölkəmizdəki vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq konfransın keçirilməsi, regionlarda fəaliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsi, QHT sektorunun fəaliyyətinin beynəlxalq səviyyəyə çatdırılması üçün standartların  hazırlanması, QHT sektorunun şəffaflığının artırılması qarşıda duran vəzifələrdəndir. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir