Modern.az

Yevda Abramov: "İsrail "Kurtlar vadisi-Pusu" serialından əndişələnməməlidir"

Yevda Abramov: "İsrail "Kurtlar vadisi-Pusu" serialından əndişələnməməlidir"

29 Yanvar 2010, 14:37

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarasi işçi qrupunun rəhbəri , yəhudi əsilli deputat Yevda Abramov Modern.az-ın suallarını cavablandırıb

- Bir müddət öncə qeyd etmişdiniz ki, İsrail Knessetinin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna əslən Dərbənddən olan yəhudi əsilli millət vəkili sədr təyin olunacaq. Bununla bağlı hansı yeniliklər var?

- Bəli, o vaxt belə bir məlumat almışdım ki, Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna əslən Rusiyadan – Dərbənddən, soy-kökü isə Azərbaycandan olan yəhudi əsilli millət vəkili rəhbərlik edəcək. Ancaq sonradan orada müzakirələr zamanı vəziyyət dəyişib və qərara alınıb ki, bu qrupa Robert İlatov adlı deputat rəhbər təyin edilsin. Qeyd edim ki, o da əslən keçmiş SSRİ-dəndir. Rus dilini çox gözəl bilir, MDB ölkələri üzrə İsraildə tanınmış mütəxəsissdir, gözəl siyasətçidir, həm də təcrübəli parlamentaridir...

- O, Knessetdə hansı partiyanı, fraksiyanı təmsil edir?

- Pobert İlatov İsrailin xarici işlər naziri Avidor Libermannın rəhbərlik etdiyi “İsrail bizim evimizdir!” Partiyasının Knessetdəki təmsilçisidir. Onu da qeyd edim ki, o, artıq bir dəfə Azərbaycanda olub, onu birinci vitse-spiker Ziyafət Əsgərov qəbul edib. Bu qəbulda, bizim İşçi Qrupunun üzvləri də iştirak edib. Belə demək mümkünsə, onunla ilk tanışlığımız artıq baş tutub və bu baxımdan, mütəmadi əlaqələrimiz, telefon danışıqlarımız olur. O, oradakı vəziyyət barədə daim məlumatlar verir. Eyni zamanda, parlamentlərarası işçi qruplarının gələcək iş planları ilə maraqlanır. Fevralın 9-10-da Azərbaycan Xarici İşlər Nazirliyinin dəvətilə Avidor Libermannın Azərbaycana səfəri gözlənilir və həmin heyətə mümkündür ki, Robert İlatov da daxil edilsin. Düzdür, mən bu barədə hələlik tam məlumata maik deyiləm, amma bu məsələ də ola bilər.

- Bir müddət öncə deputat Lalə Abbasova Qəzzada baş verən hadisələrə etiraz əlaməti olaraq rəhbərlik etdiyiniz işçi qrupun üzvlüyündən istefa verdiyini bildirmişdi. Bundan sonra qrupunuza onu əvəzləyəcək millət vəkili daxil edildimi?

- Bəli, artıq digər millət vəkili – Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bizim qrupa daxil olub. Bundan əlavə, bir neçə deputat da bizim qrupa üzv olmaq üçün müraciət edib. Düzdür, bu məsələni reallaşdırmağa mənim səlahiyyətim çatmır, sadəcə, onlara bildirmişəm ki, parlamentin daxili nizamnaməsinə görə, cənab spikerə müraciət etsinlər. Çünki bu məsələ plenar iclasda müzakirə edilir və parlamentlərarası işçi qruplarının tərkiblərinə orada müvafiq dəyişikliklər olunur.

- Qrupunuzda təmsil olunmaq istəyən digər deputatlar kimlərdir?

- Var, bir neçə deputat qrupumuzda təmsil olunmaq istəyir. Onların içərisində alimlər də var, hətta vaxtilə bizneslə məşğul olan millət vəkilləri də var. Onlar istəyirlər ki, bizim qrupda təmsil olunsunlar, ancaq bu məsələ hələlik reallaşmadığı üçün onların adlarını da açıqlamaq istəmirəm.

- Son zamanlar Türkiyə-İsrail münasibətlərində yaşanan gərgin məqamlara münasibətiniz necədir?

- Bilirsiniz, ölkələr arasında bu cür münasibətlər tarixən hər zaman olub. Eyni zamanda, milçəkdən fil düzəltmək lazım deyil. Diplomatiya, siyasət aləmində belə hadisələr olub, amma mən bilirəm ki, belə hadisələr dövlətlər arasında münasibətləri apogeyə qaldırmır. Bunlar daxili prosedur qaydalarla həll edilir. Göründüyü kimi, heç üstündən də iki sutka keçmədi ki, Türkiyə ilə İsrail arasında yaranan gərginlik nizamlandı, soyuqluq aradan götürüldü. Türkiyə də çoxpartiyalı bir ölkədir, İsrail də. Ona görə hər bir partiyanın öz strategiyası, taktikası var. Belə demək mümkünsə, xarici işlər naziri bir partiyadan, hökumətin rəhbəri başqa bir partiyadandır və odur ki, zaman-zaman belə proseslər yaşanır...

- Şəxsən siz özünüz bu məsələdə kimi haqlı, kimi haqsız sayırsınız?

- Belə məsələlərdə kiminsə haqlı, kiminsə haqsız olduğunu kənardan söyləmək olmaz. Eyni zamanda, şəxsən mən özüm də belə bir səlahiyyətə malik deyiləm. Əslində, İsrail dövləti bu məsələdə diplomatiyanın prosedur qaydalarını bir az pozdu, məlum etiketlərə riayət etmədi, amma belə bir hadisə təxminən ötən il Davosda da olmuşdu. Türkiyənin baş naziri dünyada tanınmış, Nobel  mükafatçısı, çox təcrübəli bir dövlət başçısına qarşı emmosional tonda - özü də o cür mötəbər məclisdə - müəyyən fikirlər səsləndirmişdi. Bu da düzgün deyildi...

- Son olaraq, “Kurtlar vadisi - Pusu” və “Ayrılıq” serialları ilə bağlı nə demək istərdiniz? Bu seriallar da İsraildə birmənalı qarşılanmır...

- Çox təəssüflər olsun ki, filmlər özündə real həyatı təcəssüm etdirmir. Filmlər hər hansı bir yaradıcı insanın və kollektivin təxəyyülünün məhsuludur. Bu filmlər sənədli olsaydı, arxiv materiallarına əsasən reallaşdırılsaydı, real həyatı özündə əks etdirsəydi, əlbəttə, o zaman ölkələr arasında incikliyə səbəb və bu incikliyi də obyektiv saymaq olardı. Ancaq bir daha qeyd edirəm ki, bunlar sadəcə bir filmdir. Ona görə də bu filmlərlə bağlı ciddi bir əndişəyə ehtiyac yoxdur. Sadəcə, bu cür məsələlərdə bir qədər ehtiyatlı, həssas olmaq lazımdır. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?