Modern.az

Qənirə Paşayevanın şəkli

Qənirə Paşayevanın şəkli

14 Avqust 2012, 10:11

Millət vəkili Qənirə Paşayevanın Somalidə yardıma ehtiyacı olan insanların harayına çatması birmənalı qarşılanmadı. Müxtəlif düşərgələrdə təmsil olunan ayrı-ayrı adamlar sosial şəbəkələrdə Qənirə xanımın bu təşəbbüsünə təpki göstərdilər. Etiraz notları üzərində köklənmiş bəzi məqalələr isə hətta qəzet səhifələrinə də yol tapdı. Hansı ki, mən, müəlliflik hüququ Qənirə Paşayevaya məxsus olan bu təşəbbüsün müsbət nümunə kimi təbliğ olunmasını gözləyirdim...

Qənirə Paşayevanı ittiham edın adamların söykəndikləri əsas arqument budur: deputat öz ölkəsində minlərlə uşağın bir tikə çörəyə möhtac olduğunu bildiyi halda, niyə Somali vətəndaşı olan ac adamların köməyinə çatır? Yetim-yesirin haqqını yeyən, rüşvət alan, korrupsiyaya bulaşıb, özünü də, daşıdığı vəzifəni də hörmətdən salan adamların ittiham olunduğunu indiyə kimi çox görmüşəm. Tənqidçi jurnalistikanın nümayəndəsi kimi mənim özüm də bu cür adamlara qarşı həmişə amansız olmuşam. Amma yetim-yesirin qarnını doyuran, yıxılana əl uzadan, bir xəstənin yarasını sarıyan adamın tənqid olunduğunu birinci dəfədi görürəm. Hələ də başa düşə bilmirəm ki, əl boyda çörəyə, bir stəkan suya möhtac olan bir körpənin qarnını doyurmaq, ona ana qayğısı, bacı nəvazişi göstərmək nə vaxtdan qəbahət sayılır?


Qənirə Paşayevanın Somalidə yaşamaq uğrunda ölüm-dirim savaşı verən bir qrup adamın əhatəsində şəkil çəkdirməsi bəzi dostlarımızı əməlli-başlı qıcıqlandırıb. Sən demə, Qənirə xanım həmin şəkli Facebook sosial şəbəkəsində paylaşmamalıymış. Niyə? Sosial şəbəkələrin əsas missiyası məlumatları paylaşmaq, bilgi alış-verişində bulunmaq deyilmi? Axı, həmin şəkillər insanların Somalidəki acınacaqlı vəziyyəti daha asan qavramasına kömək edir. Lütfən, fotoaparatın obyektinə boylanan zavallı Somali vətəndaşlarının kədərli gözlərinə diqqətlə baxın. Həmin şəkillər olmasa, dünya Somalidə milyonlarla insanın olmazın əzab-əziyyətlərə qatlaşmasından necə xəbər tutacaq?

Facebook sosial şəbəkəsində 2500-dən çox dostum var. Virtual aləmdə dostluq etdiyim bu adamların əksəriyyəti siyasi partiya təmsilçiləri, vətəndaş cəmiyyətinin fəalları və aparıcı KİV-lərin əməkdaşlarıdır. Facebook sosial şəbəkəsində olan dostlarım hər gün yüzlərlə şəkil paylaşırlar. Biri oğlunun, digəri qızının, bir başqası isə həyətindəki çiçəklərin şəklini dostlarına göndərir. Jurnalist var ki, meşədə bişirdiyi kababın şəklini də virtual aləmdəki dostları ilə paylaşır. Amma heç kim bunu həmin adama irad tutmur. Əksinə, əlində şiş fotokameraya poz verən həmin jurnalist bir-iki saat ərzində 30-40 “like” toplayır. Demək istəyirəm ki, bizlərlə müqayisədə Qənirə Paşayevanın bu cür şəkillər paylaşmaq imkanı daha genişdir. Yay tətilini Antalyanın qumlu sahillərində deyil, Somalidə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı olan zavallı insanların əhatəsində keçirdiyi üçün biz ona təşəkkür etməliyik. Bunu bacarmırıqsa, heç olmasa mane olmamalıyıq.

Dünən arxivimi səliqəyə salanda, bu yazı ilə birlikdə sizlərə təqdim olunan foto əlimə keçdi. Yaddaşımdan şikayətim olmadığı üçün mən həmin şəklin 2009-cu ildə çəkildiyini asanlıqla xatırladım. Həmin vaxt mən “525-ci qəzet”in və Modern.az saytının birgə layihəsi olan “Deputat vədi” rubrikası çərçivəsində yazı hazırlamaq üçün Tovuz rayonuna getmişdim. Qənirə Paşayeva isə seçicilərinin Qurban bayramını təbrik etməyə gəlmişdi. Tovuzlu dostum Qənirə xanımın kasıb bir ailənin qonağı olduğunu deyəndə, fürsəti əldən verməyib həmin evə yollandım. Şəkildə Qənirə xanımın sağ tərəfində oturan uşağın adı İlqardır. Həmin vaxt İlqarın 5 yaşı vardı. Qənirə xanım hərəkət imkanı məhdud olan İlqara əlil arabası, onun valideynlərinə isə bayram sovqatı gətirmişdi. Evin sahibəsi millət vəkilinin göstərdiyi diqqətdən təsirləndiyi üçün ona sarılıb ağlayırdı. Peşəkar fotoqraf olmasam da, elə bilirəm ki, həmin anı tuta bilmişəm. Tovuzda olanda eşitdim ki, Qənirə Paşayeva həmin gün İlqarın həmyaşıdı olan Xətaiyə də əlil arabası bağışlayıb. Deputat olduğu ötən 7 ildə Qənirə xanım İlqar və Xətai kimi yüzlərlə uşağı sevindirib. Hansı ki, həmin vaxt Somalidə insanlıq adına ləkə olan bu cür utancverici mənzərələr yaşanmırdı...

Mən, əminəm ki, bu gün sizlərə təqdim olunan şəkil Qənirə Paşayevanın arxivində yoxdur. Çünki bütün vicdanlı insanlar kimi Qənirə xanım da təmənnasız yaxşlıq edir. Buna baxmayaraq, mən gələcəkdə İlqarın, Xətainin və yüzlərlə digər körpə fidanımızın Qənirə Paşayevanın etdiyi yaxşılıqları xatırlayacağına tam əminəm. Uzaq Somalidə fotoaparatın obyektinə boylanan uşaqlar da Qənirə Paşayevanı həmişə sonsuz məhəbbətlə anacaqlar. Axı, bəzi böyüklərdən fərqli olaraq, uşaqlar yaxşılığı unutmurlar...

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır