Modern.az

“Parlament seçkilərində Azərbaycan gəncləri öz sözlərini deyəcəklər...”

 “Parlament seçkilərində Azərbaycan gəncləri öz sözlərini deyəcəklər...”

29 Yanvar 2010, 20:44

Millət vəkili, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Modern.az saytının suallarına cavab verir

- Fuad müəllim, sizcə, bu gün gənclərin ölkənin ictimai-siyasi həyatdakı aktivliyi qaneedicidirmi?

- Öncə onu deyim ki, Azərbaycanda gənclər hərəkatının genişlənməsi, gənclər təşkilatlarının inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə bilgilərimiz mərhum Prezidentə qədər sovet standartlardan uzağa getməmişdi. 1994-cü ildə gənclərlə bağlı nazirliyin yaradılması, 1995-ci ildə Gənclər Təşklatları Milli Şurasının təsis edilməsi və s. bütün bu proseslər Azərbaycanın müstəqil ölkə kimi formalaşmasında mühüm rol oynayıb. Artıq deyə bilərik ki, gənclər vətəndaş cəmiyyətinin formalaşmasında da böyük töhfələr veriblər. İnkişaf etmiş cəmiyyətdə gənclər avanqard bir təbəqədirlər və biz bunu Azərbaycanda da görürük. Azərbaycanda dövlət başçısı tərəfindən gənclərin ictimai-siyasi proseslərdə iştirakı, onların özünü ifadə etməsi, öz fikirlərini sərbəst demələri üçün hər cür şərait yaradılıb. Bütün bunlara rəğmən ilbəil həm gənclər təşkilatlarının sayı artır, həm də onlar mahiyyətcə yeni mərhələyə keçirlər, peşəkarlaşırlar. Gənclər Təşklatları Milli Şurasının da bu prosesdə xüsusi rolu var. Elə bizim də məqsədimiz məhz bundan ibarət olub ki, Azərbaycanda gənclər təşkilatları arasında rəqabət olsun, gənclərin önə çəkilməsində bu təşkilatların rolu artsın. Eyni zamanda, Qarabag problemini nəzərə alaraq vurğulamaq istərdim ki, bu məsələdə QHT-lərin rolu çox vacibdir. Hansısa məsələ rəsmi şəkildə deyilə bilmirsə, onu qeyri-rəsmi şəkldə QHT-lər gündəmə gətirə bilirlər. Bu gün Gənclər Təşklatları Milli Şurasında 60-dan artıq gənclər təşkilatının birgə fəaliyyəti həm də onu göstərir ki, Azərbaycan gənclərinin böyük bir məqsədi var. Bu da müstəqillik, dövlətçilik prinsipinin qorunub saxlanılması, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Hesab edirəm ki, Prezident, dövlət tərəfindən dəstək olmasaydı, bu məsələlər çox çətin olardı. Bizdə bəzən belə yanlış bir yanaşma da olur: QHT dövlət qurumları ilə işləyirsə, ondan QHT olmaz. Bütün dünyada, ABŞ-da, Avropa ölkələrində istənilən QHT milli maraqlara işləyir, maliyyə baxımıdan da dövlətinin imkanlarından yararlanır. Buna görə QHT-lər barədə şübhəli danışılmır. Bizdə də vətəndaş cəmiyyətinin qurulması istiqamətində ciddi işlər aparılır.

Eyni zamanda bu məsələdə gənclərin üzərinə daha böyük yük düşür. Bizdə 35 yaşına qədər olanlar ölkə əhalisinin 65 faizini təşkil edir. Azərbaycan gənc və iqtisadi baxımdan MDB məkanında lider ölkədir. Bu gün Azərbaycan gəncləri həm parlamentdədir, həm müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda təmsil olunurlar. Bu proses davam edəcək. Dövlət başçısının gənclərlə bağlı xüsusi proqramları var. O proqramlar yaxın 5-10 il ərzində öz maksimal bəhrəsini verəcək. Milli Şuraya gəldikdə isə bura gənclər üçün böyük bir məktəbdir. Bu gün Azərbaycanda professional, peşəkar gənclər yaxud da gənclər təşkilatlarının rəhbərləri varsa, onların əksəriyyəti Milli Şuranın məktəbini keçib. Bunu da normal qarşılamaq lazımdır. Burada gənclər, xüsusilə də tələbələr fəal fikirləri ilə real həyata düşürlər. Gələcək planlarını həyata keçirməkdən ötrü müəyyən qədər biliklər qazanırlar. Təbii ki, gənclər gələcəyimizdir və günün gerçəkliklərini tez qavrayan təbəqədirlər. Həm müasirlik, həm düşüncə, həm də Azərbaycanın gələcəyi baxımından gənclər lazımi qədər aktivlik göstərə bilirlər.

- Azərbaycan gənclərinin yaşlı nəsil kimi mühafizəkar olduğu da bəyan edilir. Bu fikrə necə yanaşırsınız?

- Gəncin öz fikrini söyləməsi və bunu əsaslı şəkildə müdafiə etməsi onun bilik və bacarığından çox asılıdır. Ondan başlayaq ki, hər bir gənc böyüyənə qədər ailəsində də fərqli düşünür. Bunu normal qəbul etmək lazımdır. Nəsillərarsı problem həmişə olub və bundan sonra da olacaq. Bunun olmayacağını gözləmək düzgün olmazdı. Azərbaycan müstəqilliyini yeni qazanan ölkədir. Ona görə də hər bir məsələdə diqqətli olmalıyıq. İstənilən halda əks fikir olsa, onu əsaslandıraraq sərbəst şəkildə ortaya qoymaq  mümkündür. Ola bilsin ki, bir qisim insan var ki, onlar fikrin yalnız radkal yolla çatdırılmasının tərəfdarıdırlar. Məncə, savadı, biliyi olanlar fikirlərini liberal, polemika yolu ilə də sübut edirlər. Özünü ağıllı, savadla ifadə edənlər nəticəyə radikallardan daha tez çatırlar.

Bilirsiniz, biri var gənc gedib özünün enerjisini dağıdıcı bir məsələyə sərf etsin, milli məsələlərdə xalqın əleyhinə olan qüvvələrlə işləsin, biri də var o gənc dövlətinin, millətinin xeyrinə olan işlərlə məşğul olsun. Bunun hər ikisi Azərbaycan gəncidir. Hesab edirəm ki, gənclər öz enerjilərini düzgün istiqamətdə sərf etmək barədə də düşünməlidirlər. Hər bir insanın həyatı ilə bağlı planları olur. Bu planların gerçəkləşməsindən ötrü stabillik vacib elementlərdəndir. Hər bir gəncin ən böyük arzusu isə ölkəsində stabilliklə bağlıdır. Çünki bu olmasa, onun planlarının həyata keçməsi də mümkün olmayacaq. Bu gün Azərbaycanda həmin stabillik var. Gənclərin mütərəqqi ideyalarının həyata keçirilməsində isə dövlətimiz daha çox maraqlıdır.

- Bunu gənclərin çərçivə daxilində fəaliyyət göstərməsi kimi də qəbul etmək olar...

- Əksinə, gənclər sovet vaxtında çərçivəyə salınmışdılar. O zaman sərhəddən kənarda olan bütün dəyərlərin yad, ziyanlı olduğu qeyd olunurdu. Burada gəncin yaşlı adam kimi davranması, fikir irəli sürməsindən söhbət getmir. Sadəcə, bu məsələ bəzən bizdə qarışdırılır. Gənc var ki, özünü 60-70 yaşlı adam kimi aparmağa çalışır. Özünə xüsusi bir status tələb edir. Təbii ki, bu zaman o çox bayağı görünür. Bunlar hamısı var. Mən düşünürəm ki, gənc öz həyatını yaşamalıdır. Müəyyən məsələlər var ki, gəncləri onlarsız təsəvvür etmək mümkün deyil. Çünki gənc həyatını da yaşamalıdır. Mən konkret misallar gətirmək istəyirəm. Müəyyən gənclər təşkilatları var ki, onlar daha çox siyasətlə məşğul olurlar və üzv olduqları beynəlxalq qurumlarda Qarabağ məsələsini qaldırmaqdansa,siyasi ambisiya ortaya qoyurlar. Biz bunun əlıeyhinəyik. Milli Şura siyasətlə məşğul deyil. Nizamnaməmizdə də var ki, Milli Şuraya üzv olan təşkilatlar siyasətlə məşğul ola bilməzlər. Onların siyasi fikirləri ola bilər, amma hansısa siyasi təşkilatın qolu kimi fəaliyyət göstərə bilməzlər. Lakin bəzi gənclər təşkilatlarının fəaliyyətində biz bunu görürük. Qardaş, sən hansısa beynəlxalq  təşkilata üzv olmusan, əla, sənin orada ilk qaldırmalı olduğun məsələ Qarabağla bağlı olmalıdır. Təəssüf ki, bəzən bizdə adamların iddiası onların milli maraqlardan çıxış etməsinə imkan vermir.

- Dediyiniz gənclər problemlərin həllini hakimiyyət dəyişikliyində görür...

- Müxtəlif qüvvələrin əleyhimizə olan planları var. Amma xalq səs verir, siyasi hakimiyyət seçir. Bu, xalqın seçimidir, 5-6 nəfərin istəyi ilə həll olunan məsələ deyil. Gənclər təşkilatı siyasətlə məşğuldursa, adını dəyişməlidir. Onlar siyasi partiyalarda daha səmərəli işləyə bilərlər. Amma hansısa beynəlxalq təşkilata gənclər təşkilatı kimi üzv olub Azərbaycanı söyən azərbaycanlı nə dərəcədə haqlıdır? Milli Şura olaraq belə məsələlərə qarşıyıq və belələrinin cavabını da veririk . Biz həmişə milli maraqlara qarşı olanlarla mübarizə aparacağıq. Onların doğru yola qayıtmasından ötrü mücadilə edirik.

- Bəzən belə fikirlər də səsləndirilir ki, bu gün gənclər milli-mənəvi dəyərdən daha çox  yad elementlərin daşıyıcılarıdırlar. Sizin mövqeyiniz necədir?

- Azərbaycan cəmiyyəti hər şeyi aydın şəkildə anlayan, problemləri bilən cəmiyyətdir. Bu məsələdə cəmiyyət çox sınaqlardan keçib. Mənəvi dəyərlər deyəndə tarix, ədəbiyyat, incəsənət  və s. də nəzərdə tutulur. Bunların isə yaradıcıları olub. Bütün bunları yaxşı bilən gənclər var. Amma onu da bilmək lazımdır ki, içində yaşadığımız dünya həm də qlobollaşmaya doğru gedir. Azərbaycan da açıq bir ölkədir. Bu yaxınlarda nikahlarla bağlı müzakirələrdə belə bir fikir də səsləndi ki, dədə-baba qaydasında qız qaçırma olub və s. Bir Azərbaycan gənci kimi mən həmin arqumenti başa düşmədim, milli xüsusiyyətlər sənə icazə verir ki, gedib kiminsə qızını erkən yaşda oğurlayasan? Milli dəyər budur? Bu, ifrat formasını almış ənənədir. Yaxud götürək Avropada seksual azlıqlarla bağlı qəbul edilən qərarları, bu da dəyər deyil. Belə də azadlıq, hüquq olar?

- Bir az konkret cavab verə bilərsinizmi, indiki gənclik milli xüsusiyyətləri gələcəyə daşıya biləcəkmi?

- Bu gün belə bir gənclik var. Amma bu, elə bir məsələdir ki, daim bunun üzərində işləmək lazımdır. Hesab edirəm ki, orta və ali məktəblərdə daima bu məsələ təbliğ olunmalıdır. Burada gənclər təşkilatlarının da üzərinə böyük yük düşür. Eyni zamanda bu məsələnin arzuolunan səviyyədə olması üçün gənclər təşkilatlarının da böyük rolu var. Gənclər milli-mənəvi dəyərin qorunmasında təminatçı rolunu oynayırlar. Bunun üçün şərait də var. Hesab edirəm ki, Azərbaycan Prezidenti tərəfindən gənclər üçün bütün şərait yaradılıb.

- Siz Milli Şuranın sədri olaraq bu gün Azərbaycan toylarını milli toy hesab edirsinizmi?

- Mən birinci yas mərasimi barədə danışmaq istəyirəm. İndi toyu başa düşmək olar, buraya insanlar şənlənmək üçün gəlirlər. Hüzr yerlərində mən çox halda məktəbyaşlı uşaqlara rast gəlmişəm. Halbuki, o uşaqlar nə başsağlığı vermək yaşında, nə də iqtidarındadırlar. Məsələnin kütləviləşməsi məni narahat edir. Toy isə şənlikdir. Burada yeganə iradım israfçılıqla bağlıdır. Qaldı geyim məsələsinə, təbii ki, insanlar müəyyən həddi gözləməlidirlər. Başqa məsələ ki, burada insanlar sərbəstdirlər.  Ola bilsin ki, kimsə xaricdə gördüyü geyimi burada başqa şəkildə həyata keçirir. Bilirsiniz, zövq insanın daxili işidir. Onu da başa düşmək lazımdır ki, kimsəyə zor gücünə “sən belə geyin”, “sən toyu belə keçir” də demək olmaz.

- Siz gənclərimizin intellektual səviyyəsini necə qiymətləndirirsiniz?

- Onu deyə bilərəm ki, Azərbaycan gəncləri yeniliyə, elmə, yeni texnologiyaya meyillidir. Bu gün Azərbaycan gənclərinin ən böyük problemi onların bilik və bacarıqlarının artırılmasıdır. Bu məsələni Prezident də prioritet kimi qarşıya qoyub. Artıq elə bir cəmiyyətdə yaşayırıq ki, intellektual rəqabət burada get-gedə güclənəir. Bununla bağlı Dövlət Proqramı da var. Gənclərin xaricdə təhsil almalarına xüsusi diqqət verilir. Heydər Əliyev Fondu tərəfindən yeniləşən məktəblər proqramı da məhz buna yönəlib. Son nəticədə bu proqramdan yararlananların Azərbaycana fayda verməsi əsas məqsəddir.

- Xaricdə təhsil alan gənclərin qaydandan sonra  yaxşı iş istəmələri, öz bacarıqlarını təhsil müəssisələrində gənclərə verməmələrini necə qiymətləndirirsiniz?

- Xaricdə təhsil ilk  növbədə bilik və bacarığımızın artırılması üçündür. O bilik və bacarığı insan ilk növbədə özü üçün istifadə edir. O fərdin inkisafı Azərbaycanın inkişafı olacaq. Digər tərəfdən, xaricdə təhsil almağa gedənlərin bəziləri qayıtmaya da bilərlər. Bu isə Azərbaycanın xaricdəki adıdır. Hər iki məqamda Azərbaycan inkişaf edir. Bununla bağlı Gənclər Təşkilatları Mili Şurasının da təklifləri olacaq.

- Müasir gəcliyin Vətənə sevgi hissi necə, qaneedicidirmi?

- Gənclər Təşkilatları Mili Şurasının fəaliyyətinin əsas istiqamətlərindən əsasını bu məsələ təşkil edir. Özü də bu, yalnız hərbi vətənpərvərliklə bitmir. Azərbaycana sevgi, Azərbaycan insanına sevgi, ölkənin inkişafına töfvə və s. kimi məsələlərdə fəal olmalıyıq. Ədəbiyyata, tarixə, incəsənətə sevgi də vətənpərvərlikdir. Bu istiqamətlərdə xeyli işlər görmüşük. Onu da deyə bilərəm ki, torpaqlarımızın işğal edilməsi Azərbaycan gəncinə böyük təsir göstərib. Bu gün 200 mindən artıq gənc məcburi köçkündür. Onların bir hissəsi Qarabağdan kənarda anadan olublar. Təbii ki, Qarabağda doğulan gənclərlə Qarabağdan kənarda doğulan gənclər arasında da fərq var. Bununla bağlı da təşkilatımızın xüsusi proqramı olub. İndi gəncin Qarabağda, yaxud da Bakıda doğulmasının heç bir fərqi yoxdur. Gənclərlə bağlı Dövlət Proqramında da bu məsələyə xüsusi diqqət verilib. Hər il bu məsələ ilə bağlı tədbirlər həyata keçiririk. Düşünürəm ki, gənclərimizdə Vətənpərvərlik hissi Avropa gəncləri ilə müqayisədə çox güclüdür.

- Azərbaycan dövləti gənclərin potensialını ortaya qoymaqdan ötrü bütün zəruri addımları atırmı?

- Bir çox ölkədə neft, qaz, bir sözlə, yaxşı imkanlar var. Amma orada gənclərin fikri o qədər də nəzərə alınmır. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, hər il fevralın 2-də Azərbaycanda gənclər günü kimi qeyd edilir. Gənclərin forumu keçirilir. Burada istənilən gənc iştirak edib fikrini bildirə bilir. 2007-ci il Azərbaycanda “Gənclər ili” elan olundu. Bunun ardınca “MDB məkanında gənclər ili” elan olundu. Bu il isə BMT tərəfindən gənclər ili elan olunub. Hesab edirəm ki, bütün dünyanın Azərbaycandan nümunə götürməsi bizim üçün mütərəqqi haldır. Bu gün dövlət gəncə problem kimi deyil, resurs kimi baxır. Prezident tərəfindən bu sahədə həyata keçirilən islahatlardan danışa bilərik. Təhsildə, səhiyyədə, mədəniyyətdə islahatlar göz önündədir. Demək olar ki, gənclər bütün sahələrdə təmsil olunurlar.

- İndiki gənclərin timsalında gələcəyimiz necə görünür?

- Biz bütün sahələrdə Azərbaycan gənclərinin böyük uğurlarının şahidi oluruq. Gənclərlə işləyən bir şəxs kimi deyə bilərəm ki, onların inkişafı Azərbaycanın inkişafıdır. Gənclərin potensialına rəğmən Azərbaycanın gələcəyi perspektivli görünür. Ötən il bizim iki abutiriyent 700 bal topladı. Bundan artıq bal yoxdur. Bu, böyük uğurdur.

- 2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Gənclərin buradakı yeri necə olacaq?

- Milli Şura qurum olaraq seçkilərdə iştirak etmir. Ancaq bizim əsas məqsədlərimizdən biri də gənclərin seçmək və seçilmək sahəsindəki fəallıqlarının artırılmasıdır. Gənclərin ictimai, siyasi proseslərdə iştirakı üçün müəyyən qədər işlər aparırıq. Gənclərimiz müşahidəçi qismində bütün seçkilərdə iştirak edirlər. Mənə elə gəlir ki, parlament seçkilərində Azərbaycan gəncləri öz sözlərini deyəcəklər. Milli Şura gənclərin fəallığının tərəfdarıdır.

- Qarşıdan 2 fevral Gənclər Günü gəlir. Keçiriləcək tədbirlər barədə məlumat vermənizi istərdik.

- Bununla bağlı silsilə tədbirlər olacaq. Gənclər Təşkilatları Milli Şurası Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə 2 fevral- Gənclər gününə həsr olunacaq “Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər” adlı tədbir keçirəcək. “Park İnn” otelində təşkil olunacaq tədbirdə gənclər və idman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord çıxış edəcək. Həmçinin tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, özəl sektor və diplomatik korpus təmsilçiləri də iştirak edəcəklər. Tədbirin keçirilməsində məqsəd Azərbaycan gənclərinin beynəlxalq aləmdə təmsilçiliyini artırmaq və gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirməklə Azərbaycanda gənclər işinin inkişafına tövhə verməkdən ibarətdir. Tədbirdə “İşsizlik və səmərəli məşğulluğun təmin edilməsi”, “Gənclər və ekologiya”, “Sağlam həyat tərzi”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər” mövzularında işçi qrupları təşkil ediləcək. Qeyd etmək istəyirəm ki, BMT Baş Assambleyası tərəfindən 12 avqust 2010 – 12 avqust 2011-ci il tarixi Beynəlxalq Gənclər İli elan olunub. Tədbirdə Beynəlxalq Gənclər İlinin Azərbaycanda qeyd olunması müzakirə ediləcək və təkliflər hazırlanacaq. 

MODERN.AZ

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər