Modern.az

“Estafet” rubrikası - Əsəd Qaraqaplanın Salam Sarvana sualı var - Maraqlı

“Estafet” rubrikası - Əsəd Qaraqaplanın Salam Sarvana sualı var - Maraqlı

16 Avqust 2012, 14:16

Modern.az-da “Estafet” rubrikasının doqquzuncu qonağı gənc yazar Əsəd Qaraqaplandır.

Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Vaqif Bayatlı Əsəd Qaraqaplana bu sualları ünvanlamışdı:

– “Qaraqaplan” təxəllüsünün mənasını açıqlaya bilərmi? Ümumiyyətlə, bu təxəllüsü niyə götürüb?

– Dünyanın məşhur iki yazıçısı Dostoyevski və Servantesdən sonra Əsəd Qaraqaplan üçüncü ən böyük yazıçı olmağa hazırlaşırmı və özünü o yerə layiq bilirmi?

Əsəd Qaraqaplan Modern.az vasitəsilə Vaqif Bayatlıya cavab verdi:

– İnsanın daxili və xarici aləmi hər zaman bir-birindən fərqlənir. Bəzən yaradıcılıq baxımından içərimizdə elə qüvvələr formalaşır ki, onu göstərə bilmək üçün yazıb-yaradırıq. Mən hər zaman daxilimdə sanki yırtıcı bir qüvvənin olduğunu hiss etmişdim. Mübarizə aparmağı, heç vaxt öz yolumdan dönməməyi və hər zaman irəli getməyi öz qarşıma məqsəd qoymuşam. Təxəllüsüm haqqında onu deyə bilərəm ki, əvvəllər mənim romanlarım və şerlərim başqa imza adı altında çap olunurdu. Daha sonralar özümə yaxın hiss etdiyim “Aslan” təxəllüsünü düşünməyə başladım. Aslan farsca “pələng”, türkcə “qaplan” deməkdir. Amma “Qaplan” təxəllüsünün mənim xarakterimə daha yaxın olduğunu və daxili aləmimi dolğun şəkildə əks etdirdiyini düşündüm.
Bir gün dostlarımla bir məclisdə olanda yeni təxəllüs haqqında düşündüyümü və imzamı dəyişmək istədiyimi deyəndə, bir şair dostumuz mənim xarakterimə “Qaraqaplan” təxəllüsünün daha uyğun olduğunu məsləhət gördü. Məndə buna çox yaxşı yanaşdım və müsbət qarşıladım. Artıq 2009-ci ildən sonra, yazdıqlarım “Qaraqaplan” təxəllüsü ilə çap olunmağa başladı. Doğrudan da bu ad mənim yaradıcılığıma həm tərpəniş olaraq, həm də mahiyyət baxımından öz müsbət təsirini göstərdi. Yaradıcılığımda ciddi bir tərpənişin olduğunu sözün həqiqi mənasında hiss etdim. Həmin il mənim “Hal”romanım işıq üzü gördü, növbəti il “Xilasorman” romanını yazdım, daha sonra isə şeirlər kitabım çap olundu. Yaradıcılığımda baş verən bu dəyişiklikləri mən bir növ Şeyx Şamilin həyatına bənzətdim.

– Mən hər zaman yaradıcılığımda dünyanın ən böyük şair və yazıçıları olan Dostoyevski və Servantesdən bəhrələnməyə çalışmışam. Mənim fikrimcə, XVI əsrdə yaşamış Servantes, XIX əsrdə yaşamış Dostoyevskidən sonra yaxşı yazmağı bacarmayan şair əlinə qələm almamalıdır. Mən hətta müsahibələrimin birində də qeyd etmişəm ki, Dostoyevskidən sonra yaxşı yazmasam, özümü heç vaxt yazıçı hesab etmərəm. Əslində, dünyanın ən böyük şairləri olan bu insanlar özlərindən əvvəl yaşamış dahilərdən bəhrələnərək, bu yerlərə gəlib çıxmışlar. Mən də yaradıcılığımda daha irəli getməyi düşünürəm. Çünki özümü ən rahat hiss etdiyim yer poeziyadır və mən bu yaşıma baxmayaraq, az da olsa, öz potensialımı göstərə bilmişəm. Ola bilər ki, bu bəziləri üçün adi qarşılana bilər, amma zaman gəldikcə hər şey öz yerini tutacaq. Düşünürəm ki, Vaqif Bayatlı məni bu kimi böyük şairlərlə eyni səviyyədə düşünərək, mənim üzərimə sözün yaxşı mənasında ağır bir məsuliyyət qoymuş olur. Mənim işimi bir az daha çətinləşdirir və bu cürə dəyərləndirmədən sonra mən artıq istəsəm də, pis yaza bilmərəm.

Əsəd Qaraqaplan sualları cavablandırdıqdan sonra estafeti şair-yazıçı Salam Sarvana ötürdü və ona öz suallarını  ünvanladı:

– Salam Sarvandan 46 ildən sonra nə qaldı və nə getdi?

– Salam Sarvana görə, ən böyük savaş nədir?

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır