Modern.az

Olimpiyaçılarımızla bağlı “Goldman Sachs”ın proqnozu doğrulmadı

Olimpiyaçılarımızla bağlı “Goldman Sachs”ın proqnozu doğrulmadı

17 Avqust 2012, 09:49

Dörd ildən bir dünyanın müxtəlif ölkələrində keçirilən Yay Olimpiya Oyunlarının Londonda keçirilən bu ilki mərasimi də maraqlı idman mübarizələrilə yadda qaldı. “London-2012” Yay Olimpiya Oyunlarının rəsmi bağlanışı avqustun 12-də olsa da, bu ətrafda olan söhbətlər tükənmək bilmir. Xüsusilə də Azərbaycanın bir gecədə iki medal qazanması olimpiada tarixində rekord göstərici oldu.

Xatırladaq ki, bir müddət öncə Amerikanın investisiya şirkəti olan “Goldman Sachs” olimpiadalarda hansı ölkənin neçə medal alacağı mövzusunda proqnozlar vermişdi. Şirkətin Azərbaycan üçün verilən proqnozuna görə, 2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarında ölkəmiz 1 qızıl medal əldə etmişdisə, bu il Londonda keçirilən olimpiya oyunlarında qızıl medalların sayı 2 olmaqla Azərbaycan cəmi 7 medal almalı və 28-ci yerdə qərarlaşmalydı.

Ancaq proqnozların əksinə, Azərbaycan idmançıları 2 qızıl, 2 gümüş, 6 bürünc olmaqla 10 medal qazandı və 30-cu yerdə qərarlaşdı.

Proqnozda həmçinin bildirilmişdi ki, ABŞ cəmi 108 medal ilə birinci, Çin 98 medalla ikinci, Rusiya 74 medalla üçüncü, Böyük Britaniya 65 medalla dördüncü, Avstraliya 46 medalla beşinci sırada yer alacaq.

Müvafiq nəticələrə uyğun olaraq ABŞ 104 medalla (46 qızıl, 29 gümüş, 29 bürünc) birinci, Çin 88 medalla (38 qızıl, 27 gümüş, 23 bürünc) ikinci, Böyük Britaniya 65 (29 qızıl, 17 gümüş, 19 bürünc) medalla üçüncü, Rusiya 82 medalla (24 qızıl, 26 gümüş, 32 bürünc) dördüncü, Koreya Respublikası 28 medalla (13 qızıl, 8 gümüş, 7 bürünc) beşinci sırada yer alıb.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir