Modern.az

ANS-in keçmiş aparıcısı: “Məndən rəhbərliyə şikayət gedirdi ki, Leyla lazım olmayan işlərə qarışır” - MÜSAHİBƏ

ANS-in keçmiş aparıcısı: “Məndən rəhbərliyə şikayət gedirdi ki, Leyla lazım olmayan işlərə qarışır” - MÜSAHİBƏ

Dünya

20 Avqust 2012, 17:33

Leyla Mustafayeva geyimlərin xəstəsidir

Modern.az saytı TV aparıcıları ilə müsahibələri davam edir. Növbəti qonağımız bir zamanlar ANS-də işləyən Leyla Mustafayevadır.

– 8-ci sinifə qədər həkim olmaq istəyirdim. Və bu istiqamətdə olan fənləri - kimya, biologiyanı  öyrənirdim. Amma sonra fikrim tamamilə dəyişdi və incəsənət sahəsinə getmək istədim. Valideynlərim əvvəl tərəddüd etdilər, amma sonda mənimlə razılaşdılar. Beləliklə, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil oldum.

– Televiziya sahəsində çalışanların əksəriyyəti Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Bunu nə ilə izah edərdiniz?

– Mən yalnız özüm barədə deyə bilərəm. 3-cü kursda oxuyurdum. O zaman ANS-də çalışanlardan biri bizim universitetə gəlmişdi. “Eybi yox” o zaman populyar veriliş, Sevinc Muradova da onun aparıcısı idi. Əvvəlcə veriliş 45 dəqiqə yayımlanırdı, sonra format dəyişikliyi edib, onu 2 saatlıq proqram etdilər və onlara işçi qüvvəsi lazım idi.
Universitetdən veriliş üçün 20 nəfərə yaxın qız seçdilər. Seçilənlər arasında mən də vardım. ANS-də ilk günüm çox ağır keçdi. O zaman kompüteri də yaxşı bilmirdim. Məndən kompüter biliklərini soruşanda yalandan dedim, əlbəttə, bilirəm. Tapşırıq veriləndə səhərdən axşama kimi yerimdən durmadım, hətta çörək də yeməyə utanırdım ki, verilən tapşırığı vaxtında yerinə yetirim. Nəyisə də bilməyəndə deyirdim ki, filankəs, bu yadımdan çıxıb, necə idi? Beləcə kompüteri də öyrəndim.

– Bəs seçimlərdən necə keçərək işə qəbul olundunuz?

– Bir həftə staj vaxtı verildi və bir həftədən sonra həmin qızların arasından cəldliyimə və işgüzarlıgıma və hər şeylə maraqlanmağıma görə bəyənildim. ANS-də olanda, kobud dildə desək, burnumu hər yerə soxurdum. Bəzən şikayətlər gedirdi ki, “Leyla artıq lazım olmayan yerlərdədir”. Bu uşaqlıqdan mənə xas olan xarakterdir. Amma indi bir az passivləşmişəm.

– “Eybi yox” verilişi ilə başladınız, bəs sonra?

– İlk olaraq “Eybi yox” verilişi ilə başladım, iki həftədən sonra ştata götürüldüm. Deyim ki, o zaman ANS-də ən azı 6 ay stajda işləyənləri işə götürürdülər. Qismətim elə gətirdi ki, iki həftədən sonra köhnə pulla 35 min manat maaşla işə götürüldüm. Düzdür, o vaxt bu maaş yaxşı pul idi, amma heç nəyə çatmırdı.
İşlədiyim vaxt Seyfulla Mustafayev deyirdi ki, səndə elə bir maraqlı sifət var ki, bundan istifadə etmək lazımdır. Beləliklə, bir ildən sonra təzə açılan “Səhər çağı” proqramını aparmaq təklifi gəldi. “Qayğanaq” verilişinin aparıcısı Fəridlə birgə aparırdıq. Deyim ki, o dövrün ən maraqlı səhər proqramlarından biri idi. Sonra analıq məzuniyyətinə çıxdım. Qayıdanda isə artıq tamamilə başqa format olan “Marş” verilişinin aparıcısı olmaq təklifi gəldi. Orada həm aparıcı, həm müxbir kimi çalışırdım. Fərqli sfera idi, amma deyim ki çətin idi.

– Qeyd etdiyiniz kimi, indiyə qədər işlədiyiniz sahələr tamamilə fərqli olub. Onların hər birinə necə uyğunlaşmısınız?

– Təzə-təzə çətin olurdu, 3-4 gün əziyyət çəkirdim, elə fikirləşirdim ki, alınmayacaq, amma rəhbərlik tərəfdən dəstək gəlirdi ki, yox alınacaq. Əgər biz bunu səndə görmüşüksə, demək alınacaq, bacaraqsan. “Eybi yox”, “Səhər çağı” və “Marş” verilişlərindən sonra mədəniyyət sahəsinə düşdüm. Deyim ki, ən çox sevdiyim sahə də elə bu oldu. “Salam Azərbaycan” verilişində “Afişa” proqramında mədəniyyət xəbərləri yayımlanırdı, 3 il orada həm müxbir, həm də aparıcı kimi işlədim. ANS-də işlədiyim dönəmlərə dönüb baxanda görürəm ki, ən çox sevdiyim sahə elə bu olub. Deyim ki, ən çox “Səhər çağı” verilişi ilə sevilmişdimsə, “Salam Azərbaycan”la da daha çox tanındım.

– ANS-in sizə verdikləri barədə nə deyə bilərsiniz?

– Orada sənə yalnız yazı yazmaq, süjet hazırlamaq öyrədilmir. Montaj, prodüserlik, təşkilatçılıq da öyrədilir. Yəni hərtərəfli yetişirsən. Günü bu gün hardasa işləyirəmsə, ANS-in məktəbinə borcluyam. Bu işi hərtərəfli bildiyim üçün məni dəvət edirlər.

– Bəs rəhbərliklə problemlər yaşamısınız? Çox danlanan jurnalist olmusunuz?

– Töhmətlərim olub. Bunu elə ilk gəldiyim günü almışam. O da sırf işimə görə olmayıb. Başqa bir əməkdaşın işini boynuma götürdüm ki, onu işdən uzaqlaşdirmasınlar. O zaman həmin qız staj müddətində idi. Ümumiyyətlə, canlı efirdə hər şey ola bilər, çox hadisələr yaşayırdıq. Ona görə də çoxlu töhmətlərim olub, amma dəhşətli dərəcədə tənqid almamışam.

– ANS-dən ayrıldıqdan sonra nə etdiniz?

– ANS-dən çıxandan sonra iki ay yatmışam. Çünki o ərəfələr yuxuya həsrət qalmışdım. Təsəvvür edin saat 3 və ya 4-ün yarısı yuxudan dururdum, 4-də şirkətin maşını məni götürüb gətirirdi, 5-də studiyada olurdum, 6-ya kimi veriliş bloku yığılırdı. Xəbərlərə baxırdım bəlkə yeni xəbər olar, saat 6-dan 7-yə kimi də qrimə girirdim, 7-də efir başlayırdı düz saat 10-a kimi. Veriliş qurtarandan sonra bir az dincəlib yenə eyni templə işləməyə başlayırdım. Qonaqları müəyyənləşdirirdim, suallarını hazırlayırdım, yəni ertəsi gün olacaq proqrama hazırlaşırdım. Elə olurdu ki, qonaq gəlməkdən vaz keçirdi, yenisini tapırdım, onun haqda məlumatlar toplayırdım. Beləliklə, saat axşam 7-8 olurdu mən hələ də şirkətdə olurdum. Sonra bir də görürdün maraqlı film, teatr olurdu ora gedirdim və evə saat 12-də çatırdım. Eyni temp yenidən təkrarlanır. İnanın səhər evdən çıxanda əlimə buz parçaları götürürdüm ki, gözümün ətraflarına çəkim, yorğunluq, şişlik bilinməsin.
Sonra “Space” telekanalından təklif gəldi. Bir müddət orada səhər verilişini apardım. Sonra müəyyən səbəblərdən oradan da uzaqlaşdım. Ümumiyyətlə “Space”də işlədiyim dönəmi fəaliyyətimin bir hissəsi saymıram, bir ay mənim üçün heç bir şey deyil. Şərtlər başqa cür danışıldı, amma işləyəndən sonra dəyişiklər oldu və bu məni qane etmədi, mən də sakitcə getdim.
Bundan sonra “MZ” prodakşında işləməyə başladım. ATV-də yayımlanan “Mənim balam”, verilişinin layihə rəhbəri kimi çalışdım. Hazırda AzTV-də gedən “MAG” (Müasir Azərbaycan Gənci) verilişində redaktor işləyirəm. İnşallah yeni mövsümdə hərbi vətənpərvərlik mövzusunda yeni layihə hazırlayacağıq. Bundan əlavə, istəyirəm ki, sırf mədəniyyətlə bağlı bir layihə də işləyim. Hazırda “Mədəniyyət” kanalı istisna olmaqla, televiziyamızda sırf mədəniyyətə aid heç bir veriliş yoxdur. İnşallah istəyirəm ki, onu indi gerçəkləşdirəm.

– Heç düşünmüsünüz ki, öz ixtisasım üzrə fəaliyyətimi davam etdirim?

– Bəlkə gələcəkdə...


– Əvvəldə qeyd etmişdiniz ki, “Səhər çağı”nda səfirlərlə bağlı ikinci hissəsinin aparıcısı idiniz. Ümumiyyətlə onların içərisində sizə hansı daha maraqlı gəlmişdi?

– Çox maraqlı layihə idi. Mən orada “Neznayka” obrazını oynayırdım. Heç nədən xəbəri olmayan bir qız gəlib və hər bir şeylə maraqlanır. Verilişimizin ikinci hissəsi xarici ölkələrlə bağlı idi. Verilişdə ölkələrini təmsil edən səfirlərə də suallarım elə idi. Çox primitiv suallarım olurdu, amma hər sualım tamaşaçı üçün də maraqlı idi. Hətta səfirlər gələndə onların özünəməxsus geyimlərini, aksessuarlarını istifadə edirdim. Daha çox Orta Asiya və Yaponiya, Koreya və Çin səfirləri gələndə hər kəs məni öz millətinə oxşadırdı.

– Qonaqların səmiymiyyətinə, verdiyi cavablara görə maraq oyadan kim olub?

– Özbəkistan səfiri, o xanımı ilə birlikdə gəlmişdi. Həm də onlarla bağlı veriliş maraqlı alındı. Belə ki, Özbəkistan səfiri gecədən bizə maraqlı olsun deyə, yoldaşı ilə birlikdə özbək aşı hazırlamışdılar və bunu professional olmayan kamera ilə çəkmişdilər. Xanımı nəsə hazırlayanda səfir, o hazırlayanda da xanımı çəkmişdi və həmin görüntünü, eyni zamanda həmin özbək aşını bizə gətdirilər və söhbət də çox maraqlı alınmışdı. Mənim yadımda qalan bunlar olmuşdu. Ehtiyat etdiyim isə İran səfiri olmuşdu. Çünki iranlılarda qayda-qanun, qadınlarla münasibət tamamilə fərqlidir. Və ona verdiyim suallardan bəzən özü çaşıb qalmışdı. Arada bizə elə gəldi ki bu saat səfir durub gedəcək. Amma söhbət alındı.

– İlk efir gününüzü xatırlayırsınız? Necə keçmişdi?

– “Səhər çağı” iki saatlıq canlı verilişi idi. İnanırsınız ki, ilk dəfə kamera qarşısına çıxanda heç bir həyəcan yox idi. Ancaq ikinci gün efirə çıxanda həyəcan oldu. Elə bil ki, həmin gün efiri dərk etməmişdim. Bəlkə dərk etməyimdən çox sərbəst idim. Amma sonra rəhbərlik gəlib dedi ki, “səndə birinci daha yaxşı alınmışdı, nəinki sonrakılar”. Bir müddətdən sonra əvvəlki günümdəki vəziyyətə qayıtdım.

– Efirə geyimləri özünüz seçirdiniz?


– Təvazökarlıqdan uzaq olsa da, zövqlü biriyəm. Bunu özümdən başqa ətrafdakılar da deyir. Geyimləri də özüm seçirəm. Çünki bilirəm ki, mənə nə yaraşır, nə yaraşmır.

– Bir az da ailəniz barədə danışaq.

– Şəxsi həyat barədə danışmağı sevmirəm. Kimsə soruşanda deyirəm ki, sənə nə? Onu deyə bilərəm ki 7 yaşlı Selcan adında qızım var. Rəqsə gedir, istəyi ilə pianoya da qoymuşuq. Skripka dərslərinə də getmək istəyir. Gözəl səsi var, musiqi duyumu var, iki yaşından himni əzbər bilir, oxuyur. Bu istedad ona atasından keçib.

– Şoppinqlə aranız necədir?

– Geyimlərin xəstəsiyəm. Ayda bir dəfə heç olmazsa neqativ enerjimi atmaq üçün mağazalara gedirəm. Daha çox ətirlərə üstünlük verirəm. Amma xaricə gedəndə başqaları kimi şoppinq etməyi sevmirəm. Daha çox tarixi yerləri gəzirəm və o ölkənin mədəniyyəti ilə maraqlanıram.

– Boş vaxtlarınızda nə edirsiniz?

– Boş vaxtlarımda yatıram. Amma deyim ki, elə də boş vaxtım olmur. Yay olduğu üçün istirahətə daha çox vaxt ayırıram. Boş vaxtımda kitab da oxuyuram. Dünya ədəbiyyatından.

– Bəs mətbəxlə aranız necədir?

– Əlimin duzu var, bişirdiyim yeməyi yeyən yenə bişirməyimi istəyir. Amma indi həddən artıq tənbəlləşmişəm. Mən dağıdıram, arxamdan evi yığışdırırlar.


Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi