Modern.az

“Anspress.com”un baş redaktoru: ““Nazir qızı soyundu” kimi başlıqlarla oxucu saxlamaq olmaz”- MÜSAHİBƏ

“Anspress.com”un baş redaktoru: ““Nazir qızı soyundu” kimi başlıqlarla oxucu saxlamaq olmaz”- MÜSAHİBƏ

24 Avqust 2012, 11:20

”İnternet mediasının işinə müdaxilə olacaqsa, bu, artıq senzuradır...”


Modern.az
saytı internet portalların baş redaktorları ilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz “Anspress.com” saytının baş redaktoru Azad Əliyevdir.

– “Anspress.com” saytının yaranmasından başlayaq. Televiziya və radionun olduğu bir zamanda həm də eyni adlı internet medianın yaradılmasında məqsəd nə oldu, ideya necə yarandı?

– Sözün düzü, “Anspress” yarananda iştirakçı olmamışam, amma tarixi haqqında məlumatım var ki, 2006-ci ildə yaradılıb. ANS Şirkətlər Qrupunun tərkibinə daxil olan bir çox qurumlar var. ANS ÇM radio, “Anspress” Nəşriyyat Evi və s. “Anspress.com” saytı “Anspress” Nəşriyyat Evinə daxil olan bir saytdır. İndi elə bir dövr gəlib çatıb ki, artıq mətbuatın, bütün qəzetlərin də internet əlavəsi olur, xəbər portalları yaradılır. Yəqin məqsəd ANS-in rəhbərliyi tərəfindən, internet media bazarına daxil olmaq və burada da öz sözünü demək olub. Bu, bir növ yazılı mətbuatdır. Hesab edirəm ki, 5 il müddətində kifayət qədər uğurlu sayt olub, hazırda da Azərbaycanın öndə gedən, ən oxunaqlı bir neçə saytından biridir. Zaman göstərir ki, atılan bu addım artıq özünü doğruldub.

– “Anspress.com” saytı Azərbaycan media məkanında demək olar ki, ilk yaradılan saytlardandır.

– İnternet media bir az yeni sahədir. Sosial şəbəkələr, internet media kütləviləşməyə doğru gedir və artıq kütləviləşir. Yəni o nisbətən cavan sahə olduğunu nəzərə alsaq, “Anspress.com” ilklərdən biridir. Çünki ümumiyyətlə ANS Şirkətlər Qrupuna daxil olan bütün qurumlar hamısı ilklərlə yadda qalıb. Televiziya MDB məkanında ilk özəl telekanaldır, radiostansiya Qafqazda ilk, digər jurnallar ilk, eləcə də bizim “Anspress.com” xəbər portalı da ilkdir. Yəni hamısı ilkin nümunələrdir.

– “Anspress.com” fəaliyyətə başlayanda agentlik kimi başladı. Amma agentlikdən fərqli olaraq, fəaliyyəti daha çox xəbər portalını xatırladır. 

– Qeyd edim ki, baş redaktor kimi 6 aya yaxın fəaliyyət göstərirəm. Bundan əvvəl 3 il burada müxbir kimi işləmişəm. Bizdə bir çox agentliklər var ki, onların məramı informasiyaları daha tez, operativ olaraq istehsal etməkdir. Bizdə də operativlik vacibdir. Biz indi digər agentliklərə, saytlara da istinad edirik, oradan da xəbər götürürük, bu bizim üçün qəbahət sayılmır. Əksinə, indi internet məkanında, jurnalistika aləmində belə bir istinad mədəniyyəti aşağı səviyyədədir. Amma bizdə bu cəhətdən problem yoxdur, istənilən xəbəri agentlikdən götürürük və onu veririk. Ancaq müxbirlərimiz xəbərin ilkin versiyasının üzərində işləyir, zəng edir, məsələni araşdırır və informasiyanı genişləndirir. Və agentlikdə olduğu kimi xəbəri bir neçə dəfə yeniləyirik. “Anspress.com” saytı xəbər portalı prinsipi ilə işləyir, amma elə olur ki, operativlik baxımından agentlikləri də qabaqlayırıq.

– 6 aydır baş redaktorsunuz, əvvəl isə müxbir kimi çalışdığınızı qeyd etdiniz, sayta rəhbərlik etmək çətin olmadı ki?

– İş prosesləri bir qədər fərqlidir. İstər müxbir ol, istər baş redaktor olsun, yenə də operativlik, peşəkarlıq öz yerində qalmalıdır. Sadəcə, məsuliyyət bir qədər artıqdır. “Anspress.com” saytı ANS Şirkətlər Qrupuna aid olan bir qurumdur. On minlərlə oxucu bizdən xəbər gözləyir, bizə inanırlar, etibar edirlər. Bu insanların məsuliyyətini, onların etibarını dərk etməliyik ki, bunlar bizim üzərimizdədir. Buna görə də peşəkarlıq baxımından məsuliyyət bir qədər artır. Müxbir işləyərkən öz yazına cavabdehsənsə, baş redaktor kimi saytda gedən yazılara, onların keyfiyyətinə cavabdehsən.

– İstinad mədəniyyətindən danışdıq. Bu gün internet mediasının ən bəlalı yeridir. Həm də elə olur ki, hər hansı xəbəri hamıdan tez işləyib, araşdırıb qoyursan. Amma başqa sayt məlumatı səndən 4 saat gec tapıb yerləşdirir. Digərləri isə məhz həmin xəbəri sənə deyil, həmin 4 saat gec qoyan sayta istinadən verir. 

– Bu cür hallarla da qarşılaşırıq. Burada hər şey rəqabətdən asılıdır. Yəni bütün internet saytları, xəbər portalları, agentliklər çalışırlar ki, xəbəri ilkin, birinci versinlər. Amma bu haqq qazandırmır ki, informasiyanı, faktları dəqiqləşdirmədən verəsən ki, “mən birinci verdim”. Sonra da məlum olsun ki, informasiya səhv gedib. Belə şeylər tez-tez müşahidə olunur. Burada bir az qaranlıq məqamlar var. Yəni bu məsələ hələ tənzimlənmir. Tutaq ki, hər hansı informasiya ANS-in qaynar xəttinə və ya digər mənbələrdən daxil olur. İnformasiyanı dəqiqləşdiririk ki, Bakının hansısa mərkəzi küçələrinin birində avtomobil qəza törədib, onun sürücüsü Məmmədov Əhməd qəza nəticəsində həlak olub. Burada operativlik, xəbəri tez vermək xətrinə ola bilsin ki, yanlışlıq olsun, Məmmədov Əhməd yox, Əhmədov Məmməd getsin. Yəni məlum olur ki, bu informasiyada ad yanlış gedir. Məncə, bu tənzimlənməlidir.

Bir də görürsən ki, xəbər verilir, sonra o xəbər çıxarılır, dəyişdirilir. Bu təkzib sayılmalıdır, sayılmamalıdır? Yəni bunlar hamısı açıq qalan məqamlardır. Məncə, internet mediası haqqında qanun layihəsi olmalıdır.

– Mətbuat, televiziya ilə bağlı qanun layihəsi var. Amma internet mediası demək olar ki, müəyyən müddətdir ki, fəaliyyət göstərir, amma onunla bağlı hər hansı qanun qəbul edilmir. Bu barədə nə deyə bilərsiniz?

– Burada fikirlər haçalanır. Əslində qanun layihəsi olmalıdır. Biz çap nəşrindən, eyni zamanda televiziyadan informasiyanı daha tez veririk. İnternet mediasında hər dəqiqə, hər saniyə xəbər yenilənir, informasiya alınan kimi sayta qoyulur. Bu bizim üstünlüyümüzdür. Məncə, burada müəyyən dəqiqləşdirilmə, nizama salınma aparılmalıdır. Söz yox, internet mediası “KİV haqqında” Qanunun ümumi müddəalarına əsasən tənzimlənir. Amma bəziləri deyir ki, bizim üstümüzdə nəzarət olmasın, bəziləri deyir ki, olsa daha yaxşı olar. Bəziləri bunu senzura kimi qəbul edir. Amma baxır necə nəzarət. İnternet mediasının işinə müdaxilə olacaqsa, bu artıq senzuradır. Ancaq nəzarət hələ senzura demək deyil. Zamanla internet mediası ilə bağlı qanun qəbul olunacaq və internet media da qanunla tənzimlənəcək.

– Bu gün qanunvericiliyə görə, internet portalları mətbu orqan deyil və bir növ media saytları havada qalıb. Mətbuatın Mətbuat Şurası, televiziyaların isə Milli Televiziya və Radio Şurası var.

– Ola bilsin ki, bu ondan irəli gəlir ki, nisbətən yeni sahədir. Müəyyən müddət keçəndən sonra hər şey yoluna düşəcək. Cavan sahədir deyə burada müəyyən boşluqlar var, amma hesab edirəm ki, zaman keçəndən sonra hər şey yoluna düşəcək. Məncə, portalları Mətbuat Şurasından ayırmaq doğru deyil, çünki məqalə elə məqalədir, xəbər də xəbər. Fotosessiyalar da var, bir videoçarxlar əlavədir, onu da peşəkar televiziyalarla müqayisə etməyə dəyməz. Portallar bir növ Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanındakı teleqəzetlər kimi şeydir. Daha çevik qəzetdir. Zaman gələcək, biz portalları qəzetə bənzər, qatlanan folqaların üzərindən oxuyacağıq. Yəni dünyanın texnoloji mərkəzlərində bu istiqamətdə artıq iş gedir.  

– Bu gün internet məkanında yaradılan xəbər portalların sayı durmadan artır, çoxunda verilən informasiyalar isə “copy-past”dan başqa şey deyil. Ümumiyyətlə, bu cür tendensiya barədə nə deyə bilərsiniz?

– Bu, təbii prosesdir. Yeni hansısa bir internet sayt və ya hansısa qəzetin internet əlavəsi yaradılır. Amma müəyyən müddət keçəndən sonra onların hamısı ələnəcək. Əsas götürülən istiqamətdən asılıdır. Yəni sən hansı istiqaməti götürüb fəaliyyəti davam etdirirsən. Yox əgər qarşına məqsəd qoymusan ki, 3-5 ay içərisində saytı tanıtdırasan. Bunu etmək elə də çətin deyil. Məsələn, Gürcüstanda bir nazirin qızı soyunur və sən onun fotosessiyasını verərsən, başlığını da qoya bilərsən ki, “nazir qızı soyundu”. Bura baxış sayı, girənlər də çox olacaq. Amma söhbət ondan gedir ki, biri var oxucunu cəlb etmək, biri var oxucunu saxlamaq. Müxtəlif bu tipli başlıqlarla oxucunu cəlb etmək olar. Amma sən istər iqtisadiyyat, istər siyasət və ya başqa sahə olsun, istənilən halda ciddi informasiya verməlisən və oxucuları ucuz yolla cəlb etməli deyilsən. Keyfiyyətli, peşəkar yazı ortalığa çıxarmalısan ki, oxucu həm oxusun, həm də sənin yanında qalsın. Bizim vəzifəmiz eyni zamanda digər saytlara baxmaqdır. Bu yaxınlarda saytlara göz gəzdirirdim, birdən belə bir informasiya gördüm, xalq artistimiz Faiq Ağayev hansısa adalardan birinə istirahətə getmişdi, başlıq qoymuşdular ki, “Faiq Ağayev sağalmaz xəstəliyə yoluxdu”. Hamı üçün maraqlı idi ki, görəsən nə olub, nə vaxt öləcək. Bu cür üsulla oxucu saxlamaq məncə mümkün deyil.

Azərbaycan internet məkanında sanballı saytları izləyirik, bizdə əsas üstünlüyü ciddi yazılar, araşdırma yazıları təşkil edir. Vaxt var idi ki, biz şou-biznes xəbəri qoyurduq və ya hansısa bir elə bir xəbər qoyurduq ki, daha çox oxunurdu. Ancaq belə bir tendensiyanın şahidi oluruq ki, bizim müxbirlər hansısa araşdırma yazı verəndə o daha çox, hardasa 3-4 min dəfə oxunur. Bu böyük göstəricidir. Biri var, oxucunun ardınca düşüb gedəsən, biri var, onu yönləndirəsən. Məncə, daha çox ikinci istiqaməti götürüb oxucunu öz ardınca aparmaq daha yaxşıdır.

Əsas odur ki, verdiyin xəbərlə oxucunun inamını, etibarını qazanasan. Hesab edirəm ki, “Anspress.com” buna nail olub.

– Qeyd olunur ki, rus dilində olan saytlar Azərbaycan dilində olanlara nisbətən daha çox oxunur, rus dilində gedən xəbərlər daha çox izlənilir. Bu barədə siz nə fikirləşirsiniz?

– Sözün düzü, bu fikirlə o qədər də razı deyiləm. Əksinə, bu problem ola bilər ki, Azərbaycan və rus dillilər hansı informasiyanı oxumağa meyllidir. Bir də görürsən ki, 16-18, hətta kiçik yaşlılar saytlara girib özlərinə uyğun xəbərləri oxuyurlar. Amma Azərbaycan dilli mühitin informasiya almağa meylli olmaması fikri ilə razı deyiləm. Ola bilsin ki, ilk dəfə nümunə olaraq rus dilli informasiya mediası yarandı, amma müqayisə etsək Azərbaycan dilli internet media və qəzetlərin əlavəsi üstünlük təşkil edir. Demək tələbat var ki, yaradılır. Məsələn “Yeni Müsavat” qəzetinin həm tirajı çoxdur, həm də sayta girənlərin sayı. Yəni tələbat var ki, bu yaranıb və zaman keçdikcə də güclənəcək.

– Qeyd edilir ki, onlayn qəzetlər jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırır. Onlar şikayət edirlər ki, hər gün tələsik xəbər yazmalı olurlar və ciddi yazılar yazmağa vaxt tapmırlar

– Ola bilər. Qəzet günün axırında çapa gedir, burada rəqabət nisbətən aşağı səviyyədədir. Amma internet mediasında belə deyil, saniyə məsələsi var. Hər şey peşəkarlıqdan asılıdır. Əgər bir jurnalist peşəkardırsa, qısa zaman kəsiyində xırda bir informasiyanı standartlara cavab verən şəkildə hazırlayıb verə bilər. O haqq vermir ki, “mənə az vaxt verdilər, tez-tələsik yazırdım, faktları, məlumatları dəqiqləşdirmədən verdim”. Dəqiqləşdirilməmiş informasiya tez olsa da getməməlidir. Fikrimcə, informasiya dəqiq, qərəzsiz şəkildə verilməlidir.

– Çap media ilə internet medianın kəskin şəkildə rəqabəti gedir. Sizcə qalib məğlub məsələsi burada necə olacaq?

– Rəqabət olmalıdır. Amma hesab etmirəm ki, bu duel şəklində olmalıdır. Rəqabət hər zaman işin xeyrinə olub. Belə fikirlər səsləndirilir ki, internetin yaranması çap nəşrini sıxışdırıb çıxardacaq. İndi müəyyən qədər ola bilər ki, çap nəşrinin oxucularının sayı azalıb. Bu bilirsiniz nəyə bənzəyir, kino çıxanda deyirdilər teatrın ömrü bitdi, internet çıxanda televiziyanın... və hər şeyi internetdən əldə edib baxacağıq. Görürsünüz ki, hamısı da qalıb. Əslində internet medianın belə inkişaf edib, təşəkkül tapmağı çap nəşrlərin özünün işinə xeyirdir. Çünki onlar da artıq işlərinə daha məsuliyyətlə yanaşırlar. Çap mediasının üstünlüyü bizdən fərqli olaraq vaxtının daha çox olmasıdır. Onlar informasiyaya fərqli tərəfdən yanaşa bilərlər. İnformasiyanı elə fərqli formada işləyə bilər ki,  oxucu gedib onun çap nəşrini alar. Məncə onlar vaxt üstünlüyündən istifadə etsələr müəyyən qədər irəli gedə bilərlər.

– Bu yaxınlarda belə informasiya getdi ki, “New York Times” çap versiyası oxucuların sayının azaldığını, problemlər yarandığını və internet biznesini inkişaf etdirmək istiqamətində işlədiklərini qeyd etmişdi. Bizdə də bu tendensiya gedir. Oxucu 40 qəpik verib qəzet almaqdansa, informasiyanı xəbər portallarından götürməyə üstünlük verir.

– O fikirlərlə razıyam. Dünyada bu tendensiya müşahidə olunur. Biri var ki, pulumu verib qəzet almalıyam, biri də var ki, evimdə internet var mən qəzetlərin əlavələrini xəbər portallarını izləyib informasiya əldə edirəm. Bəzən belə fikir də səslənir ki, elektron kitab çıxır və çap kitabları sıradan çıxacaq. Amma biz görürük ki, bütün dünyada belə tendensiya gedir ki, kitab oxuyanların, həvəsli olanların sayı artır. Bu mütaliə mədəniyyətidir. Əgər bizdə belə bir tendensiya varsa ki, internet mediası daha çox oxunaqlıdır, məncə, bu internet mediası ilə çap mediasının problemi deyil. Bu xalqımızın mütaliə etməyinə aid olan bir məsələdir. Biz kitab almağa, mütaliə etməyə meylli deyilik.

Siz “New York Times”ı- misal göstərdiniz. Ola bilsin ki, o da bir strategiyadır, rəqabət mühitidir onlar da istəyirlər ki, yeni manevr edib uğur qazansınlar. Hələ bilinmir ki, onların o addımı onlara uğur gətirəcək, ya yox. Bunu zaman göstərəcək. İnsanların internetə can atmaları, qəzet, kitab, jurnaldan ayrı düşmələri mütaliə ilə bağlı problemdir, rəqabətə aid olmayan bir məsələdir.

– Bəs “Anspress.com” saytının özünə rəqib bildiyi saytlar varmı?


– Şübhəsiz var. Bir az öncə istinaddan danışdıq. Bizim məqsədimiz o olmayıb ki, bir az informasiyanı gec verək, amma özümüz verək. Məsələn, hər hansı hadisə olur və biz onu başqa yerdən istinadla götürüb verə bilərik və ya Fövqəladə Hallar Nazirliyinin saytı yarım gündən sonra verir. Biz də harasa istinad etməmək xətrinə yarım gün gözləyib veririk. Bu düzgün yanaşma deyil. Lazım olan vaxtda istinad etməyi bacarmaq da lazımdır, daha sonra xəbərin izinə düşüb onu inkişaf etdirmək də gərəkdir. Bunlar hamısı media da iş prinsipidir. Əgər buna peşəkarcasına əməl olunursa sonda nəticə yaxşı olur.

– Bəzən də olur ki, ciddi saytlar yeni yaranan sayta istinadla xəbər verir, sonra məlumat yalan olur və onu çıxardır.

– Hər xəbəri də götürüb istinadla vermək də düzgün deyil. Əgər biz o xəbəri istinadla vermişiksə, məsuliyyət tam onların üzərində qalmır. Xəbər saytın səhifəsində qalırsa, demək biz ona məsuliyyət daşıyırıq. Xəbəri götürməzdən əvvəl seçmək, ələkdən keçirmək lazımdır.

– Bu gün eyni zamanda sosial şəbəkələrdə kimlərinsə statuslarında yazılan məlumatlarda xəbər kimi işlənilir. Bunlar isə çox zaman yalan və ya şişirdilmiş informasiyalar olur.

– Əslində, bu da olmamalıdır. Bu sosial şəbəkələrin mediaya nüfuzu məsələsidir. Burada da ilk növbədə peşəkarlıq öndə olmalıdır. Sosial şəbəkədən xəbəri götürüb verə bilərsən, amma baxır hansını. Bu yaxınlarda Rusiyanın baş nazirin müavini Dmitri Raqozin Bakıya gəlməyini “Twitter” səhifəsində bölüşmüşdü. Biz də xəbər qoymuşduq ki, “hökümət başçısının müavini bu axşam Bakıda olacaq”. Burada qəbahət bir şey yoxdur. Amma bildirməlisən ki, bu, sosial şəbəkədə bildirilib. Əgər  işin xeyrinədirsə sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadə etmək olar.

Siz dediyiniz məsələ peşəkarlıqla bağlıdır. Sosial şəbəkələrə qadağaya ehtiyac yoxdur, çünki işin xeyrinə olmayacaq. İstər böyük araşdırma yazı, istər kiçik informasiya olsun, jurnalist etikası olmalıdır. “Anspress.com”-un səhifəsində jurnalist etikasından kənar bir şeyi müşahidə etmək mümkün deyil. Çərçivəni gözləmək lazımdır, hər bir şeyi xəbəri kimi vermək olmaz, dolğun, peşəkarcasına yanaşmaq lazımdır.

– Bu gün Azərbaycanda müxtəlif sahədə monopoliya yaradıblar. Xəbər sahəsində də bu müşahidə olunur. Hansısa dövlət qurumuna xəbərlə bağlı zəng edirsən, sənə demir, deyir “get filan agentlikdən götür”. Halbuki, sən onu iki dəqiqəyə sayta qoya bilərsən.

– Bu faktlarla kriminal müxbirlər daha çox rastlaşırlar. Operativ informasiya əldə etmək istəyirlər, tez polis idarəsinə, digər qurumlara zəng edirlər. Dəfələrlə bizim saytda dövlət qurumlarının, nazirlərin, dövlət komitələrinin mətbuat xidmətlərinin hansı səviyyədə işləməyi ilə bağlı araşdırma yazılar çıxıb. Yazılarımızdan birində də yadıma gəlir ki, jurnalistlər arasında sorğu keçirmişdik, 10-luq müəyyənləşdirmişdik. Elə dövlət qurumu da var ki, o yalnız bir jurnalistlə işləyir, ona informasiyalar verir. Mətbuat xidmətlərinin işinin adı mətbuatla işləməkdir, buna görə əmək haqqı alır. Onu dərk etsə, informasiyanın verilməsində problem yaratmaz. Dövlət qurumlarında kifayət qədər mətbuatla yaxşı ünsiyyətdə olan mətbuat xidmətləri var. Eyni mövzu ilə bağlı jurnalistlər dəfələrlə zəng edir və onlar da dəfələrlə eyni cümlələri təkrarlamaqdan yorulmurlar. Jurnalistə problem yaratmaq yox, əslində yazdığı məqalədə ona kömək etmək lazımdır. Sadəcə, jurnalist əgər hansısa saytda getmiş məlumatı təkrar soruşub öz adına yazırsa, bu, artıq plagiatdır. Yəni jurnalist eşitdiyi xəbəri inkişaf etdirməlidir və bunun üçün də, təbii ki, mətbuat xidmətlərinin sifətinin daş ifadəsinə dözməlidir.

– Başqa bir hal da müşahidə olunur ki, sən hansısa xəbəri hazırlamaq üçün dövlət qurumuna müraciət edirsən və sənə deyir, “bir saatdan sonra zəng et”. Bir saatdan sonra sənin xəbərini press-reliz formasında hazırlayıb bütün mediaya yayırlar.

– Bu, onların fəaliyyət prinsipi ilə bağlı olan məsələdir. Elə mətbuat xidməti tanıyırıq ki, jurnalistlə ünsiyyətdən qaçır və informasiyanı da yazılı formada verir. Əgər informasiyanı vaxtında yazılı formada verirsə, bu normaldır, yəni ən azından məlumatı verir.

– “Anspress.com” saytının fəaliyyət mexanizmi necədir?

– Bizdə 3 növbəli iş rejimi var, hətta gecə növbəsi də var. Bizi təkcə Azərbaycan internet məkanında deyil, dünyada xaricdə yaşayan azərbaycanlılar da izləyir. Biz onları da nəzərə almışıq ki, onlar istənilən vaxtı saytımıza baxsa xəbərləri yenilənmiş görəcək. Bəzi digər saytlarda iş səhər tezdən başlayanda bizdə artıq davam edir. Onlar axşamdan olan xəbəri tezdən verəndə biz artıq qabağa düşüb operativ şəkildə xəbəri gecədən vermiş oluruq. Sayta baxanda görmək olar ki, sutkanın 24 saatında yenilənir.

– Eyni zamanda jurnalistika sahəsində yayda işin nisbətən zəifləşdiyi də müşahidə olunur. Məsələn, başqa yerlərdə yayda əsas, maraqlı informasiyalar gedəndə, biz elə-belə xəbərlərlə günü yola veririk. Bu barədə nə deyə bilərsiniz?

– Təbiidir ki, jurnalist yazı işləyirsə, onun rəsmi tərəfini də öyrənməlidir. Bizdə müşahidə olunur ki, mətbuat xidməti məzuniyyətə gedir, yerində heç kim olmur, əslində düzgün deyil. Amma fərqlənənlər də var. Elman Abdullayev məzuniyyətə gedəndə hər zaman elektron adreslərinə informasiya göndərdiklərinə yazmışdı ki, bu vaxtdan bu vaxta məzuniyyətdə olacaq, onu əvəz edən şəxslər bunlardır və əlaqə nömrələri də budur. Səmayə Məmmədova harasa gedəndə rouminq xidmətini yazır ki, jurnalistlər əlaqə saxlaya bilsinlər. Bu işə məsuliyyətlə yanaşmaqdır. Sən mətbuat xidmətinin rəhbərisənsə, sən gedəndən sonra səni əvəz edəcək şəxs olmalıdır. İnformasiyanı əldə etmək, yazmaq cəhətdən problem yaşanmamalıdır. Əslində, oxucu qıtlığı problemi olmalıdır ki, bu da təbiidir.

– Hər şeydən danışdıq. Bəs fəaliyyətinizdə nə kimi yeniliklər gözlənilir?

– Bizdə yeniliklər mütəmadi olur. Son olaraq video xəbərlər yerləşdiririk. Təkcə ANS-in “İç xəbər”nin, “Xəbərçi”nin videoları yox, digər televiziyalarda gedən xəbərlərin video formasında veririk, əvvəlcə informasiya veririk, sonra video istinadı yerləşdiririk ki, izləsinlər. Sonuncu yenilik budur. Yeniliklər bizdə davam edir. Bu bizim işimizdir. Oxucular bizi izləsinlər, yenilikləri özləri şahidi olacaqlar.


Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı