Modern.az

Televiziyalar tamaşaçılara hansı yeniliklər vəd edir?

Televiziyalar tamaşaçılara hansı yeniliklər vəd edir?

24 Avqust 2012, 18:19

Qəzet və televiziyaların “ölü dövrü” olan yay fəsli artıq bitmək üzrədir. Sentyabr ayı media sahəsi üçün yeniliklər dövrü hesab olunur. Belə ki, yeni mövsümə  həm qəzetlər, həm də televiziyalar böyük həvəslə hazırlaşırlar. Maraqlıdır ki, televiziyalarımız hansı yeniliklərlə tamaşaçıların qarşısına çıxacaqlar?

  Modern.az mövzu ilə bağlı televiziyalar arasında kiçik bir sorğu aparıb.  

“Xəzər” TV-nin
 ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova bildirib ki, yay fəsli olduğu üçün bir sıra verilişlər tətilə çıxıb: “Həmin verilişlər sentyabr ayından başlayaraq yenidən davam edəcək. “Xeyir Körpüsü”, “Vətənim Azərbaycan”, “Həyata baxış”, Nuş olsun” kimi verilişlər tətildə idi. Yayda tətildə olmayan “Ay Zaur”, “Başla görək” verilişləri olub ki, onlar da sentyabr ayından qaldıqları yerdən davam edəcəklər”.  
M. Qulamovanın sözlərinə görə, formatında və məzmununda dəyişikliklər ediləcək verilişlər çoxdur. “Elə verilişlər var ki, onlar lazım olan reytinqi yığa bilmədikləri üçün həmin verilişlərin üzərində yenidən işlənilir. Seriallara gəlincə, “Həyat varsa”, “Qaynana”, “Aramızda qalsın” fəaliyyətləri yenidən davam etdirəcəklər .Sentyabr ayında sənədli filmlərə daha çox üstünlük veriləcək. Uşaqlar üçün yeni cizgi filmləri, digər tarixi, elmi, heyvan və bitkilər aləmi ilə əlaqəli olan sənədli filmlərin efirə getməsi gözlənilir. Sentyabrdan bu filmlərin tam olaraq dublyajı bitəcək. Çox güman ki, bu verilişlər oktyabr ayının əvvəllərindən efirə gedəcək. Sentyabrda çox böyük layihələrimiz var, amma detallarına varmaq istəmirəm. İctimai-siyasi, gənc liderlərlə bağlı layihələrimiz olacaq. Məişət mövzusunda, idman növləri, məşhur idmançıların  həyatı ilə bağlı layihələrimiz olacaq”.  

ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov qeyd edib ki, hər zaman olduğu kimi bu dəfə də ANS telekanalında ediləcək dəyişikliklər çoxdur: “Sentyabr ayında bizim kanalda verilişlərin əksəriyyətində dəyişikliklər olacaq. Yeni layihələrimiz var, amma hələ ki, bu layihələr təsdiqlənmədiyi üçün heç nə deyə bilmərəm”.  

ATV telekanalının
 Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu digər həmkarları ilə eyni fikirləri səsləndirib. Belə ki, tamaşaçılar ATV telekanalında da çox saylı yeniliklər görəcəklər:
“Bu mövsüm ediləcək yeniliklərimiz çoxdur. İstər xəbər, istər mədəniyyət, istərsə də şou sahəsində bol yeniliklər və dəyişikliklər olaraq, sadəcə indidən həyata keçirdiyimiz layihələr haqqında heç nə deyə bilmərəm, çünki rəhbərlik tərəfindən buna icazə yoxdur”.  

Space telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə bildirib ki, telekanalda yeniliklərin olacağı mütləqdir: “Yeniliklərimiz var, amma indidən heç nə demək istəmirəm”.  

Nihadə Eyyubova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir