Modern.az

Hüseyn Arifin lətifələri – VIII

Hüseyn Arifin lətifələri – VIII

25 Avqust 2012, 12:38

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

*** 


Bir gün Hüseyn şair dostlarından biri ilə rastlaşır. Hal-əhval tutur, uşaqları soruşur və axırda:
- Ə, xanımın necədir, işləyirmi?
- Yox, a Hüseyn qağa, evdə uşaqlara baxır.
- Düz eləyirsən, arvad işləməsə, yaxşıdır.
Başqa mövzuya keçirlər. Beş dəqiqədən sonra yenə soruşur:
- Xanımın işləyirmi?
Oğlan qəsdən tərsinə cavab verir.
- Əlbəttə, Hüseyn qağa, ali təhsili var, niyə işləməsin.
- Başın haqqı, düz eləyirsən, arvad işləsə, yaxşıdır. Evdə oturanda arvadlığını da itirir.

***
Bir gün telefon yenə zəng çaldı. Dəstəyi götürdüm. Kefi kök idi. O, həmişə təzə şeir yazanda kefi kök olur. Özü də mütləq şeirlərdən telefonda mənə oxuyur.
- A qoca, bilirsən nə var, dünən idarədə oturmuşdum. Aşıq Pərinin sazlı qızları da yanımda. Birdən qapı açıldı, Zəlimxan Yaqub girdi içəri. Bığları da maşallah, üzünün yarısını tutub. Atıldı boynuma, o üzümdən, bu üzümdən marçhamaçla öpməyə başladı. Dedim “dünyanın işinə bir bax, xalxı gözəllər öpür, məni də Zəlimxan Yaqub”.
Ona bir şeir yazmışam, qulaq as: 
 
Vaxt olur, məclisim meyli-məzəli,
Vaxt olur, çiynimdə payız xəzəli,
Nadanın birini dünya gözəli,
Hüseyn Arifi Zəlimxan öpür.

***

Aşıqlar Birliyinin binası ilə Yazıçılar İttifaqı yanaşı idi. Arada bircə divar vardı. Bir gün Hüseyn mənə zəng vurdu.
- A qoca, görürəm yorulubsan, özün də xəstə təhərsən, sənə kömək eləmək istəyirəm.
- Nə yolla, a kafir?
- Qərara almışam ki, ara divarı açım, Yazıçılar İttifaqını qatım Aşıqlar Birliyinə. İkisinə də özüm rəhbərlik edim.
- Lap ağllı fikirdir. Mənim də canım qurtarar. Razılaşdıq. Ertəsi gün təzədən zəng vurdu.
- A qoca, bütün gecə yatmamışam. Fikrmi dəyişdim.
- Niyə?
- Mənim dörd yüz əlli dəlim var, sənin də üç yüz əllli. Bunları birləşdirsək, bu dəlilərin öhdəsindən gələ bilmərəm.
 
***

Bir səhər tezdən telefon zəng çaldı. Dəstəyi gec götürdüm. Səsimdən hiss etdi ki, yuxudan durmuşam:
- Ə, a qoca, deyəsən yatırdın?
- Bə, neyləyim, a kafir, özün demirsənmi, İsmayıl Şıxlı yata-yata feodalizmdən birbaşa kommunizmə keçmək istəyir.
- İndi sözümü geri götürürəm. Yaxşı eləyib yatırsan. Onsuz da kommnizmdən bir şey çıxmadı. Deyəsən geri qayıdası olduq.
 
***

Hüseyn bir gün yoldaşlarımızdan birinə zəng vurur. Xeyli danışdıqdan sonra sözarası soruşur:
- Qoca necədir, bizim İsmayılı deyirəm.
- Özünü pis hiss edir, xəstədir.
- Niyə?
- Şəkəri qalxıb.
- Şəkəri qalxmasın, neyləsin. Gündə hər oturuma bir sini qurutlu xəngəl yeyəndə elə olacaq.
 
Ardı olacaq...

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir